“Avstriya Hava Yolları“ rüb ərzində 100 milyon avro zərərə düşüb- Pandemiya ilə əlaqədar

“Avstriya Hava Yolları“ rüb ərzində 100 milyon avro zərərə düşüb- Pandemiya ilə əlaqədar

Azərtac xəbər verir ki, bu ilin ikinci rübündə şirkətin dövriyyəsi də kəskin azalaraq 35 milyon avro təşkil edib (ötən ilin müvafiq dövründə isə 594 milyon avro). Dövriyyənin 95 faizini itirən AUA yalnız iyunun 15-də uçuşlara icazə verildikdən sonra müəyyən qədər vəsait əldə edə bilib.

Aviaşirkətdən bildirilib ki, ikinci rüb ərzində dörd milyon sərnişin əvəzinə cəmi 53 min sərnişinə xidmət göstərilib. Şirkətin maliyyə şöbəsinin rəhbəri Volfqanq Yaninin sözlərinə görə, normal fəaliyyət dövründə AUA bu qədər sərnişini cəmi 1,5 gün ərzində daşıyır.

Aviaşirkətdə yaranan maliyyə böhranı ötən aylarda Avstriya dövlətinin maliyyə yardımı və kreditlər ayırması ilə nəticələnmişdi. Məhz bu yardımlar sayəsində şirkətin əməkdaşlarının kütləvi şəkildə iş yerini itirməsinin qarşısı alına bilmişdi. Son 6 ay ərzində AUA əməkdaşlarının sayı 6999 nəfərdən 6756 nəfərə düşüb.

Mənbə: strateq.az