Dövlət Nef Şirkətinin qazlaşdırma oyunu: Qazsız qalan 5 faiz və daha 100 milyonluq büdcə...

Dövlət Nef Şirkətinin qazlaşdırma oyunu: Qazsız qalan 5 faiz və daha 100 milyonluq büdcə...

Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədə bir sıra dövlət şirkətlərinin fəaliyyətindən narazılığını ifadə edərək onları tənqid edib.

O qeyd edib ki, dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. Tənqid olunan şirkətlərdən biri də Dövlət Neft Şirkəti (ARDNŞ) olub. Şərkətin fəaliyyətindən danışan ölkə başçısı deyib:

“Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur? Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir”.

Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiqlədiyi, regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət proqramının əsas müddəalarından biri də qazlaşdırma olub. ARDNŞ 2018-ci ilin avqust ayında ölkə ərazisinin 93 faizinin qazlaşdırıldığını və ilin sonunadək bu göstəricinin 95%- ə çatdırılacağını vurğulayıb. Lakin bundan sonra vəsait ayrılsa da, həmin faiz göstəricisində dəyişiklik olmayıb. İndi də ölkə başçısı yenidən 100 milyon manat vəsait ayrılacağını qeyd edib.

Məsələyə münasibət bildirən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Cebhe.info-ya açıqlamasında deyib ki, problemin həlli üçün “Azəriqaz” İstehsalat Birliyi Dövlət Neft Şirkətinin tərkibindən çıxarılmalıdır:

 

“Ümumiyyətlə, “Azəriqaz” Dövlət Neft Şirkətinin tərkibində olmalı deyil. 2009-cu ildən “Azəriqaz” ölkə ərazisinin 93 faizinin qazla təmin edildiyini və ilin sonuna 95 faizə çatdıracağını bildirir. Lakin heç nə dəyişmir. Heç olmasa bir dəfə bu göstərici yuxarı qalxmadı. Bu qazlaşdırmanın monitorinqini aparan da yoxdur. Lerik, Yardımlı zonasında elə kəndlər var ki, işıq, qaz xətti də yoxdur. Yaxud xətt olsa da, qaz və ya işıq enerjisinin özü yoxdur. Bizim 5 il əvvəl dediyimizi indi dövlət başçısına çatdırırlar. Əvvəl QHT-lər vardı ki, bu özbaşınalıqları və korrupsiya faktlarını araşdırıb yazırdı və müvafiq qurumlara da göndərirdi. Həmin qanunsuz işlərlə məşğul olan məmurlar bir olub o QHT-ləri məhv etməyə başladılar. “Azərqaz”a görə, “SOCAR-Tower”də Neftin, qazın nəqli və neft təsərrüfatı üzrə vitse-prezident Daşqın İsgəndərov məsuliyyət daşıyır. Digər tərəfdən isə “Azəriqaz”ın özü də məsuliyyət daşıyır. Onun da bəhanə yeri var ki, ayrılan vəsait birbaşa “Azəriqaz”ın hesabına otuzdurulmayıb. Bunun da hesabatları müxtəlif formada aparılır. Bu hesabatlar isə SOCAR-dan başlayır”.

M. Qəhrəmanlı ölkədə ilkin olaraq qaz itkisinin araşdırılmasının vacib olduğunu və qazlaşdırılma ilə bağlı yalan statistikalar verildiyini də vurğulayıb. Bu istiqamətdə prezidentin köməkçisi Şahmar Mövsümovun müvafiq addımlar ata biləcəyini qeyd edib:

“2006-cı ildən bəri hər il Rövnəq Abdullayevin qazlaşdırma ilə bağlı çıxışlarını və mətbuatın bu barədə yazılarını izləyirəm. Məlumata görə, 2012-ci il 1 iyun tarixinə respublikada qazlaşdırılma səviyyəsi 75,9 faizə, çatdırılıb. Dövlət tapşırığına uyğun olaraq, 2013-cü ilin sonunadək ölkənin qazlaşdırılması səviyyəsinin 95 faizə çatdırılması üçün müvafiq tədbirlər həyata keçirildiyi qeyd olunur. 25 noyabr 2012-ci ildə “Azəriqaz” İstehsalat Birliyinin sədr müavini Nazim Səmədzadə deyib ki, ölkə ərazisində qazlaşdırma işi 74 faiz yerinə yetirilib.2013-cü ilin sonuna qədər bu proses 95 faizə çatdırılacaq. 2016-cı ildə mətbuat ölkə ərazisinin qazlaşdırılmasının 90 faizə çatdırılacağını yazıb. 20 aprel 2018-ci ildə SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov Energetika Nazirliyində kollegiya iclasında bildirib ki, ölkə üzrə qazlaşdırma 93.9 faizə çatıb. 27 avqust 2018-ci ildə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində dövlət başçısına məlumat verərkən deyib ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq bu göstərici 93 faizə çatıb və əlavə edib ki, bu göstərici ilin sonunadək 95 faizə çatdırılacaq. 16 noyabr 2018-ci ildə "Azəriqaz" İstehsalat Birliyində keçirilən mətbuat konfransında Əkbər Hacıyev bildirib ki, ilin sonuna kimi isə ölkədə qazlaşdırılma 95,7%-ə çatdırılacaq.2018-ci ilin dekabr ayının 1-də “Azəriqaz”ın mətbuat katibi məlumatında qeyd edib ki, ölkə ərazisində qazlaşdırma səviyyəsi 95.2 faizə çatdırılıb. 22 avqust 2019-cu ildə bu göstəricinin 96 faizə yaxınlaşdığı qeyd olunub. 4 sentyabr 2019-cu ildə son statistik göstəricilərə görə, “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov da eyni fikri təkrarlayaraq qazlaşdırmanın 96 faizə yaxınlaşdığını bildirib. Nəhayət, 28 dekabr 2019-cu ildə ölkə üzrə əhali sektorunun qazlaşdırma səviyyəsinin 96 faizə çatdırıldığı bildirilib. Yaxşı burada kim yalan danışır? Çoxlu qaz itkisi və yayınmalar olub. Lakin bunlar niyə indi yada düşür? 2019-cu ilin may ayında ölkə başçısı tənqid etdi ki, “Azəriqaz” özünü yaxşı aparmır. Bundan sonra da heç nə etmədilər. Sadəcə Əkbər Hacıyevi çıxarıb başqa şirkətə rəhbər təyin etdilər. İndiyədək hansı dövlət şirkəti yoxlanılıb və qanunsuzluqlara görə barəsində cinayət işi qaldırılıb? Ayrılan vəsaitin hara sərf olunduğunu yoxlayıblarmı? Statistika Komitəsinin verdiyi hesabatlar reallıqla tutuşdurulubmu? İllərdir “kreslosuna yapışmış” məmurları yaxşı şəkildə təftiş edib ortaya qoymaq lazımdır. İndi Prezidentin köməkçisi Şahmar Mövsümovun çox şeydən məlumatı var. Çünki 15 may 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsində çalışıb. Eyni zamanda, 2006 - 2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Hökumət Komissiyasının sədri kimi çox mətləblərdən xəbərdardır. O, indi bu məsələni qaldıra bilər ki, Dövlət Neft Şirkətində problem nədir? Ölkə ərazisinin 93 faiz qazlaşdırıldığı deyiləndən sonra da 100 milyon manat pul ayrılıb. Bəs illər uzunu bu rəqəmlər niyə dəyişmir? Xeyli qaz itkisi var. Hətta 2018-ci ildə buna görə əhalini günahlandırdılar. Güman ki, kəmərlər çəkilsə də, qaz itkisi çox olduğu üçün təminat aşağı səviyyədədir. Ona görə də qazla təmin edə bilmirlər. İlk növbədə bu qaz itkisi araşdırılmalıdır”.

Düzdür, indi “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri dəyişib. Ona görə də yenilik gözləyənlər çoxdur. Amma illərlə yığılıb qalmış problemi həll etmək o qədər də asan deyil. Üstəlik isə “Azəriqaz” İstehsalat Birliyi SOCAR-a tabedir və fəaliyyətinə görə o qrumdan razlıq almalıdır. Belə də yenə məsuliyyət SOCAR-ın və onun rəhbərinin üzərində qalır.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info