“Fikirləşdim ki, prezident icazə versə heç kim mənə bir söz deyə bilməz” -10 yaşlı Ağa hərbi xidmətə getmək istəyir

“Fikirləşdim ki, prezident icazə versə heç kim mənə bir söz deyə bilməz” -10 yaşlı Ağa hərbi xidmətə getmək istəyir

Vətən.. Bu kəlmə yalnız torpağa, tikanlı məftillərlə əhatələnmiş əraziyə aid edilməməlidir. Vətən bəzən qərib düşən bir komadır, mamır bağlamış bir daş, ot basmış qayadır. Suyu bulanmış çay, çoxdan susmuş azan səsi, küsüb boynunu bükən xarı bülbüldür.. Vətənin keşiyini çəkən yalnız onun əsgəri deyil. Hər qarışda cəbhəsi var, hər qarışda onu qoruyan vətən daşı var..Yaşından, vəzifəsindən, statusundan asılı olmayaraq.. Əgər bir vətənin mübarizi, poladı, cəbrayılı varsa.. mütləq..! Mütləq o nəslin davamı da var.. Və o nəslin ardınca böyüyənlər tarixi yalnız səhifələrdən oxumur, həm də bu gün əhəmiyyətli tarixi hadisələrə şahidlik edirlər. Ağa İsgəndərli də həmin azyaşlılardan biridir.. Özü deyir ki, yaşıdlarından daha çox vətənpərvər olmağı ilə seçilir. Sentyabrın 27-dən Qarabağımızın işğaldan azad olunması uğrunda gedən şiddət döyüşlər, milli ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsi, qəhrəmanlıqları ilə tarix yazan vətənpərvər gənclərimiz, qələbə ruhlu ordumuz Ağanın vətən sevgisinə bir də döyüşmək cəsarəti gətirib. Düzdür, hələ onun cəmi 10 yaşı var. Amma deyir ki, mən düşməni öldürəcək qədər güclüyəm. Elə buna görə də cənab prezidentə məktub yazır. Moderator.Az ilə fikirlərini bölüşən məktəbli həmin məktubu bizə də oxuyub:

 

“Salam, ali baş komandan. Mən İsgəndərli Ağa Zamiq oğlu. Mən sizə yazıb demək istəyirəm ki, gedib döyüşmək istəyirəm. Mən silah əlimə alıb, erməniləri özüm vurmaq istəyirəm. Mənim 10 yaşım var. Siz qoysanız, mən gedib döyüşmək istəyərəm. Bütün qəlbimlə Ağa İsgəndərli. 27.09.2020”

Uşaq dünyası üçün müharibə, döyüş kimi anlayışlar bəlkə də çox ağırdır. Amma eşitdikləri, izlədikləri Ağanı qorxutmur, əksinə, saatlarla otağına çəkilib, sükutunu cəsarətə çevirir, 10 yaşına 10 qat daha çox hünər sığdıraraq, valideynlərinə döyüşə getmək istədiyini söyləyir:

“Mən əsgərlərimizin cəsurluğunu gördüm. Fikirləşdim ki, mən də onlar kimi qorxmadan düşmənin üstünə gedə bilərəm. Və anama dedim ki, mən də gedim, döyüşüm. Onunla məsləhətləşdim, çünki atam çox vaxt işinə görə dənizdə olur. O dedi ki, sən hələ uşaqsan. Razı olmadı. Mən fikirləşdim ki, bəlkə məktub yazıb prezidentdən icazə alım. Axı mən düşməni öldürə bilərəm.. Beləliklə məktub yazdım. Düzdü, mənim 10 yaşım var, yaşım hərbi xidmətə getmək üçün çox azdır. Sonra başa düşdüm ki, əslində mən indi əlimə silah ala bilməsəm də vətənə olan borcumu başqa cür də ödəyə bilərəm. Buna görə hər zaman öz valideynlərimə hörmət etməli, dərslərimi yaxşı oxumalı, özümü olduğum hər yerdə ağıllı aparmalıyam. Belə olsam, bu Vətənə layiq olaram”

Gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən?sualına isə Ağa belə cavab verdi:

“ Bilirsiz, mən hələ dəqiq bilmirəm. Mən indi dərslərimlə ciddi məşğul oluram. Bir neçə dildə sərbəst danışmaq mənim arzumdu. Prezidentimiz kimi.. Hansı peşədə olsam da, mən Azərbaycanımı həmişə qoruyacam. Çünki indi əsgərlərimiz Vətəni biz rahat, sakit böyüyək deyə qoruyur, şəhid olurlar. Biz də gərək onların adını həmişə uca tutaq, bu Vətənə layiq olaq” deyə bildirib.

Kiçik arzularının içərisində bir də böyük Qarabağ arzusu var onun. Qarabağ və bütöv Azərbaycan arzusu:

“Mən Qarabağı təsəvvür edirəm ki, ora nə qədər gözəldir. Valideynlərim mənə bu haqda çox danışıblar. Qarabağ azad olunandan sonra inşallah ki, mən gedib oranın gözəlliyini görərəm. Mənim evdə xəritəm var, azad olunmuş torpaqlarımızı orada işarələyirəm. İstəyirəm ki, bütün Azərbaycan azad olunandan sonra bütöv Azərbaycan mənim xəritəmdə əks olunsun”.

Bir nəsil böyüdü Qarabağsız... Arzularında yaşatdı, məqsədlərinə çevirdi və rəşadəti ilə azad edir.. Azad edir ki, bu günün uşaqları Qarabağlı gənclər olsun..

 

 

Mənbə: moderator.az