İlin sonunadək Şəkidə 18 subartezian quyusu istismara veriləcək

İlin sonunadək Şəkidə 18 subartezian quyusu istismara veriləcək

Azərbaycan Prezidentinin “Şəki rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 fevral tarixli Sərəncamına əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən bu il Şəkidə 18 subartezian quyusunun qazılması nəzərdə tutulur. Sərəncamın icrası olaraq, rayonun Birinci Biləcik, Baş Göynük, Aydınbulaq, İbrahimkənd və Daşbulaq kəndlərində, ümumilikdə, 5 subartezian quyusunun qazıntısı işləri artıq yekunlaşıb və hazırda elektrik avadanlığının quraşdırılması üçün hazırlıq görülür. Bu günlərdə rayonun Daşüz kəndində də yeni subartezian quyusunun qazılmasına başlanılıb. Sərəncama əsasən, həmin kənddə 2 subartezian quyusu qazılacaq.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, yaxın vaxtlarda digər yaşayış məntəqələrində də yeni quyuların qazıntısı işləri həyata keçiriləcək. Bu quyuların hamısının cari ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Yeni subartezianların istismara verilməsi nəticəsində 116 min nəfərdən çox əhalinin yaşadığı 15 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək.

İdarə rəisi bildirib ki, Prezident İlham Əliyevin son illər imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamların icrası olaraq, təkcə 2013-2019-cu illər ərzində Şəki rayonu ərazisində 81 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.

Mənbə: azertag.az