Ermənistanın tezliklə defoltla üzləşəcəyi proqnozlaşdırılır

Ermənistanın tezliklə defoltla üzləşəcəyi proqnozlaşdırılır

Dünyada böyük oxucu kütləsi olan “Avrasiya ekspert” portalının məlumatına görə, Ermənistanda koronavirus xəstələrinin sayı getdikcə artır. Bununla bərabər, sosial-iqtisadi problemlər də ağırlaşır. Vəziyyətin dramatik şəkil almasında, şübhəsiz ki, 2018-ci ilin “məxməri inqilab”ından sonra vəzifələrə təyin edilən kadrların fors-major şəraitə hazır olmamaları, təcrübəsizlikləri, bundan irəli gələn bəzi dövlət orqanlarının iflic vəziyyətə düşməsi, respublikadakı böhranın və daxili siyasi problemlərin aradan qaldırılmaması əsas rol oynayır. Eyni zamanda, idarəetmədəki naşılıq üzündən yaranan məmurların qarşıdurmaları ölkəni pande­miyaya qarşı ciddi və səmərəli mübarizə aparmaqdan yayındırır.

“Çiçəklənən Ermənistan” partiyasından deputat seçilən Naira Zohrabyan baş nazir N. Pa­şinyanı tənqid edərək, hökumətin pandemiyaya qarşı mübarizə planının mövcud olmadığını bildirib. Onun sözlərinə görə, ölkədə virusun yayılmasına qarşı mübarizə aparan orqanların fəaliyyəti, demək olar ki, nəzərə çarpmır. Pandemiya dövründə respublikanın komendantı təyin olunan baş nazirin müavini Tiqran Avinyan, ümumiyyətlə, koronavi­rus barədə məlumata belə malik deyil. Bütün bunların nəticəsində Ermənistan pandemiya qarşısında tam məğlub olub və N.Paşinyan hakimiyyətinin sonunu yaxınlaş­dırıb.

Bir sözlə, COVID-19 işğalçı Ermənistana öz ağır zərbələrini vurmaqa davam edir. Yerli ekspertlər bildirirlər ki, ölkədə iqtisadi tənəzzül günbəgün güclənməkdədir. İqtisadi icmal­çı Akop Köçəryanın sözlərinə görə, tənəzzül, xüsusilə, iqtisa­diyyatın birbaşa sosial sahə ilə əlaqəli sferalarında özünü qabarıq büruzə verir. Respublikada sosial vəziyyət gərginləşdikcə insanlar gəlirlərini də tamamilə itirirlər.

A.Köçəryan, həmçinin Ermənistanın dövlət gəlirlərinin sürətlə azalmasının müşahidə olunduğunu, xarici qaynaqlar­dan gəlirlərin artıq tükəndiyini, pandemiya dövründə ölkədə təkcə dövlət məmurlarının maaşlarının artdığını diqqətə çatdırıb.

Onun hesablamalarına görə, hazırda Ermənistan cəmiyyətində ciddi dəstəyə ehtiyacı olan çox sayda sosial qrup var. Epidemiya və onun sosial nəticələrindən əvvəl bu ölkədə, ən azı, 700 min yoxsul var idi, onlardan 30 mini olduqca ağır şəraitdə yaşayırdı. Hazırda bu rəqəm artmaqda davam edir.

“İravnuk” qəzeti yazır ki, bu ilin aprel-iyul aylarında Ermənistanın əmək bazarında 22 mindən çox iş yeri itirilib. Bundan təqribən 12 minə yaxını aprel ayında bağlanıb, may ayında isə 9 minədək iş yeri açılmayıb.

Bu gün Ermənistan iqtisa­di tənəzzülün qarşısını almaq, xüsusilə də büdcə kəsirini bağla­maq və xarici ödənişlərini reallaş­dırmaq üçün Beynəlxalq Valyuta Fondundan (BVF) kredit almaq məcburiyyətində qalıb. Kredit xətti işğalçı ölkənin BVF-də olan 128 milyon SDR kvotasının 100 faizi həddindədir.

Erməni ekspertləri bildirirlər ki, COVID-19-a yoluxma səviyyəsinə görə, dünyada ən pis vəziyyətdə olan ölkələrdən sayılan Ermənistanın fiskal kəsiri cari il ÜDM-in 5 faizinə, borc yükü isə ÜDM-in 64,1 faizinə çatacaq.

Ermənistanda istehlakın iqtisadi artıma təsiri əsas kapitalın iqtisadi artıma təsirindən 11 dəfə və xalis ixracın iqtisadi artıma təsirindən isə 88 dəfə çoxdur. İşğalçı ölkədə ev təsərrüfatlarına verilən kreditlər 32 faiz artıb. İstehlak əsaslı iqtisadi artım isə respublikanın milli və iqtisadi təhlükəsizliyini kənardan asılı vəziyyətə salıb, iqtisadiyyatın immunitetini zəiflədib, erməni dramının volatilliyini yüksəldib və cəmiyyətdə qeyri-bərabərlik yaradıb.

“4rd.am” saytı yazır ki, xaricdən pul köçürmələri ciddi şəkildə zəifləyib. Cari ilin may- iyul aylarında Rusiyadan Ermənistana pul transfertləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz azalıb.

Ermənistanda əksər ailələr uşaqlarını ağır şəraitdə böyüdürlər. Bunun səbəbi işsizlikdir. Yaşlı insanların ümidi ancaq cüzi pensi­yayadır. Belə ağır şəraitdə yaşayan uşaqlar sağlam olmurlar. Onların geyimləri olmadığı üçün məktəbə də gedə bilmirlər. Ailələrin aylıq gəliri 40 min dramı keçmir. Həmin məbləğ isə bir nəfərin yaşaması üçün kifayət deyil.

Ermənistanda bu cür ailələrin sayı gündən-günə artır. Son bir ildə yoxsulluq səviyyəsi kəskin şəkildə yüksəlib. Əhalinin 47 faizi ya evsizdir, ya da şəraitsiz mənzillərdə yaşayır. Hökumət isə problemlərin həllində acizdir. Ermənistanda tikinti sektorunda illərdir ki, durğunluq hökm sürür.

Ermənistan Maliyyə Nazir­liyinin cari ilin birinci yarısının nəticələri üzrə açıqladığı statistik göstəricilərə əsasən, bu ölkənin ümumi dövlət borcu 7 milyard 721 milyon ABŞ dollarına çatıb. İşğalçı ölkənin cari il üçün dövlət büdcəsinin gəlirlərinin 1,7 trilyon dram (3,5 milyard dollar) olduğu­nu nəzərə alsaq, deyə bilərik ki, xarici borc dövlət büdcəsindən 2 dəfədən çoxdur. Dövlət borcunun da 5 milyard 984 milyon dollarlıq hissəsi xarici borcun payına düşür.

Dünyada nüfuzlu Dövlət Bor­cunun İdarəedilməsi Şəbəkəsinin (PDMN) Ermənistanın maliyyə təhlükəsizliyinin təhdidlə üzləşməsi barədə yaydığı mate­rialda qeyd olunub ki, hazırda bu respublikanın xarici borcu maliyyə təhlükəsizliyi üzrə bütün normaları aşıb və ölkə ÜDM-nin 42 faizi civarında qərarlaşıb.

Qeyd edək ki, Ermənistanda ümumi dövlət borcunun ÜDM-ə nisbəti son dövrlər davamlı olaraq artmaqdadır. Belə ki, 2015-ci illə müqayisədə bu il ümumi dövlət borcunun ÜDM-ə nisbəti 48 faizdən 54 faizə, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 40 faizdən 42 faizədək artıb. Dünya Bankı dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin qarşıdakı dövrdə daha da pisləşəcəyini və ilin sonuna 57,2 faizə çatacağını proqnozlaşdırıb.

Ekspertlər Ermənistanın dövlət borc öhdəliklərini vaxtın­da yerinə yetirə bilmədiyi üçün tezliklə defoltla üzləşəcəyini proqnozlaşdırırlar. Təhlilçilər belə bir qənaəti ölkədə dövlət adına heç nə qalmadığı, sanballı dövlət müəssisələrinin əksəriyyətinin xarici şirkətlərə satıldığı, hazırda isə onların da işlək vəziyyətdə ol­maması səbəbi ilə əsaslandırırlar.

Ermənistanda dövlət satınalmaları sahəsində də ciddi korrupsiya hökm sürür və məmurlar dövlət ehtiyacları üçün sifarişləri öz adamlarının adlarına açılan şirkətlərə verərək pulların bir hissəsini sonradan geri alırlar. Belə vəziyyət isə Ermənistanın iqtisadi tənəzzülünü daha da sürətləndirir.

Mənbə: xalqqazeti.com