“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Bakı, 24 sentyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan onlayn layihələrindən biri olan “Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin növbəti “Ən yaxşı xarici dildə yazılan hekayə” və “Ən yaxşı hekayə” kateqoriyaları üzrə qaliblərinə diplom və hədiyyələr təqdim edilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qurum tərəfindən bu ilin aprelin 14-də elan edilən müsabiqənin əsas məqsədi cəmiyyətdə muzey işi sahəsinə yaradıcı münasibətin inkişaf etdirilməsi, istedadlı müəlliflərin aşkara çıxarılması, həmçinin mədəniyyətimizə marağın artırılmasıdır.

Müsabiqə çərçivəsində Museum.az “Facebook” səhifəsinin izləyicilərinə Bakı şəhərinin aparıcı muzeyləri – Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Milli Xalça Muzeyinin fondunda qorunub saxlanılan, zəngin tarixə malik olan Azərbaycan incəsənəti, xalça, təsviri və dekorativ-tətbiqi sənət nümunələrindən seçilmiş tarixi, bədii, elmi əhəmiyyət kəsb edən 14 unikal eksponat təqdim edilmişdi. Müsabiqə iştirakçıları eksponatlardan birini seçərək ona həsr olunmuş yeni hekayə yazmalı idi.

Müsabiqənin dörd kateqoriya – “Qran Pri” kateqoriyası üzrə 3, “Ən yaxşı xarici dildə yazılan hekayə” kateqoriyası üzrə 4, “Ən yaxşı məktəbli hekayəsi” kateqoriyası üzrə 3 və “Ən yaxşı hekayə” kateqoriyası üzrə 9 olmaqla ümumilikdə 19 qalibi münsiflər heyəti tərəfindən seçilib.

Xatırladaq ki, ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq, sentyabrın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən mükafatlandırma mərasiminə iki əsas kateqoriya (Qran Pri və “Ən yaxşı məktəbli hekayəsi”) üzrə 5 qalib dəvət olunmuş və Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov tərəfindən qaliblər mükafatlandırılmışdı.

Müsabiqənin bütün qaliblərinin hekayələrinin toplanaraq kitab şəklində nəşr edilməsi və ictimaiyyətə təqdim edilməsi də nəzərdə tutulur.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Şəmkir Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində nöqsan aşkar edilib

SONRAKI XƏBƏR

Almaniyada koronavirus xəstələrinin sayı 278 mini keçib