“Azərbaycan bu layihədən 100 milyarddan artıq gəlir əldə edə bilər” - Millət vəkili

“Azərbaycan bu layihədən 100 milyarddan artıq gəlir əldə edə bilər” - Millət vəkili

"Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması Azərbaycanın enerji tarixində mühüm mərhələlərdən biri kimi xarakterizə olunur. Bu Azərbaycanın enerji ölkəsi olaraq öz mövqeyini möhkəmləndirdiyini sübüt edir. Azərbaycanın enerji sektoruna xarici şirkətlərin marağının da yüksək olduğunu da göstərmiş olur.

Bu fikirləri Teleqraf.coma açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Qeyd edib ki, sözügedən qurğu azərbaycanlı mütəxəsislər tərəfindən hazırlanıb.

Millət vəkili Azərbaycanın özünün enerji investisiyası həyata keçirən ölkələrdən birinə çevrildiyini də vurğulayıb.

İqtisadçı deputat bildirib ki bu addım Azərbaycanın enerji resursalarının istifadəsində xarici şirkətlərlə birlikdə əməkdaşlıqla etməklə yanaşı həm də öz imkanlarından istifadə anlamına gəlir:

“Eyni zamanda cənab prezidentin təşəbbüsü ilə və siyasi iradəsi ilə reallaşan layihələr yalnız region üçün deyil. Eyni zamanda qitə və Avrasiya üçün vacib layihələrdən hesab olunur. TAP Azərbaycanın təşəbbüsü ilə reallaşmaqda olan nəhəng bir layihədir”.

Deputat Cənub Qaz Dəhlizinin sonuncu elementi olan TAP kəmərinin reallaşmaq və inşaatının başa çatmaq üzrə olduğunu da diqqətə çatdırıb:

“Cənub Qaz Dəhlizi Azərbaycan mavi yanacağının Türkiyə və Avropa bazarlarına çıxarılmasını təmin edir. Artıq Türkiyə bazarına mavi qazın çıxarılması təmin edilib. Avropa bazarlarına, Cənubi və Mərkəzi, Şərqi Avropaya Azərbaycan mavi qazının nəqli 2020-ci ilin sonu, 2021-ci ildə həyata keçiriləcəkdir. Bu da imkan verəcəkdir ki, Azərbaycan əlavə olaraq Türkiyə bazarına 7 milyard kub metr, Avropa bazarlarına birinci mərhələdə 10 milyard kub metr, ikinci mərhələdə isə illik 20 milyard kub metr mavi qaz nəql etsin. Bu da Azərbaycanın məhz bu layihədən mövcud qiymətlərlə 100 milyard dollardan artıq gəlir əldə etməsinə imkan yaradacaq”.

Vüqar Bayramov qeyd edib ki, enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanın strateji mövqeyinin möhkəmlənməsinə xidmət edir.

İqtisadçı ekspert dövlət gəlirlərimizin artması və enerji gəlirlərimizin diversifikasiyası imkanlarının da genişlənəcəyini vurğulayıb:

“Bu eyni zamanda sosial və məşğulluq baxımından vacibdir. Məhz bu hadisə onu təsdiq edir ki, Azərbaycan enerji ölkəsi olaraq mövcud imkanlarının genişləndirməkdədir. 90-cı illərdə kəşfiyyatı yarımçıq saxlanılan yataqlarda kəşfiyyat işlərinin davam etdirilməsi və böyük həcmdə enerji resurslarını hasil etmək imkanları güclənir. Bu da təbii ki, ölkənin artan qüdrətinin, iqtisadi gücünü bir daha nümayiş etdirməsi anlamına gəlir”.

 

Mənbə: teleqraf.com