Fikrət Qoca:“Reklamlar birinci bizim dildə yazılmalıdır. Yazmayan cəzasını almalıdır” -MÜSAHİBƏ

Fikrət Qoca:“Reklamlar birinci bizim dildə yazılmalıdır. Yazmayan cəzasını almalıdır” -MÜSAHİBƏ

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Fikrət Qoca ilkxeber.org saytına müsahibəsində ədəbi dilmizin indiki vəziyyəti, dilin inkişafında yazıçıların xüsusi rolu və əlbəttə, küçə və prospektlərimizin “əcnəbiləşməsi” barədə danışıb.

– Söhbətə başlamazdan öncə Sizi – nəğməkar şair F.Qocanı, gec də olsa, 85 yaş və “İstiqlal” ordeni alması münasibətilə təbrik edir, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Fikrət Qoca poeziyasında müqəddəs vətən torpağına sonsuz məhəbbət, vətən şəhidlərinin əziz xatirəsinə böyük ehtiram əsasdır, aparıcıdır. Yaradıcılığınızda məni ən çox çəkən cəhətlərdən biri də şeirlərinizin son dərəcə səmimi və təbii dilidir. Şair F.Qoca ədəbi dilə qarşı da çox həssasdır. Bu gün yazıçı və dil məsələsinə münasibətiniz?

– Hər bir yazıçının istifadə etdiyi əsas material dildir. Əlbət ki, mənsub olduğu xalqın doğma dili. Dili yaxşı bilən insanlar arasında yazıçılar başqalarından bir qat artıq bilir, duyur, hiss edir. Hətta yazıçının bir əsərində obrazların dili fərqli olur. Obrazın daxilini açan, onu oxucuya sevdirən və ya əksinə, onu gülüş obyektinə çevirən də yazıçının ona verdiyi dildir. Əsərdə dil nə qədər zəngindirsə, yazıçı o qədər maraqlı, istedadlı olur, sevilə-sevilə oxunur.

– Ədəbiyyat söz sənətidir. Hər bir dilin inkişafında yazıçıların xüsusi rolu olur. Bugünkü bədii ədəbiyyatımızın, bədii tərcümələrin dili barədə nə deyə bilərsiniz?

– Güman edirəm yuxarıda bu suala bir qədər cavab verdim. Amma tərcümə məsələsində bəzi əlavələr edim. Yazıçı və yaxud şair tərcümə edərkən özünü tamamən unutmalıdır. O, özünü tərcümə etdiyi sənətkarın yerində, şəraitində, vəziyyətində hiss etməlidir. Tərcümə etdiyi şairə özünü ruhən çox yaxın hiss etməlidir. Yoxsa bu gün Puşkindən tərcümə edir, sabah Mayakovskidən, başqa bir gün isə Yesenindən – o şəxs özünü gülünc vəziyyətə sala bilər. Onlar hər üçü böyük rus şairi olsalar da, rus dilində yazsalar da, hər biri öz dilində, öz səsi, öz nəfəsi ilə yazıb. Tərcümə ədəbiyyatda çox ciddi bir janırdır.

– Son dövrlərdə cəmiyyətimizdə ədəbi dilimizlə bağlı haqlı bir narahatlıq hökm sürməkdədir. Ziyalıların Bakının əcnəbi dillər tərəfindən “işğalı” ilə bağlı AYB sədri Anar Rzayevə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və millət vəkillərinə müraciətləri bu narahatlıqların son həddə çatmasının və bu sahədə konktet iş görülməməsinin nəticəsidir. Ədəbi dilə həssas bir insan kimi fikirləriniz maraqlıdır.

– Sərhədləri qaldırırıq, dünyaya açılırıq. Belə vaxtda həmişə birinci tacirlər gəlir. Bər-bəzəkli malların üstündə bəzəkli dillərdə gəlir. Gəlsinlər. Biz dövlətik, qanunlarımız var. Qanunlara uyğunlaşanlar qalacaq, uyğunlaşmayanlar axsaya-axsaya geri qayıdacaq. Unutmayın, biz öz evimizdəyik. Heç nə olmayıbmış kimi hər kəs vaxtı vaxtında öz işini dəqiq görsün. Siz nədən qorxursunuz?! Biz müstəqil ölkəmizin vətəndaşıyıq. Qanunumuz budur, dilimiz də bu. Bu qanunları saymayanın cəzası da budur. O zaman hər daş öz yerində oturacaq. Bizimkilərdən də öz işini vaxtı-vaxtında dəqiq görə bilməyənlər işindən qovulacaq. Cəzasını çəkəcək.

– Bu yaxınlarda “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin Rəsulzadə küçəsində apardığı monitorinq nəticəsində aydın olub ki, buradakı 42 ticarət və iaşə obyektindən 41-də dövlət dilindən istifadə edilməyib. Bir neçə il əvvəl ölkəmizin qoşulduğu “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Paris Konvensiyasına dair Azərbaycan Respublikasının bəyanatında deyilir ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir. Bu, təbiidir. Bəs Bakının mərkəzində ana dilimizi qorumağa nə mane olur? Ana yurdu düşmən tapdağında olan Natəvanın heykəli “XIMI Vogue Life”, “Women`s secret”, “You&Me Fashion”, “New collection”, “Hard rock café” ilə əhatə olunub. Xan qızının aşüftə halı nəyə görə yazıçılarımızın diqqətindən kənarda qalıb?

– Bakının mərkəzini bəyəm xaricilərə vermişik? Qanunumuz var. Reklamlar birinci bizim dildə yazılmalıdır. Yazmayan cəzasını almalıdır.

– Sizcə, əcnəbi dillərin paytaxtı “işğal” etməsi məqsədlidir, yoxsa sırf biznes marağı və etinasızlıqdan qaynaqlanır?

– Əlbət ki, məqsədlidir. Biz də məqsədli şəkildə cavab verməliyik, çünki biz bundan betərini görmüşük. Daha ayıq olmalıyıq. 1979-cu il idi. Bakının mərkəzində yaşayırdım. Günay qızımın 7 yaşı olurdu. Lap qonşuluqda 2 №-li məktəb vardı. Məktəbə getdim. Direktorla görüşdük. Dedim, qızımı sizin məktəbə gətirmək istəyirəm, birinci sinifə.

– Rus dilinə?

– Yox, Azərbaycan dilinə.

– 132-yə apar. Yaxşıdı, yaxşı məktəbdir. Bura 7 illikdi. Onsuz da sonra uşaq ora gedəcək.

– Bura çox yaxındı.

– Bilirsən, Fikrət müəllim, bu il birinci sinif olmayacaq.

– Niyə?

– Vallah qapı-qapı gəzmişəm. Hamısı da dağlı məhəlləsidir. Onlara demişəm, bizim məktəbə qoyun uşağınızı, sinif bağlanmasın. Hamısı gətirib uşağını rus dilinə qoyur.

– Ən azı neçə uşaq olsa, bağlanmaz, – dedim.

– Altı uşaq, yeddi olsa, lap əla.

– Ola bilər ki, bir-iki uşaq da altı yaşında oldu.

– Nazirlikdən də dedilər, bizim xəbərimiz yoxdu, nə bacarırsız, eləyin.

Kiçik qızım Gülayın 6 yaşı tamam olmamışdı. Akademiyada çalışan elmlər doktoru rəhmətlik Kamran Məmmədova əhvalatı danışdım. Onun da oğlunun 6 yaşı olurdu. O da oğlu Nicatı gətirdi. Xülasə 5 günə 6 nəfər topladıq. Sinif bağlanmadı. Onda biz müstəmləkə idik. Danışmağa çəkinirdik. İndi müstəqil ölkəyik. İndi nədən qorxursunuz?! Arxanızda müstəqil ölkə var. Əlinizdə yenilməz qanunlar. İrəli! Meydan sizindir. Döyüşməyə yox, hər kəs öz işini anbaan yerinə yetirmək üçün.

– Bir neçə il əvvəl orfoqrafiya qaydalarında bir sıra ərəbmənşəli sözlərdə qoşa y samitlərinin birinin ixtisarını nəzərdə tutan dəyişiklik etmək istəyirdlər. Ədəbi dildə oturuşmuş sözlərin yazılışında səbəbsiz dəyişiklər edilməsi onsuz da ciddi narazılıq yaratmışdı. Son təkliflər cəmiyyətin səbr kasasını dolduran son damla oldu. Bir sıra ziyalıların dövlət başçısına müraciəti sayəsində bu dəyişilkiyin qarşısı alındı. Həmin dövrdə nüfuzlu yazıçılarımızın etiraz səsi duyulmadı. Bu azmış kimi, ziyalıların AYB sədrinə kömək üçün müraciətlərinə də reaksiya verilmədi. Nədən?

– Bu məsələ dilçi alimlərimizin ixtiyarındadır… Daha sonrakı müzakirələrə bizim də qoşulmağımıza ehtiyac olarsa, əlbət ki, iştirak edərik.

– Müstəqillik dövründə Zəhrabəyim ananın oxumuş “obrozovonski” oğulları öz doğma ana dilində deyil, əcnəbilərin dilində danışmağı üstün tuturlar. Telekanallarda da varvarzimlərdən çox istifadə edilir. Sizcə, bunun əsas səbəbini harada axtarmaq olar? Milli natamamlıq kompleksi demək olarmı?

– Qızım, millət sözü çox böyük sözdür. Millət olub, var! – Hər zaman olacaq! Millət bizim görə bilmədiyimiz qatlarında hər zaman bütöv olub. Mübarizə aparıb. Qurbanlar verib. Repressiya qurbanlarını, nəhayət, 20 Yanvar şəhidlərini xatırlayın. Bütöv olmasaydıq, biz 70 ildən sonra müstəqilliyimizi bərpa edə bilməzdik. O başqa söz ki, ayıq olmalıyıq. Atalar deyib “ilan vuran adam ala çatıdan qorxar”. Bu gün uşaqdan böyüyə hər bir Azərbaycan övladı vətənimizin müstəqilliyini qorumaq, sarsılmaz etmək üçün çalışır. Çünki bu müstəqillik ayrı-ayrılıqda hər birimizin iftixarı, qürurudur. Əlbət ki, aramızda axmaq, düşüncəsi xəstə insanlar var. Onlar bütün ölkələrdə var. Onlara millət tullantısı demək daha yaxşıdır. Biz müstəqilliyi itirməyin nə demək olduğunu yaxşı bilirik! Azərbaycan sözündəki “can” onun müstəqilliyidir. O canını itirməyəcək!

Mənbə: strateq.az