Bugün görkəmli yazıçı-publisistin doğum günüdür

Bugün görkəmli yazıçı-publisistin doğum günüdür

Bugün görkəmli yazıçı-publisist, Azərbaycanda Jurnalistika fakültəsinin əsas yaradıcılarından biri, AYB-nin Oçerk və publisistika şurasının sədri, Jurnalistlər Birliyinin İdarə heyətinin katibi olmuş Əməkdar incəsənət xadimi, professor Nurəddin Babayevin anım günüdür.

Nurəddin Həsən oğlu Babayev (23.03.1921, Gəncə – 25.09.1991) –ziyalı ailəsində böyüyüb. Böyük əmisi Çar ordusunun generalı olub. Nurəddin Babayev uşaq yaşlarından Bakı şəhərinə köçüb, hələ məktəb vaxtlarından istedadlı, məqsədəyönlü və iradəli gənc kimi həm müəllimlərinin, həm də yaşıdlarının hörmət və diqqətini qazanıb. Nurəddin Babayevin ilk yaradıcılıq fəaliyyətinə yön verənlərdən biri istiqlal şairimiz Əhməd Cavad olub.

Nurəddin Babayev 1941-45-ci illər müharibəsində ön cəbhələrdə vuruşub, ağır yaralanıb və baş leytenant rütbəsi ilə Bakıya qayıdıb; ADU-nun (indiki BDU-nun) Filologiya fakültəsinə daxil olub. Nurəddin Babayevə o dövrün ünlü ədiblərindən, pedaqoqlardan dərs alıb. Onlardan Mir Cəlal Paşayev, Cəfər Xəndan, Həmid Araslı, Muxtar Hüseynzadə, Abbas Zamanov və b.-nın Nurəddin Babayevin həyatında güclü rolu olub.

Mir Cəlal Paşayev, Aslan Aslanov, Nəsir İmanquliyev, Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə, Qulu Xəlilov, Famil Mehdi və b. görkəmli ziyalılar Nurəddin Babayevin yaxın dost və məsləkdaşı, sirdaşı olub.

Azərbaycanda jurnalistika fakültəsinin olmaması (1928-ci ildən Filologiya fakültəsi nəzdində Jurnalistika şöbəsi fəaliyyət göstərib) o dövr yetişən gənc nəsil jurnalistlər üçün çərçivələr yaradırdı. Nəhayət, 1969-cu ildə bir sıra alimin, yazıçının və Nurəddin Babayevin səyləri başda olmaqla universitetdə “Jurnalisitika” fakültəsi yaradılıb. Eyni zamanda, Jurnalistlər İttifaqının (indiki AJB) təşkilində Nurəddin Babayevin böyük rolu olub.

Dəfələrlə müxtəlif elmi, mədəni, ictimai işlər və layihələrlə bağlı Fransa, Kuba, Bolqarıstan, Finladiya, keçmiş SSRİ respublikalarında və b. ölkələrdə səfərdə olub; həmin ölkələrin bir çoxunda da əsərləri çap olunub.

Nurəddin Babayev yaradıcılığı çoxşaxəlidir. Onun bir sıra əsərləri rus, alman, ingilis, fransız, ispan, polyak, bolqar, macar və b. dillərə çevrilib.

“Əbədi qəhrəmanlıq” (1945), “Bahar övladları” (1959), “Ürəklər bir olanda” (1961), “Zərif duyğular” (1963), “Biz Azərbaycandanıq” (1965), “Manolis Qlezos” (1966), “Oğluma məktublar” (1966), “Qəhrəmanların izi ilə” (1968), “Звезды не гаснут” (Москва, “Советский писатель”, 1969), “Qızlar, sözüm sizədir” (1972), “Ulduzlar sönmür” (1975), “Qızlar söz istəyir” (1977), “Ürəyimdə sözüm var” (1980), “Açıq söhbət” (1982), “На дорогах жизни” (Москва, “Советский писатель”,1984), “Elə yaz ki...” (1985), “Gəlin kişilikdən danışaq” (1986), “Babam-nənəm, atam-anam və biz” (1988) kitabları müəllifin sağlığında, “Adamın özü və sözü” isə vəfatından sonra gün üzü görüb (1992).

1943-45-ci illərdə “Kommunist” qəzeti (indiki “Xaql qəzeti”) redaksiyasında şöbə müdiri, “Azərbaycan müəllimi” qəzetində redaktor müavini, 1953-cü ildən isə “UşaqGəncNəşr”də baş redaktor olan Nurəddin Babayev, eyni zamanda, doğma universitetində məhsuldar müəllimlik fəaliyyəti ilə məşğul olub. – O, 1953-cü ildən Jurnalistika kafedrasında baş müəllim vəzifəsində çalışıb; 1958-ci ildə “Azərbaycanda bədii oçerkin inkişafı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi, daha sonra filologiya elmləri doktoru alimlik drəcəsi alıb. 1962-ci ildə dosent, 1981-ci ildə isə professor elmi rütbəsi alıb.

Nurəddin Babayev 50 illik elmi-pedaqoji və ədəbi-jurnalistik fəaliyyəti dövründə indiki BDU-da Jurnalistika kafedrasının müdiri, Jurnalistika şöbəsinin müdiri, Jurnalistika fakültəsinin dekanı kimi vəzifələrdə çalışıb; onlarla yüksək ixtisaslı jurnalistin yetişməsində əmək sərf edib. O, Azərbaycan ədəbiyyatında oçerk üslubunun nəzəri əsaslarını yaradıb və bu yolda novator kimi çıxış edib. Azərbaycan qəhrəmanları, ictimai-siyasi, elmi və mədəni aləmə mənsub tanınmış şəxsiyyətlərimiz haqqında olan bu oçerklər, məzmun və məna baxımından bu gün də öz aktuallığını itirmir.

Nurəddin Babayev Azərbaycan jurnalistikası tarixində ilk sabit dərs vəsaiti olan iki cildli “Jurnalistika məsələləri” kitabının elmi redaktoru və əsas müəlliflərindən biri olub.

Müəyyən dövr ərzində Nurəddin Babayev C.Cabbarlı adına Bakı kinostudiyasında baş redaktor işləyib, özəlliklə, sənədli-xronikal filmlərin, kino-oçerklərin, kino-jurnalların məzmunlu, yüksək peşəkar səviyyədə ekranlara buraxılmasına xüsusi səy göstərib. “Azərbaycan elmi” (1969), “Bacarıqlı əllər” (1963), “Nizami yurdu” (1968), “Həyatın mənası” (1979), “Axtaran tapar” və b. elmi-sənədli filmlərin ssenari müəllifi olub.

Görləmli ədib həmçinin “Ədəbiyyat və İncəsənət arxivi”nin təşkilində də böyük rol oynayıb, öz növbəsində, arxiv xəzinəsinə qiymətli materiallar verib (31 saylı fond Nurəddin Babayevə aiddir).

Professor Nurəddin Babayev II Fəxri Xiyabanda dəfn edilib.

RUHU ŞAD OSLUN!

 

 

Mənbə: moderator.az