Astara: günəşə boylanan şəhər

Astara: günəşə boylanan şəhər

Bu diyarın tarixi soraqları əsrlərin o üzündən gəlir. Amma Azərbaycan Respublikasının xəritəsinə ayrıca rayon kimi 90 il öncə, 1930-cu ildə düşüb. Astaranın inzibati mərkəzi isə 1945-ci ildə rayon tabeli şəhər statusu alıb. Deməli, bu il rayonun da, şəhərin də özünəməxsus yubiley ilidir. Qədim diyar əsrimizin əvvəllərindən ilbəil sürətlə böyüyüərək gözəlləşir. Astara vətənpərvər oğullar yurdudur. Sovet İttifaqı Qəhrəmanları – şərqşünas alim, tarixçi Ziya Bünyadov, Mirzə Cəbiyev və İlya Kaverin, Azərbaycanın Milli Qəhrəmanları Yalçın Nəsirli və Rövşən Abdullayev bu torpağın şan-şöhrətli yetirmələridir. Qarabağ uğrunda döyüşlərdə 84 nəfər astaralı igidlik nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalıb.

Astaranın tərəqqisi daim ölkə rəhbərliyinin diqqətindədir. Təkcə 2019-cu ildə Prezident İlham Əliyev rayonun inkişafına dair 4 sərəncam imzalayıb. Bu sərəncamlar yol və elektrik xətt təsərrüfatının yenilənməsinə, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Rayonda əsaslı tikinti, abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Astara şəhərində 48 mənzilli yaşayış binası tikilərək istifadəyə verilib, torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş şəxslər üçün 36 mənzilli binanın, Ərçivan qəsəbə uşaq bağçası üçün 80 yerlik binanın tikintisi başa çatmaq üzrədir. Keçmiş peşə məktəbinə məxsus 3 bina Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına götürülüb, onların dam örtükləri və fasadı, həmçinin Səməd Vurğun küçəsində 3 saylı ictimai yaşayış binasının fasadı əsaslı təmir olunub. Rayonda mənzil növbəsinə götürülmüş, imtiyazlı kateqoriyadan olan 6 şəhid ailəsi və 5 Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evləri tikilib. Cari ildə bu kateqoriyadan olan 14 ailə üçün fərdi yaşayış evinin tikintisi ilə bağlı hazırlığa başlanıb.
Məktəb tikintisi diqqət mərkəzindədir. Burzubənd kənd tam orta məktəbi üçün 364 şagird yerlik yeni məktəb binasının inşası başa çatdırılıb. Ötən il Qapıçıməhəllə kəndində 96, Lomin, Dolu, Şəmətük və Düriyyə kəndlərində 56 şagird yerlik modul tipli yeni məktəb binaları tikilərək istifadəyə verilib. Ölkə rəhbərinin 6 may 2020-ci il tarixli sərəncamına əsasən, rayonun çətin relyefdə yerləşən yaşayış məntəqələri olan Şəvqo və Xıçaso kəndlərinin hər birində 40 şagird yerlik modul tipli ibtidai məktəblər quraşdırılır.
Avtomobil yollarının yenidən qurulması beynəlxalq əməkdaşlıqda, yüklərin tranzit daşınmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, 2020-ci ildə də bu istiqamətdə mühüm layihələr reallaşdırılacaq. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda da bu məsələyə toxunub: “Avtomobil yollarının çəkilişi ilə bağlı bir neçə önəmli layihə həyata keçirilir. Astara-İran sərhədi avtomobil yolunun tikintisi də gündəlikdədir. Astara-İran sərhədi avtomobil yolu hazırda Astara şəhərinin içərisindən keçməklə vətəndaşlara narahatlıq törədir. Digər tərəfdən yükburaxma qabiliyyəti aşağı düşür.” Ona görə Astara şəhərinə girmədən rayonun ərazisindən İran sərhədinədək yeni magistral yolun çəkilişi, o cümlədən avtomobil körpüsünün tikintisi nəzərdə tutulur. Layihənin ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Hazırkı pandemiya şəraitində də Astara öz inkişafından qalmır. İqtisadiyyatın əsas sahələri üzrə istehsal artmaqda, camaatın güzəranı daha da yaxşılaşır. Rayon rəhbərliyi koronavirusla mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrə dəfələrlə ərzaq yardımı göstərib. 3000 nəfəri əhatə edən, zəruri ərzaq məhsullarından ibarət olan yardımlar ahıl şəxslərə, tənha, xəstə və aztəminatlı vətəndaşlara evlərində çatdırılıb. İcra hakimiyyəti tərəfindən bu qəbildən olan sakinlər daim diqqətdə saxlanılır.
Bundan əlavə, rayon icra hakimiyyəti başçısının tapşırığı ilə şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə yaradılmış mobil qruplar tərəfindən sakinlərlə mütəmadi olaraq Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri, koronavirus xəstəliyinin simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair məlumatlandırma, Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri barədə təbliğat işləri aparılması davam etdirilir. Eyni zamanda rayon ərazisində təlimata uyğun dezinfeksiya işləri də daim diqqətdə saxlanılır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifahının yaxşılaşdırılması yönündə tədbirlər davam edir. Bu il Azəriqaz İstehsalat Birliyi tərəfindən rayonun dağlıq ərazidə yerləşən Deqadi, Səlivə, Noyabud və Vənəşikəş kəndlərinin qazlaşdırılması nəzərdə turulmuşdur.
Rayon rəhbərliyi yol quruculuğu işlərini hər zaman diqqətdə saxlayır və bu sahəyə ciddi nəzarət edilir. Hazırda Astara şəhərində 11,6 kilometr uzunluğu olan, 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolunda genişmiqyaslı yenidənqurma işləri aparılır. Astara şəhərinin ayrı-ayrı küçə və yollarında əsaslı təmir işləri görülür. Şəhərin H.Əliyev prospektində 20 ədəd işıq dirəyi quraşdırılıb. Ərçivan və Kijəbə qəsəbələrində də asfaltlama geniş vüsət alıb. Kijəbə -Maşxan yolunda başlanılmış təmir işləri yekunlaşdırılıb. Şahağacı, Siyakü Siyəkeş yolları da payız-qış mövsümünə təhvil veriləcək.
Ojəkəran kəndində həkim məntəqəsi üçün yeni bina tikilir. Rayonda aparılan abadlıq- quruculuq işlərinin daha bir istiqaməti yaşayış binalarının təmiridir. Şəhərin S.Vurğun, M.Araz küçələrində beşmərtəbə binaların damları və fasadları əsaslı təmir olunur. Bərpa işlərinin payız-qış mövsümünə yekunlaşdırılması nəzərdə tutulub.
Park-bulvar kompleksinin ətrafında müasir turizm infrastrukturu – mehmanxana və hotellər tikmək, idman-əyləncə obyektləri yaratmaq, çoxmərtəbəli ictimai yaşayış binaları, iaşə obyektləri inşa etməklə yeni iş yerlərinin açılması üçün tədbirlər reallaşdırılır. Bundan əlavə burada yeni avtodayanacaqlar və səkilər salınıb, köhnə oturacaqlar yeniləri ilə əvəz edilib.
Özəl sektorda da tikinti-quruculuq işlərinin aparılması üçün sahibkarlara hər cür imkan yaradılıb. Şəhərin mərkəzində tikilib istifadəyə verilən 9 mərtəbəli ictimai yaşayış binası, park-bulvar kompleksinə yaxın ərazidə tikilən kotteclər, burada inşa edilən dördulduzlu hotel, ayrı-ayrı ərazilərdə salınan turizm istirahət yerləri, onlarla müasir tipli ticarət evi və digər tikililər dediyimizə sübutdur.
Hazırda şəhərin park bulvarla üzbəuz ərazisində 20 bina tikilir. Bu binalar ikimərtəbəli, birtipli və 8 otaqdan ibarət yaşayış evləri olacaq. Burada sanki yeni bir Olimpiya kəndi qurulur. Günəşə boylanan cənub şəhəri beləcə təbəssüm saçmaqdadır.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

Mənbə: xalqqazeti.com