"Dövlət şirkətlərinə ayrılan vəsait onların səmərəliliyi ilə üst-üstə düşmür" - Yusif Bağırzadə

"Dövlət şirkətlərinə ayrılan vəsait onların səmərəliliyi ilə üst-üstə düşmür" - Yusif Bağırzadə

“Prezidentin videomüşavirədə səsləndirdiyi tənqidi fikirlər müvafiq qurumların araşdırmaya başlaması üçün əsas olmalıdır”.

Bu fikirləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə prezident İlham Əliyevin videomüşavirədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. O bildirib ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür.

“Azərbaycanın ən iri və ən çox gəlir gətirməli olan şirkətlərinin və dövlət qurumlarının ziyanla işləməsi heç cürə başa düşülən deyil. Prezident haqlı olaraq Dövlət Neft Şirkətinə, Azərbaycan Dəmir Yolları QSC-yə və AZAL-a qoyulan sərmayələrin özünü doğrultmadığını bildirir. Digər dövlət şirkətlərində də vəziyyət elə buna oxşardır. Odur ki, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik.

Bu gün dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Ayrı-ayrı şirkətlərə verilən vəsaitin həcminə baxdıqda görürük ki, bu qədər vəsaitlə böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki bu şirkətlərdə bir arxayınlıq var. Onlar arxayındır ki, nə olmasından asılı olmayaraq, dövlət onların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır”, - deyə Y.Bağırzadə qeyd edib.

Politoloq bildirib ki, Prezidentin də qeyd etdiyi kimi, dövlət şirkətləri icra etdikləri layihələrdə də israfçılığa yol verirlər. Olduqca böyük maliyyə vəsaiti tələb edən layihələr təqdim olunur, vəsait ayrılır və sonda məlum olur ki, layihənin heç bir səmərəsi yoxdur: “Misal üçün AZAL-ı götürək. 1993-cü ildən bəri 27 il ərzində AZAL hər ili ziyanla başa vurub və dövlətdən ayrılan dotasiya ilə fəaliyyət göstərib. Bu isə heç bir halda başa düşülən deyil. Bu şirkətin bütün təyyarələri dövlət tərəfindən alınıb. Aeroportlar dövlət tərəfindən tikilibdir. AZAL dünyada ən bahalı sərnişin və yük daşıyan şirkətlərdən biridir. Qiymətlər o qədər bahadır ki, tələbələr, pensiyaçılar və digər bu kateqoriyadan olan şəxslər bilet almaqda çətinlik çəkirlər. Sual yaranır. Necə olur ki, bir neçə dəfə ucuz qiymətə sərnişin və yük daşıyan şirkətlər zərərlə işləmir, amma AZAL mütəmadi olaraq öz hesabatlarında ili zərərlə başa vurduğunu qeyd edir? Təyyarəsi dövlət büdcəsi hesabına alınan, hava limanı dövlət büdcəsi hesabına tikilən, yanacağı özümüzdən olan və kifayət qədər yüksək qiymətə daşımaları həyata keçirən şirkət niyə zərərlə işləməlidir? Demək ki, təqdim olunan rəqəmlərdə yanlışlıq var və bu yanlışlığı yoxlamaq müvafiq strukturların üzərinə düşür. Prezidentin də qeyd etdiyi kimi dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və bu nəzarətsizliyin davam etdirilməsinə imkan vermək olmaz".

Mənbə: axeber.az