Sosial evlərin sosial problemləri - Su yoxdur, kanalizasiya xətti sıradan çıxıb...

Sosial evlərin sosial problemləri - Su yoxdur, kanalizasiya xətti sıradan çıxıb...

Əhali arasında "sosial evlər" kimi tanınan MİDA-nın Yasamal Yaşayış Kompleksi ilə bağlı narazılıqlar səngimək bilmir.

Yenisabah.az-a daxil olan məlumata görə, kompleksin ərazisində yaşayan sakinlər yay günlərində ciddi su problemi ilə üzləşirlər. Sözügedən ərazidə yeraltı su və kanalizasiya xətlərinin tez-tez partlayaraq sıradan çıxır:

“Kompleksin həyəti və binaların zirzəmisi su altında qalır. Demək olar ki, bu problem hər həftə yaranır. Sakinlər artıq ordan-burdan su daşımaqdan təngə gəliblər. Yasamal yaşayış kompleksinin yeraltı su və kanalizasiya xətlərinin cəmi 2 ildir çəkilməsinə baxmayaraq, tez-tez sıradan çıxmasının səbəbi odur ki, bu xətləri çəkən şirkətlər işi keyfiyyətsiz yerinə yetiriblər. Çoxlu yeyinti halları baş verib, ona görə də yüksək təzyiqə davamsız plastik boru kəmərlərindən istifadə olunub. Bunu təmirə gələn "Azərsu"nun işçiləri dəfələrlə sakinlərə deyiblər”.

Sakinlərin digər narazılığı mənzillərdə tikintidən qalan çoxlu problemlərlə bağlıdır. Belə ki, mənzillərin santexnik işləri çox keyfiyyətsiz görülüb:

“Yuxarı mərtəbələrdəki mənzillərdən aşağı mərtəbələrə sızmalar baş verir. Bu da otaqların divarlarının nəm çəkməsinə səbəb olur. Sakinlərin dəfələrlə kommunal şöbəyə müraciətlərinə baxmayaraq, heç bir tədbir görülmür. YYK-da həyat iflic dərəcəsindədir”.

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi ilə əlaqə yaratmaq cəhdimiz baş tutmayıb.

Sayad Həsənli

Mənbə: yenisabah.az