“Mənim qəhrəman əsgərim” və “Ordumuz üçün yarat” layihələrinə start verilib

“Mənim qəhrəman əsgərim” və “Ordumuz üçün yarat” layihələrinə start verilib

Azərbaycan ordusuna dəstək məqsədilə “Mənim qəhrəman əsgərim” və “Ordumuz üçün yarat” layihələrinə start verilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, layihələr cəmiyyətdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, əsgər və zabitlərin döyüş meydanında yazdığı tarixin bədii yaddaşda, sənət əsərlərində yaşadılması, həmçinin illərdir işğal altında qalan, dağıdılıb talan edilən tarixi-mədəni irsin bir daha dünyaya tanıdılması məqsədi daşıyır.

“Mənim qəhrəman əsgərim” adlı ədəbiyyat müsabiqəsi Azərbaycan Ordusunun döyüş meydanındakı rəşadətini, igid hərbçilərimizin şücaətinin bədii nümunələrdə əks etdirilməsi məqsədi daşıyır. Müsabiqədə ədəbi əsərlər üçün janr məhdudiyyəti yoxdur.

Həyata keçiriləcək daha bir layihə “Ordumuz üçün yarat” aksiyasıdır. Layihəyə qoşulacaq hər bir iştirakçı özünün əl işi, təsviri və dekorativ tətbiqi sənət əsərləri, digər nümunələrlə müzəffər Ordumuza sənət dəstəyini, eyni zamanda qabiliyyət və təxəyyülünü ifadə edə bilər. Layihə çərçivəsində ərsəyə gələcək əl işləri torpaqlarımızın bütövlüyünü qoruyan hərbçilərimizə ərməğan ediləcək.

Qeyd edək ki, layihələrin hər biri haqqında ictimaiyyətə ayrılıqda və ətraflı məlumat veriləcək. İlkin mərhələdə layihələr barədə ətraflı məlumat almaq üçün (012) 498 20 62 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Mənbə: apa.az