Maliyyə Tədris Mərkəzində ikigünlük təlimə start verilib

Naxçıvan, 14 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatları üçün beynəlxalq mühasibat uçotunun əsasları” adlı təlimlərə start verilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin maliyyə və mühasibat uçotu sahəsində çalışan 12 nəfər işçinin cəlb olunduğu təlim mərkəzin tədris zalında iki moduldan ibarət olmaqla, iki gün müddətində keçiriləcək. Təlimin əsas məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.

Tədbirdə mərkəzin direktoru Mehriban İmanova çıxış edərək iştirakçılara təlimin məqsədi, keçirilməsinin zəruriliyi və gündəlik barədə məlumat verib. Sonra onun təlimin ilk modulu – “Mühasibat hesabları, maliyyə bərabərliyi və ikili yazılış sistemi” mövzusunda çıxışı dinlənilib. Çıxış zamanı mühasibat uçotunun mahiyyəti və funksiyaları, baş mühasibin vəzifələri, balansda baş verən dəyişmə tipləri, yeni hesablar planının və mühasibat hesablarının quruluşu, maliyyə bərabərliyi düsturunun mahiyyəti, mühasibat uçotunda ikitərəfli yazılışın üsulu və digər mövzular haqqında slaydlar vasitəsilə iştirakçılara ətraflı məlumat verilib.

Təlimin ikinci günündə Maliyyə Nazirliyi Aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərovun təqdimatı ilə “Maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun tərtib və təqdim edilməsi” mövzusunda təlim keçiriləcək. Mövzuya müvafiq olaraq müəssisələrdə aparılmış əməliyyatların mühasibat uçotu reyestrində əks etdirilməsi, memorial orderlərin yazılması, dövriyyə kitablarının işlənilməsi və maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartları əsasında hazırlanması barədə məlumat veriləcək.

Sonda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün test imtahanı keçiriləcək, müvəffəqiyyət əldə edən iştirakçılara sertifikat veriləcək, digərlərinin isə növbəti imtahanlara cəlb olunması təmin ediləcək.

 

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

"Neftçi"nin son sınağı

SONRAKI XƏBƏR

Zepp Blatter: “İnfantino özünü toxunulmaz hesab edir”