Əməkdar artist Xanlar Haqverdiyevin doğum günüdür

Əməkdar artist Xanlar Haqverdiyevin doğum günüdür

Bu gün Azərbaycan Respublikasının və Türkmənistan Respublikasının Əməkdar artisti,

tanınmış müğənni (lirik-dramatik tenor) Xanlar Haqverdiyevin doğum günüdür.

Xanlar Məmməd oğlu Haqverdiyev (25.09.1906. Seyidli, Ağdam – 05.12.1980) – bəy ailəsində anadan olub.

1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Vokal şöbəsinə daxil olub, professor H.Speranskidən rus və Avropa musiqisini, Seyid Şuşinskidən isə klassik Azərbaycan muğamlarının incəliklərini öyrənib.

1929-cu ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının xoruna qəbul edilib. Ona “Əsli və Kərəm” operasında Sofi rolu, Hüseynqulu Sarabski (Kərəm) kimi sənətkarın tərəf müqabili olmaq tapşırılıb.

1932–1933-cü illərdə Türkmənistanda Azərbaycan Dövlət Opera və Dram Teatrı yaradılıb; Aşqabad Azərbaycan Teatrının inkişafında görkəmli aktyor Rza Əfqanlı və bir çox digər sənətkarlarla yanaşı, opera müğənnisi Xanlar Haqverdiyevin də böyük rolu olub. O, türkmən xalqının rəğbətini qazanıb; məhz bu rəğbətin nəticəsi olaraq müğənninin əməyi yüksək qiymətləndirilib, 1939-cu ildə ona “Türkmənistan Respublikasının Əməkdar artisti” fəxri adı verilib.

Xanlar Haqverdiyev 1959-cu ildə Moskvada Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə iştirak edib, “Sevil”, “Koroğlu” operalarında çıxış edib.

Teatr incəsənəti sahəsində fəaliyyətinə və zəhmətkeşlər qarşısında mədəni xidmətlərinə görə 1956-cı ildə ona “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adı verilib.

Müğənni Azərbaycan Teatr Cəmiyyətinin üzvü olub.

Lirik-dramatik tenor səs tembrinə malik olan Xanlar Haqverdiyev

Məcnun, İbn Salam (“Leyli və Məcnun”, Ü.Hacıbəyli),

Kərəm (“Əsli və Kərəm”, Ü.Hacıbəyli),

Şah İsmayıl, Əlyar (“Şah İsmayıl”, “Nərgiz”, M.Maqomayev),

Qərib (“Aşıq Qərib”, Z.Hacıbəyli),

aşıq (“Şahsənəm”, R.Qlier) və b. partiyalar ifa edib.

Musiqili səhnə sənətinin inkişafı sahəsində göstərdiyi xidmətlərə görə o, dəfələrlə respublika Ali Soveti Rəyasət heyətinin, habelə keçmiş İttifaq respublikalarının “Fəxri fərman”ları ilə təltif edilib. Xanlar Haqverdiyev həmçinin “Əməkdə fərqlənməyə görə” medalına layiq görülüb.

1962-ci ilin dekabr ayında Xanlar Haqverdiyev təqaüdə çıxsa da, bir neçə il yenidən opera teatrında fəaliyyət göstərib, gənc müğənnilərin yetişməsinə yaxından kömək edib.

Xanlar Haqverdiyev yazıçısı, ssenarist, dramaturq, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin (21.07.1938, Bakı) atasıdır.

İki qardaş respublikanın “Əməkdar artist”i fəxri adını daşıyan Xanlar Haqverdiyev 74 yaşında Bakıda vəfat edib.

RUHU ŞAD OLSUN!

Mənbə: moderator.az