Qənirə Paşayeva Azərbaycanın Xalq artisti Nüsrət Fətullayevi xoş sözlərlə yad etdi

Qənirə Paşayeva Azərbaycanın Xalq artisti Nüsrət Fətullayevi xoş sözlərlə yad etdi

Bugün Məşhur teatr xadimi, rəssam, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı Nüsrət Fətullayevin doğum günüdür.

Sırf səhnə ilə bağlı olan, teatr-dekorasiya sənətçisi Nüsrət Möhsün oğlu Fətullayev (25.09.1913. Lənkəran – 01.10.1987) ömrünün son günlərinə kimi yaradıcılıq axtarışlarından qalmayıb; milli teatr rəssamlığımızın inkişafında və formalaşmasında böyük xidmətlər göstərib.

Nüsrət Fətullayev Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb (1930-1934). Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun “31-43” (“Eskadranın məhvi”) dramının tamaşası ilə Akademik Milli Dram Teatrında ilk işinə başlayıb. 1938-ci ilin ikinci yarısından bu kollektivə baş rəssam təyin olunub və ömrünün sonunadək həmin vəzifəni ləyaqətlə icra edib. Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin “Molla İbrahimxəlil kimyagər” komediyasına (1938), Musiqili komediya Teatrında Rauf Hacıyevin “Tələbələrin kələyi” (1940), Zülfüqar Hacıbəyovun “Əlli yaşında cavan” (1943), Fikrət Əmirovun “Ürəkçalanlar” (1944), Süleyman Ələsgərovun “Məhəbbət gülü” (1945), Vladimir Dolidzenin “Keto və Kote” (1945), Üzeyir Bəy Hacıbəylinin “Arşın mal alan” (1972) operettalarına səhnə tərtibatı verib.

Milli Dram Teatrında əllidən çox tamaşanın rəssamı olub. Onların arasında estetik səciyyələrinə, forma əlvanlığına və monumentallıq özəlliyinə görə səhnəqrafiyada xüsusi yer tutanları bunlardır: “Almaz”, Cəfər Cabbarlı (1936), “Skapenin kələkləri”, Jan Batist Molyer (1936), “Həyat”, Mirzə İbrahimov (1937), “Hacı Qara”, Mirzə Fətəli Axundzadə (1938), “Vaqif”, Səməd Vurğun (1938), “Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev (1940 və 1957), “Aydın” və “Oqtay Eloğlu”, Cəfər Cabbarlı (1940), “Xoşbəxtlər”, Sabit Rəhman (1941), “Fərhad və Şirin”, Səməd Vurğun (1941), “Dumanlı Təbriz”, Məmməd Səid Ordubadi (1945), “Nüşabə”, Abdulla Şaiq (1946), “İşıqlı yollar”, İlyas Əfəndiyev (1947), “Rəqs müəllimi”, Lope de Veqa (1949), “Müfəttiş”, Nikolay Qoqol (1952), “Qış nağılı”, Vilyam Şekspir (1955), “Səyavuş”, Hüseyn Cavid (1963), “Xanuma”, Avksenti Saqareli (1975), “Müsyö Jordan və dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə (1978), “Cehizsiz qız”, Aleksandr Ostrovski (1979), “Yad adam”, Leonqard Frank (1980), “Təhminə və Zaur”, ANAR (1985)… Nüsrət Fətullayev əsasən realist səhnə tərtibatına üstünlük verib. Yaradıcılığının bir qolunu da monumental-romantik üslub təşkil edib. Teatrın texniki prinsiplərini dərindən bilməsi, səhnə ölçülərinə dəqiqliklə riayət etməsi onun işlədiyi tərtibatlara tamlıq, əzəmət və obrazlılıq gətirib. Tərtibat verdiyi tamaşalarda aktyorların sərbəst səhnə davranışlarını yaradıcı həssaslıqla nəzərə alıb.

Milli etnoqrafiyanı dərindən bilən Nüsrət Fətullayev, tərtibat rəssamlığında klassik üslub ənənələrini yaşadıb; ancaq o, dövrün qaynarlığını, mürəkkəbliyini, təzadlılığını… rəng təzə-tərliyi, təravətli ovqatla cəsarətlə harmoniyaya gətirə bilib. Onun tərtibatında janr-üslub qarışıqlığı olmurdu, ancaq müxtəlif formaların harmonik sintezi, bir poetikada füsunkarlıqla birləşməsi həm tamaşaya möhtəşəm obrazlılıq gətirir, həm də tamaşaçını heyrətdə saxlayırdı. Sənətdəki xidmətlərinə görə Respublikanın Əməkdar incəsənət xadimi (04.05.1940), Xalq artisti (21.07.1949) fəxri adlarına layiq görülən sənətkar, “Şərqin səhəri” (Ənvər Məmmədxanlı) tamaşasına görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” dramının tamaşasının tərtibatı üçün isə 1972-ci ildə Azərbaycanın Dövlət mükafatı ilə təltif edilib. Həmçinin dövrünün yüksək təltifləri sayılan “Qırmızı Əmək Bayrağı” ordeni (1949), “Şərəf Nişanı” ordeni (1959) ilə təltif olunub. Nüsrət Fətullayev Xalq artisti Hökümə Qurbanovanın (11.06.1913 – 02.11.1988) həyat yoldaşı, Əməkdar artist, Dövlət mükafatı laureatı Vəfa Fətullayevanın (25.08.1945 – 21.05.1987) atasıdır.

RUHU ŞAD OLSUN!

 

 

Mənbə: turkustan.info