Abadlıq işlərinə müğənnidən etiraz: "Dövlət insan üçün çalışır, yoxsa daş divar üçün?"

Abadlıq işlərinə müğənnidən etiraz: "Dövlət insan üçün çalışır, yoxsa daş divar üçün?"

Məlumdur ki, Bakının qədim qəsəbəsi olan Balaxanıda bir müddətdir ki, abadlıq işləri aparılır. Şəhər sakinlərinin əksəriyyəti Balaxanıdakı dəyişikliyi görmək üçün demək olar ki, sıraya düzülüb.

Qəsəbə sakinləri görülən işlərdən məmnun olsalar da, işsizlik problemlərindən şikayətçidirlər.

Cebhe.info xəbər verir ki, "Abşeron" qrupunun rəhbəri, müğənni Şəhriyar Məhərrəmov Balaxanıda aparılan abadlıq işlərinin mənfi cəhətlərindən danışıb:

"Bu evin üstünü təmir edirlər. Çox gözəl, amma o evin içindəki vətəndaşın güzəranı düzəlirmi?

O evin içində yaşayan insan yenə əvvəlki kimi tibbi sığortasız, sosial yardımsız, az təqaüdlə, az maaşla, bərbad ictimai nəqliyyatla, antidemokratik seçki ilə, rüşvətlə və qanunsuzluqla başbaşa yaşayır. Öncə vətəndaşın güzəranına, maddi sosial rifahına sərmayə qoymaq lazımdır. Güzəranı yaxşı olan, maaşı, işi, sosial vəziyyəti yaxşı olan cəmiyyət zatən kreativ olacaq, yaradıcı olacaq, kefindən gül əkəcək, pəncərə rəngləyəcək, küçələr olacaq rəngarəng.

Güzəranı pis olan, hər gün yaşamaq üçün çörək pulu danınca qaçan xalqın isə yaraşığa, zövqə nə vaxtı var, nə də həvəsi. Onun qapı-pəncərəsini dövlət, görüntü xatirinə hər il gəlib bax beləcə rəngləyib gedəcək. Öncə sağlam və seçkili bələdiyyə sistemi qur. Vətəndaş küçəsinə, yoluna baxan insanı özü seçsin, tələb etsin. Pul ilə, tapşırıq ilə təyin olunan, “Prado” sürən bələdiyyə başçıları qaldıqca dövlət görüntü xatirinə hər il gəlib qapı-pəncərə rəngləyəcək.

Azərbaycanda görülən işlər birbaşa vətəndaşın həyatına təsir etmirsə, dövlət insan üçün çalışır, yoxsa daş divar üçün?

Daşa divara deyil, insana sərmayə qoymaq lazımdır. İnsana sərmayə qoyularsa o insan zatən sonra gözəllik yaradacaq...".

Semra Ələkbərli
Cebhe.info

 

Mənbə: cebhe.info