Bugün XX yüzil Azərbaycan şeirinin klassiklərindən olan Mirzə Əli Möcüzün anım günüdür

Bugün XX yüzil Azərbaycan şeirinin klassiklərindən olan Mirzə Əli Möcüzün anım günüdür

Mirzə Əli Hacı Ağa oğlu Möcüz (29.03.1873. Şəbüstər, Güney Azərbaycan – 25.09.1934. Şahrud, Simnan, İran) – tacir ailəsində doğulub.

Möcüzün babası İstanbula səfər edərmiş (onun iki böyük oğlu (Hüseyn və Həsən) İstanbulda yaşayırmış). Mirzə Əli ilk təhsilini molla məktəbində alıb; 16 yaşa dolanda, atası vəfat edib; yetim qalan uşağı əmiləri İstanbula dəvət edib. Möcüz 16 il İstanbulda yaşayıb, tədris ləvazimatı satmaqla məşğul olub. İstanbul mühiti Möcüzə təsirsiz qalmayıb. O, vaxtının çoxunu mütaliə ilə keçirib, Şərq ədəbiyyatını, dövrün ictimai-siyasi mətbuatını həvəslə izləyib.

Vətənə qayıdandan, öz vətəninin çağdaş dünyadan çox geri qaldığını görüncə, öz intibalarını, təəssüratını şeirlə ifadəyə çalışıb. Möcüz vaxtını ünlü alim və mütəfəkkir Şeyx Mahmud Şəbüstərinin məqbərəsinə xidmətdə keçirib, soydaşlarının, dindaşlarının cəhalətdən qurtulması və mədəni həyata çıxması üçün çox səy göstərib. Şəbüstərdə mövhumatçı ünsürlərin müqavimətini qıraraq 1932-ci ildə birinci dəfə Qız məktəbi açan, qadın azadlığını kəskin və təsirli sözlərlə müdafiə və təbliğ edən Mirzə Əli Möcüz olub.

Möcüzün XX yüzilliyin əvvəllərindən başlayaraq sürətlə inkişaf edən Azərbaycan inqilabi-demokratik ədəbiyyatını, “Molla Nəsrəddin”i və Sabir yaradıcılığını xüsusi diqqətlə oxuduğu və sevdiyi onun şeirlərində aydın görünür.

Möcüz, Şəbüstər kimi unudulmuş bir guşədə yaşasa da, əsərlərinin qarşılığında təhqirlərə uğrasa da, iradəsi qırılmayıb, həmişə Sabir cəsarəti və sayıqlığı ilə yazıb-yaradıb.

Məişətin ən xırda məsələlərindən (küçənin palçığı, samovar xərci, çiçək və qızılca xəstəliyindən şikayət...) tutmuş, ən böyük ictimai məsələlərə, ən zəruri siyasi hadisələrə qədər (Məhəmmədəli şah irticası, varlıların mədəni tədbirlərə qarşı durması, vergilər, I Dünya müharibəsində alman imperalizminin törətdiyi qırğınlar) geniş mövzu dairəsi Möcüzün əsərlərində xüsusi bir üslubla əks olunub. Möcüz Güney Azərbaycanda Sabir ədəbi üslubunu davam etdirən demokratik ruhlu, sadə, ana dilində yazan qüvvətli bir xalq şairi olub.

Onun bir sıra şeirləri çap olunmazdan qabaq, ağızdan-ağıza yayılıb, şöhrət qazanıb.

M.Ə.Möcüz 61 yaşında haqqın rəhmətinə qovuşub.

RUHU ŞAD OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva

 

 

Mənbə: moderator.az