Çingiz Abdullayev öz aşağı səviyyəli romanları ilə...

Çingiz Abdullayev öz aşağı səviyyəli romanları ilə...

Deyəsən publisistik fəaliyyətimin yeni bir mərhələsi başlayır. Qəzetimizdə gedən məşhur elm adamlarının müsahibələrinə əlavələr etmək. Budur, keçən nömrəmizdə tanınmış türkoloq, filologiya elmləri doktoru, sabiq təhsil naziri Firidun Ağasıoğlu (Cəlilov)ilə çox faydalı bir müsahibə çap olunub. Müsahibə mədəni və ictimai həyatımızın ən vacib sahələrindən birinin faciəli bir məcraya düşməsi ilə əlaqədardır.

Söhbət gülməli və ağlamalı bir hadisədən, Azərbaycan hökumətinin və Bakı əhalisinin, xüsusən onun yuxarı təbəqələrinin sağalmaz bir xəstəliyə düçar olmasından gedir. Bakı da rusdilli məktəblərin sayı fantastik bir həddə çatıb. Az qala əhalinin böyük bir qismi 200 ildən bəri qanımızı içən, ölkəmizi işğal altında saxlayan, sərvətlərimizi mənimsəyən, mənəviyyatımızı pozan, avropalaşmağımıza quduzcasına mane olan RUSLAŞMAQDAN əl çəkə bilmir ki, bilmir. Keçmiş nazir məsələyə çox doğru mövqedən yanaşıb bu xəstəliyin çox zərərli və qorxulu olduğunu qeyd edir. Belə ki, nəinki mədəniyyətimiz əslində çox aşağı səviyyədə olan rus mədəniyyətinin təsirindən və təzyiqindən xilas ola bilmir, üstəlik, mənəviyyatımızı da ziyalılarımızın dediyi kimi aşağılayır.

Azərbaycan bir dövlət və xalq kimi bütün dünyada nəinki gözdən salan, hətta rüsvay edən səbəblərdən biri də rusdilli məktəblərimizin hələ də coşqun fəaliyyətdə olmalarıdır.

Bəri başdan paradoks olsa da deyim ki, hazırki rus dövlətinin və Rusiya ictimaiyyətinin bir az yüngül desək, bizdən zəhlələri getməsinin, bizi qətiyyən saya almamasının psixoloji səbəbi də elə məhz budur. Dünyada kimin yaltaqlıqdan xoşu gələr? Hətta yaltağın da yaltaqdan zəhləsi gedir. Lakin Firudin Cəlilovun müsahibəsində bir nöqsan var ki, hörmətli dostum məsələyə çox yumşaq çəkildə toxunub çox asta münasibət bəsləyir. Halbuki Azərbaycan bir dövlət və xalq kimi bütün dünyada nəinki gözdən salan, hətta rüsvay edən səbəblərdən biri və bəlkə də birincisi və ya ikincisi elə budur, yəni rusdilli məktəblərimizin hələ də coşqun fəaliyyətdə olmalarıdır.

Əzizim Firudin, deyirsən ki həmin məktəbləri bağlamaq olmaz. Niyə? Hər cür xeyrimizə olan fundamental məsələlərin qarşısını ala bilirik, rusdilli məktəblərin Azərbaycan dilli məktəblərə çevrilməsinə gücümüz çatmır? Kim bizə mane olar? Valideynlərin xoşuna gəlmir? Cəhənnəmə ki… Onsuz da iş tapa bilməyən müəllimlərimizin sayı-hesabı yoxdur və hamısı gedib alverlə məşğuldurlar. Övladlarını hökmən rus dilində oxutdurmaq istəyənlər, buyurub Rusiyaya köçüb getsinlər.

Yeri gəlmişkən qeyd edim ki bizdə olan bu əcaib hadisəyə dünyanın heç bir ölkəsində rast gəlmək olmur. Mən bu barədə neçə ildir ki, dönə-dönə yazıram. Vaxtında səsimi eşitsəydilər, indi vəziyyət bu qədər əndazədən çıxmazdı. Məsələ bundadır ki, məsələn Fransa ilə İngiltərə və ya Fransa ilə Almaniya tarixlərində bir-birləriylə çox vuruşublar. Amma gördüyümz kimi bu gün tamamilə qardaş xalqdırlar. Heç aralarında sərhəd məsələsi də yoxdur. Amma bu ölkələrin heç birində, məsələn İngiltərədə fransız dilli və yaxud Fransada alman dilli məktəblər yoxdur. Olsa da ABŞ-da olduğu kimi həmin ölkədə yaşayan xalqların uşaqları üçündür. Daha orda, məsələn fransız uşaqları oxumurlar. Öz ölkəsində yaşayıb düşmən ölkənin dilində məktəblərin , özü də nə az nə çox 300 məktəbin mövcudluğu təkrar edirəm, elə bir rüsvayçılıqdır ki, analoqu yoxdur.

Firudin Cəlilov müsahibəsinin bir yerində deyir: “Xalqda çox yanlış bir təsəvvür var ki, guya bizdə rus məktəbləri, rusca institutlar çox olsa, Rusiya bizə yaxın dost olacaq.”

Xeyr, əzizim Firudin xalqımız övladlarını rus dilli məktəblərə bu niyyətlə qoymirlar. Ona görə qoyurlar ki, ona görə uşaqlarını, övladlarını “rusdilli, rusbaşlı” edirlər ki, onlar uşaqların bununla gələcəkdə özlərinə yüksək vəzifə əldə edəcəklərinə inanırlar. Çünki sovet dövründə doğrudan da belə idi. Bəli, biz elə məxluq deyilik ki, nəsə bir iş görəndə ölkəmizi, milli mənafeyimizi nəzərdə tutaq. Biz yalnız və yalnız öz şəxsi mənafeyimiz üçün yaşayan millətik.

Detektiv romanlar müəllifi Çingiz Abdullayevin rusdilli məktəblərə himayədarlıq etməsinə gəldikdə isə, burada təəccüblü heç nə yoxdur. Belə ki o öz aşağı səviyyəli romanları ilə rus ədəbiyyatına xidmət edir, hərçənd ki, həmin ədəbiyyat isə ondan çox-çox nümayişkaranə şəkildə imtina edmişdir.

Mən bu rüsvayçı problemimiz barədə çox geniş bəhs edə bilərdim. Amma düşünürəm ki, hələlik bu qədər də kifayətdir. Və ümid edirəm ki, heç olmasa növbəti (2021-2022) dərs ilindən başlayaraq, dövlətimiz, hökumətimiz bu rüsvayçılığı tədricən də olsa, aradan götürməyə başlayacaqdır.

Əlisa NİCAT

“Hürriyyət” qəzeti

Mənbə: yenisabah.az