“Bu səhvlə ölmək istəmirlər” - Psixoloqdan boşanmalarla bağlı maraqlı RƏY

“Bu səhvlə ölmək istəmirlər” - Psixoloqdan boşanmalarla bağlı maraqlı  RƏY

2019-cu ildə Azərbaycanda 17 min 148 ailə dağılıb və onlardan 2 min 89 cütlüyün evliliyi 20 ildən çox davam edib. Maraqlısı odur ki, bu şəxslər arasında yaşı 60-dan çox olanlar heç da az deyil. Belə ki, 238-i qadın olmaqla 591 nəfər həyat yoldaşını 60 yaşından sonra boşayıb.

 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Vüsalə Rüstəm bildirib ki, çox zaman yaşı 50-dən çox olan insanların boşanma səbəbləri cavan yaşdakı insanların boşanma səbəbindən fərqli olur:

“Elə insanlar var ki, kişinin, ya qadının hər hansı bir neqativ hərəkətinə illərlə dözür, çünki övladları var, kənardan ictimai qınaqlar var, nəticədə o, özünü bu evliliyi uzun illər sürdürməyə məcbur hiss edir. Belə qərar verən insanların ayrılması heç kimdə təəccüb doğurmamalıdır. Çünki belə insanlar eyni evdə birgə yaşasalar da, bir evin içərisində yad insanlardır. Hər kəsin öz otağı, öz dünyası və öz həyatı var. Ortaq olan tək övladlarıdır. İrəli yaşda isə övlad ya evlənir, ya ərə gedir. Yaşlanmış insanlar artıq ahıl yaşda da problemlə yaşamaq istəmirlər”.

Vüsalə Rüstəm hesab edir ki, belə hallar gənclər üçün doğru nümunə olmasa da, normal qəbul olunmalıdır:

“Ömrünün sonunadək narahat vəziyyətdə yaşamaq istəməyən insanlar var və onlar həyatı ahıl yaşda daha dərindən dərk edirlər. Bəlkə də onlar vaxtilə səhv seçim etdiklərini anlayır, gec də olsa bu səhvlə ölməyi özləri üçün mənəvi yük hesab edirlər. Burada psixoloji amillər çoxdur”.

Sayad HƏSƏNLİ

 

Mənbə: yenisabah.az