“Bir azdan maşınımız Qarabağa yola düşür” - Nadir Qafarzadə

“Bir azdan maşınımız Qarabağa yola düşür”  - Nadir Qafarzadə

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun düşmən təxribatını dəf etmək məqsədilə təşkil etdiyi əks-hücum nəticəsində ermənilərə sarsıdıcı zərbələr vurulur, kəndlərimiz bir-birinin ardınca erməni işğalından azad olunur.

Məsələ ilə bağlı təəssüratlarını Yenisabah.az-la bölüşən müğənni Nadir Qafarzadə əsgərlərimizin haqq işini dəstəklədiyini deyib:

“Neçə gündür ürəkaçan xəbərlər alırıq, amma bir tərəfdən də məyus oluruq ki, gənc soydaşlarımız, oğullarımız şəhid olur. Bir gözümüz gülür, bir gözümüz ağlayır. Müharibədə uğurlar olsa da, itkilər də qaçılmazdır. Heç bir uğur asan başa gəlmi. Heç kim istəməzdi ki, itkilərimiz olsun. Mən özüm də bir valideynəm, heç kəs istəməz ki, kiminsə övladı şəhid olsun. Amma müharibənin öz qanunları var”.

Sənətçi əsgərlərə yardım etmək üçün təşəbbüs irəli sürdüyünü bildirib:

“Elə bu dəqiqə bir təşəbbüs irəli sürürdüm – cəbhəyə tibbi ləvazimatlar, bint, spirt, yod, perekis, siqaretlər, isti geyimlər göndərmək istəyirik. Artıq hər şeyi hazırlamışıq, axşam maşın çıxacaq. Biz də cəbhədə olan əsgərlərə bu cür yardım etməyə çalışırıq. Təki təcili vəziyyətdə bir yod, spirt istifadə edə bilsinlər. Mən düşünürəm ki, bu gün hamı səfərbərdir. Kimi ön cəbhədə, kimi arxa cəbhədə çalışır ki, Vətənə bir xeyri dəysin. O qədər həyəcanlıyam ki, heç danışa da bilmirəm. Mən bütün xalqımızı təbrik edirəm. Bu, cənab Prezidentin uğurudur. Bunu itirmək olmaz. Sözünü deyir, əməl də edir. Təəssüf ki, cavan əsgərlər, hətta mülki əhali də həyatını itirir, məktəblərə, evlərə ziyan vurulur. Amma neyləmək olar, düşmən bunlara baxmır. Bəzən deyirlər ki, müharibənin də öz qanunları var. Lakin mən belə düşünmürəm, düşmən qanuna riayət eləmir, müharibədə qanun olmur. Bu, müharibədir, onlar nə canlı görürsə, hətta heyvan belə olsa öldürməyi hədəfləyirlər. Düşünürəm ki, artıq yetər! Onlar birmənalı olaraq anlamalıdırlar ki, biz artıq həmin Azərbaycan deyilik, bu gün Azərbaycanın güclü ordusu, xalqı, Prezidenti var. Biz geri dönməyəcəyik!”

Qafarzadə Avropa Şurası, Avropa Birliyi və Minsk qrupu həmsədrlərinin tərəfləri atəşi dayandırmağa və sülh danışıqlarını bərpa etməyə çağırmasına sərt reaksiya verib:

“Beynəlxaq təşkilatlar dovşana qaç, tazıya tut deyirlər. Onlar da guya ki, bizi sülhə səsləyirlər. Mən elə düşünmürəm. Çünki Azərbaycanı əsrlər boyu gözü götürməyənlər olub. Biz həmişə başıbəlalı olmuşuq, daşımız ağır olub. Bu gün dırnaqarası təşkilatlar nəsə deyə bilərlər, amma dediklərini əyani şəkildə təsdiq etmirlər. Biz heç vaxt müharibədən qorxmamışıq. Bu gün Azərbaycanın yanında böyük dövlətlər var, Türkiyə, Pakistan, Ukrayna, İsrail kimi dövlətlər haqq işimizi dəstəkləyir. Fikrimcə, onlar bizə ürəkdən can yandırırlar. Qələbə bizimlədir, ruhdan düşmək olmaz”.

Müğənni belə bir dövrdə sosial şəbəkələrdə bəzən həqiqətə uyğun olmayan informasiyalarların çaşqınlıq yaratdığını qeyd edib:

“Mən sosial şəbəkələrdə xəbərləri izləyirəm. Cəbhə bölgəsində, burada olan jurnalistlərə də öz adımdan, ailəm adından təşəkkürlərimi bildirirəm ki, cəbhədən isti-isti məlumatları bizə verirlər. Amma təəssüflər olsun ki, “İnstagram”da bəzi səhifələr var, onlar qeyri-peşəkar işləyirlər. Tez-tez yalançı xəbərlər paylaşırlar, köhnə və ya filmlərdən götürülmüş kadrlardan istifadə edirlər yaxud xarici dildə nəsə paylaşıb tərcüməsini düzgün vermirlər, insanları yanlış yönəldirlər. Allah bizi onlardan qorusun, əlavə “like”a görə, baxış toplamağa görə sosial şəbəkələrdə belə yollardan istifadə etmək olmaz. Ən azından günahdır”.

Əsmətxanım

 

Mənbə: yenisabah.az