Əlyazmalar Fondunda əlyazma və çap kitablarının qeydiyyatına dair elmi-praktik seminar keçirilib

Əlyazmalar Fondunda əlyazma və çap kitablarının qeydiyyatına dair elmi-praktik seminar keçirilib

Naxçıvan, 25 sentyabr, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda “2020-ci ildə Əlyazmalar Fonduna daxil olan yeni əlyazma və çap kitablarının qeydiyyatına dair” mövzusunda elmi-praktik seminar olub.

Naxçıvan Bölməsinin Mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən fondun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov cari ildə bu elmi quruma 60 qədim əlyazma və çap kitabının daxil olduğunu bildirib. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hədiyyə edilən əlyazma və çap kitablarının içərisində dəyərli nümunələr var.

Fərman Xəlilov diqqətə çatdırıb ki, “Ənvari-şühəda”, “Zinətül-məcalis”, “Əhsənul-qisəs”, “Qurban bayramı”, “Kitabi-əl bəyan”, “Coğrafiya”, “Dünyanı sarsıdan on gün”, “Nəbatat” adlı əlyazma və çap kitabları bu qəbildəndir. Həmin əlyazma və çap kitabları üzərində gələcəkdə araşdırmaların aparılması nəzərdə tutulub.

Daha sonra fondun şöbə müdirləri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimov, Fəxrəddin Eylazov və elmi işçi Kübra Vəliyeva çıxış edərək yeni əlyazma və çap kitablarının qeydə alınması, kitabların bərpa olunması, ilkin elmi rəylərin yazılması, kataloqlaşdırılması ilə bağlı ətraflı məlumat veriblər.

Mənbə: azertag.az