İyulda “BakuBus” avtobuslarında unudulan əşyalar sahiblərinə qaytarılıb

İyulda “BakuBus” avtobuslarında unudulan əşyalar sahiblərinə qaytarılıb

“BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 9 çanta, 4 pulqabı, 2 şəxsiyyət vəsiqəsi, 2 mobil telefon, 2 qovluq və 1 eynək iyul ayında sahiblərinə təhvil verilib.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, iyulda avtobuslarda tapılan 8 şəxsiyyət vəsiqəsi, 1 əlillik vəsiqəsi, 1 dövlət sosial sığorta şəhadətnaməsi və 1 iş vəsiqəsi sahiblərinə çatdırılması üçün “Poçtap” xidmətinə təqdim olunub.

Həmçinin 7 açar, 3 pulqabı, 1 mobil telefon, 1 inqalyator, 1 pult, 1 eynək, 1 bank kartı və 1 arayış Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər.

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə “www.alo141.az” saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir.

“BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.

 

Mənbə: azertag.az