“Çəkilişlərdə faciə oldu, sevgilimi oynayan aktrisanın ərini tok vurub öldürdü...”

“Çəkilişlərdə faciə oldu, sevgilimi oynayan aktrisanın ərini tok vurub öldürdü...”

“Bizim hal-hazırda koronovirusdan da böyük düşmənimiz mənfur qonşularımızın təxribatıdır”

Kinorejissor, “Əhməd hardadır?” filminin “Sürücü Əhmədi”- əməkdar artist Elxan Qasımovun Moderator.Az-a müsahibəsini təqdim edirik.

- Elxan müəllim, öncə sizi salamlayıram. İstərdim söhbətimizə bir neçə aydır ki, bütün dünya kimi ölkəmizi də cənginə alan koronovirus pandemiyası günlərinizdən danışaraq başlayaq...

- Koronovirus pandemiyası nəinki ölkəmizdə, bütün dünyada təşviş doğuran bir faicəyə çevrilib. Ən pisi odur ki, insan həyatını itirir. Əsas odur ki, həkimlərimiz bununla məşğul olur. Bizim hal-hazırda bundan da böyük düşmənimiz mənfur qonşularımızın təxribatlarıdır. Bir tərəfdən bu gözəgörünən düşmənlərimiz, digər bir tərəfdən də gözəgörünməz düşmənimiz olan koronovirus. Mən inanıram ki, ölkəmiz bu iki düşmənin bizə etdiklərindən üzüağ çıxacaq. Mən də hamı kimi çalışıram ki, bütün qayda-qanunlara riayyət edim, özümü xəstəlikdən qoruyum. Bu xəstəlik bitəcək, amma filmlərimizdə, əsərlərimizdə bu koronovirus pandemiyasının izi görünəcək. Filmlər çəkiləcək, əsərlər yazılacaq...

- Kino insanlara nə üçün lazımdır?

- Bizim çəkdiyimiz filmlər Azərbaycan xalqı üçün, onların maariflənməsi üçündür. Xalq da əgər qəbul edib, filmlərimizi bəyənirsə biz xoşbəxtik. Bir növ bu mənəvi qidadır. Elə filmlərimiz var ki, hər dəfə efirdə göstəriləndə tamaşaçılar onları böyük marağla izləyir. 122 ildir ki, bizim kinomuz yaranıb. 122 rəqəmi hamıya böyük görünə bilər, amma bu incəsənət növü olaraq ölkəmiz üçün ən cavanıdır.

- Sizi hamımız “Əhməd hardadır?” filmindək sürücü Əhməd kimi tanıyır. Bundan başqa digər filmlərdə də çəkilmisiz. Niyə məhz bu filmlə məşhurlaşdınız?

- 57 ildir ki, bu sahədəyəm, amma bütün xalq məni “Əhməd hardadır?” filmi ilə tanıyır. Buna baxmayaraq 5-6 filmdə oynamışam, 3 bədii film, 30-dan çox “Mozalan” çəkmişəm. Bu da mənim üçün çox fərəhlidir. Bu filmə məni Ədil İskəndərov dəvət etdi. O vaxt biz hələ tələbə idik, 1-ci kursda oxuyurduq. Mən filmin müvəfəqqiyətini dahi rejissorumuz Ədil müəllimin sənətkarlığı, novatorluğu ilə bağlayıram. O həqiqətən də gözəl film ərsəyə gətirib.

 

- Filmin çəkilişləri harda olub?

- Filmin əsas çəkilişləri Gəncədə, Hacıkənddə, Ağdaşda, Göyçayda və Bakıda çəkilib. Mən o ili yay tətili etmişdim, bir çox rayonları gəzmişdim (gülür).

- Ekran işinin hansı səhnələri yaddaşınızda iz buraxıb?

- "Zil" maşınının arxasınca qaçdığım səhnələr yaddaşımda dərin iz buraxıb. Ordakından da 30-40 dəfə artıq maşının arxasınca qaçırdım. Hətta bu səhnələrin bir çoxunda maşını həqiqətən də Nəcibə xanım idarə edirdi. Ordakı rəqs səhnəsi də tamaşaçılar tərəfindən marağla qarşılanır. Rəqsi bitirəndən sonra torpağın üstünə yıxılmağım improvizə idi. Həmkarım Nona Paçuaşviliyə də rəqs etməyi mən öyrətmişdim (gülür). Çox təəssüf ki, filmin çəkilişləri faciə ilə bitdi, Nonanın həyat yoldaşını tok vurub öldürdü.

- Hal-hazırda həmin aktrisa ilə münasibətiniz varmı?

- Düzünü desəm ki, çoxdandır danışmırıq, amma bir neçə il əvvələ kimi zəngləşirdik. Çox yaxşı xanımdır, biz onunla çox yaxın dost olmuşuq. O hazırda fəaliyyətini teatrda davam etdirir.

- Hər hansısa səbəbə görə kinodan uzaqlaşmısınız?

- O sualı başqa cür verin, deyin ki, “Həyatdan uzaqlaşmısız?”. Mənim həyatım kinodur, gözümü açıb kinoda böyümüşəm. Fəxrlə deyirəm ki, mənim bir əmək kitabçam var.

- Bu gün çəkilən film və serialları bəyənirsiz?

- Mən bəyəndiyimi yaxud da bəyənmədiyimiz deməyəcəm. Anacaq tamaşaçılardan bir xahişim var ki, filmlərimizi və seriallarımızı tənqid etməsinlər. O seriallar var ki, mən bəyənmirəm, siz bəyənmirsiz, amma onların böyük müsbət cəhəti var. Onlar kinonu ölməyə qoymurlar, kino nəfəs alır.

- Bəs həmin rejissorlara tövsiyyəniz nə ola bilər?

- Tövsiyyəm odur ki, onlar oturub bizim köhnə filmlərimizə baxsınlar. O filmlər ki, mövzu baxımından çox zəngindir. İndi kinoya həvəs daha da çoxalıb. Hamı istəyir ki, kino çəksin. Düzdür, onların içərisində kiprikləri ilə od götürən də var, bu sənətə xobbi kimi yanaşan da var. Bir çox insan deyir ki, film sahəsində durğunluqdur. Amma bu durğunluq dövrünün özündə də hazırlıq gedir, yəqin ki, bu qəfildən özünü biruzə verəcək.

 

 

Mənbə: moderator.az