Yevlax: karantin rejimi vəziyyəti ilə bağlı reydlər, maarifləndirmə və dezinfeksiya işləri davam etdirilir

Yevlax: karantin rejimi vəziyyəti ilə bağlı reydlər, maarifləndirmə və dezinfeksiya işləri davam etdirilir

Yevlax, 15 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Yevlaxda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı reydlər, maarifləndirmə və dezinfeksiya işləri həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti sanitar-dezinfeksiya tədbirləri zamanı Yevlax şəhərinin prospekt və küçələrində kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılıb. Gün ərzində dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, meydanlarda, ticarət obyektlərinin qarşısında, avtobus dayanacaqlarında, park və xiyabanlarda tibbi-profilaktik işlər görülüb.

Yevlax şəhər icra nümayəndəsi Zaur Davudov AZƏRTAC-a müsahibəsində bildirib ki, Yevlax şəhərinin prospekt və küçələrində, ictimai yaşayış binalarında, inzibati binalarda, parklarda, insanların daha çox toplaşdığı ərazilərdə mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir. Bu gün keçirilən dezinfeksiya işləri şəhərin 50-dən çox küçə və prospektində davam etdiriləcək.

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar tərəfindən mütəmadi olaraq reydlər və maarifləndirmə işləri də davam etdirilir. İnsanların sıx istifadə etdiyi ərazilərdə, ticarət obyektlərində reydlər keçirilir. Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyə olunur, koronavirus pandemiyasından qorunmaq üçün məlumat vərəqləri paylanılır. Reyd keçirilən bütün obyektlərdə işçi heyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə də ətraflı məlumat verilir. Küçə və meydanlarda, xidmət obyektlərində, çoxmənzilli yaşayış binalarında maarifləndirici materiallar yapışdırılır.

Mənbə: azertag.az