“Payızda yenə sərt karantin olsa, batarıq...” - PROBLEM

“Payızda yenə sərt karantin olsa, batarıq...” - PROBLEM

“Mövsümün axırıdır. Əlimizdə qalan, satılmayan nə mallar varsa, hamısını dəyər-dəyməz qiymətinə veririk. Nə edək, başqa yolumuz yoxdur.
Qabaqdan payız gəlir, yeni mövsüm malları olacaq. Ona görə yay geyimlərini mayasından ucuz qiymətə qoymuşuq ki, əlimizdə qalmasın".
Bu sözləri “Yeni Müsavat” üçün geyim dükanlarından reportaj hazırlayarkən həmsöhbət olduğumuz satıcı Gülnar dedi.
Onun dediyinə görə, insanların çoxu yay geyimləri almağa üstünlük vermir: “Çünki avqustun ortasıdır, bir azdan yay qurtarır, kimdir təzə paltar alan?
Alanlar da ucuz qiymətə olan mal axtarır, bəziləri gələn ili fikirləşən adamlardır. Neyləyək, bu ilimiz belə getdi. İndi üç gündür dükan açılıb, çalışırıq ki, ayın axırına qədər nəyimiz varsa, sataq getsin".
Digər dükanların satıcıları da onunla həmfikirdirlər. Deyirlər ki, avqustun 10-dan mağazalar işini bərpa edib və müştərilər ucuz malları daşıyıb aparırlar.
Hazırda ən çox alıcılıq qabiliyyəti yüksək olan yerlər qadın geyim dükanlarıdır.
Həmçinin, çanta, ayaqqabı satışı olan mağazaların işi də canlanıb. Amma hansı dükana baş çəkirsən, yeni mal görmək mümkün deyil.
Satıcılar bir ağızdan dua edirlər ki, payızda koronavirusun ikinci dalğası gəlməsin, sərt karantinə qayıtmağa məcbur olmayaq:
“Biz planımızı payıza qurmuşuq. Gözləyirik ki, Türkiyədən, Çindən karqo ilə payız və qış mallarımızı vursunlar, heç olmasa zərər-ziyanımızı birtəhər qarşılayaq.
Əgər yenə qışda sərt karantin olsa, hər yeri bağlamalı olsalar, biz batarıq. Necə ki, elə indi batmaqdayıq, amma hələ gücümüzü toplayıb üzürük, yenə karantin olsa təmiz boğulacağıq. İnşallah ki, payızda bu müsibət başımıza gəlməz".
Mağazalarda qiymətlərə gəlincə, ucuz ayaqqabılar, köynəklər, şalvarlar tapmaq olur. Müştərilər isə daha çox “İnstaqram” səhifəsindən hansı mağazalarda endirim olduğunu izləyərək həmin ünvanlara axışırlar.
Satıcılar deyirlər ki, sərt karantin dövründə malların heç 10 faizini onlayn qaydada sata bilməyiblər:
“Əvvəla, insanların çoxu işə getmir, evdə oturub, kimə təzə geyim lazımdır? İkincisi, təzə geyimi işə, restorana, toy-nişana alırlar, bunların da heç biri yoxdur.
Bir tərəfdən də baxırsan ki, camaatın vəziyyəti pisləşib, imkan yoxdur, qazandığı pulu yeməyə, kommunala verir. Odur ki, heç geyim-keçim yada düşməyib.
İndi dükanlar açılıb, görürsən ki, gələn müştərilərin əksəriyyəti ucuz qiymətə mal axtarır, çoxu da xanımlardır. Kişilər bu köhnə nimdaş köynəkdə, ayaqqabıda gününü keçirməyə öyrəşiblər".
Satıcıların sözlərinə görə, yay geyimlərinin bir hissəsi gecikərək hələ karqoda qalıb. Onlar da gəldikdən sonra mağazada payız-qış kolleksiyasına ümumiyyətlə yer olmayacağına görə hazırda əllərində olan malı dəyər-dəyməzinə satmağı düşünürlər.
Qeyd edək ki, sərt karantin rejimi səbəbindən təxminən iki ay qeyri-ərzaq dükanları fəaliyyət göstərə bilməyib. Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin rejiminin yumşaldılması istiqamətində qəbul etdiyi növbəti tədbirlər paketinə əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektləri və əhaliyə məişət xidmətləri göstərən obyektlər (iri ticarət mərkəzləri istisna olmaqla) 2020-ci il avqustun 10-u saat 00.00-dan fəaliyyət göstərə bilir.
Avqustun 17-dən isə karantinin yumşaldılmasının yeni mərhələsi başlanacaq. Rəsmilərin çıxışlarından belə aydın olur ki, kafe-restoranlar karantin qaydalarını gözləmək şərti ilə açılacaq. Növbəti etapda isə iri ticarət mərkəzlərinin, “Mall”arın açılması gözlənilir.
Dünya isə pandemiyanın ikinci dalğasına hazırlaşır. ABŞ və Avropanın elmi mərkəzləri, alimləri koronavirusun payızda güclü hücumunun olacağını proqnozlaşdırırlar. Azərbaycanlı həkimlər də bu ehtimalı istisna etmirlər, hətta üçüncü dalğanı mümkün sayırlar.
“Yeni Müsavat”

Mənbə: www.dia.az