Elə şey yoxdur !- “Müharibə sona qədər davam etməlidir...”

Elə şey yoxdur !- “Müharibə sona qədər davam etməlidir...”

“...Və döyüşlər bizim qələbəmizlə başa çatmalıdır”

“Həvəsdən, ruhdan düşsək əqidəmizi, insanlığımızı, türkçülüyümüzü ən əsası qeyrətimizi pozmuş olarıq”

Qardaş Türkiyə tarixə qızıl hərflərlə yazılmış “Çanaqqala” döyüşündə 400 mindən artıq şəhid verib. Buna rəğmən böyük Atatürk məğrurluğunu itirmədən çıxışında deyir: “O oğulları yenidən doğan ana olacaq, amma Çanaqqalanı bir daha doğan ana olmayacaq”

Yazıya Mustafa Kamal paşanın bu tarixi kəlamı ilə başlamağım təsadüf deyil. Axı indi biz də savaşdayıq, torpaqlarımızın, Qarabağımızın düşmən tapdağından qurtuluşu yolunda vuruşuruq.

Nə xoş ki, otuz ildir işğalda olan rayon, qəsəbə və kəndlərimiz, əhəmiyyətli mövqedə yerləşən yüksəklilərimiz qarış-qarış azad olunub. Əlbəttə, bütün bunlar savaşmadan, döyüşmədən, qurban vermədən ərsəyə gəlmir. Haqq savaşımızda şərəflə vuruşub şəhadət şərbəti içən igidlərimiz də var.

Şübhəsiz ki, onların acısı, hüznü ürəyimizə “od salır”. Torpaqlarımızın azad olunmasına nə qədər seviniriksə şəhidlərimizi son mənzilə yola salarkən də o qədər üzülürük, kədərlənirik. Lakin məqsədimiz və hədəfimiz böyükdür.

Amma indiki məqamda bəzi mənfur qüvvələr ictaimiyyətdə təslimçi və separat meyllər formalaşdırmağa çalışırlar. Amma biz belə təxribatlara uymamalıyıq. İstər özümüzdə, istərsə də ətrafımızda ruh düşkünlüyü yaratmamalıyıq. Mənən möhkəm və səbrli olmağımızın özü də ordumuza dəstəkdir.

Vəziyyətlə bağlı “Sherg.az”a danışan sevilən aktrisa, xalq artisti Afaq Bəşirqızı xalqda böyük ruh yüksəkliyinin olduğunu qeyd edib:

“Ruh düşkünlüyü olmamalıdır. Çünki torpaqlarımızı işğaldan azad edirik. O ki qaldı itkilərimizə, şəhidlərimizə... Heç kim istəməz ki, müharibə olsun, dinc əhaliyə qarşı vandalizm, özbaşınalıq törədilsin.

Amma vətənimiz, torpaqlarımız dardadır. Onu qurtarmaq üçün müharibəyə qalxmışıq. Özümüzü pis hiss edəndə, əhvalımız pozulanda müharibəni dayandırmaq üçün vuruşmuruq ki?!

Elə şey yoxdur. Hələ torpaqlarımızın bir qismi əsarətdədir. Madam ki, bir məqsəd üçün birləşmişik, ayağa qalxmışıq, sona qədər də vəzifəmizi yerinə yetirməliyik. Sonra rahat nəfəs alarıq. Əlbəttə ki, bir gözümüz ağlayır, biri də gülür.

Onu da deyim ki, bütün bunların hamısını düşmən gözəl bilirdi. Onlar bizim xasiyyətimizə, mentalitimizə, dünya görüşümüzə bələddir. Ona görə bizə hərtərəfli zərbə vurmaq üçün hazırdırlar.

Düşmən cığaldır, mənfurdir, məkirlidir, paxıldır! Düşməndən belə hərəkətləri gözləmək olar. Dinc əhaliyə qarşı terror aktı törədirlər. Amma düşünmürlər ki, bizə belə qalib gələ bilməzlər.

Əlbəttə, mənəvi cəhətdən həvəsdən, ruhdan düşsək əqidəmizi, insanlığımızı, türkçülüyümüzü ən əsası qeyrətimizi pozmuş olarıq. Müharibə sona qədər davam etməlidir və bizim qələbəmizlə başa çatmalıdır.”

Mənbə: sherg.az