Xanəndə Arif Babayevdən üzücü xəbər

Yaşar Babayev: "Təəssüf ki, atam Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimizin işğaldan azad edilməsi xəbərindən bixəbərdir"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Xalq artisti Arif Babayev bir neçə gün öncə insult keçirib. Xanəndənin səhhəti stabil olaraq qalır. Bu barədə Sputnik Azərbaycan-a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib: "Arif Babayev hal-hazırda evdədir. Təəssüf ki, atam Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimizin işğaldan azad edilməsi xəbərindən bixəbərdir. Çünki, atam həmin hadisədən 1 gün qabaq xəstələnib. Ona həyəcanlanmaq olmaz, ona görə də bu xəbəri ona verməmişik. Çox sevincliyik, inanırıq ki, atam sağalana qədər torpaqlarımız işğaldan azad olar, biz də ona bu müjdəli xəbəri verərik".

Məlumat üçün bildirək ki, Arif Babayev XX əsrin ikinci yarısından etibarən Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri sayılır. Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

O, müxtəlif illərdə "Azərbaycan SSR Əməkdar artisti", "Azərbaycan SSR Xalq artisti", "Şöhrət" ordeni, "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı və "Şərəf" ordeni ilə təltif olunub.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Koçaryan, Qukasyan və Saakyan kamuflyaj geyindilər

SONRAKI XƏBƏR

Xankəndidə kritik vəziyyət: Ərzaq qıtlığı...