Məşhur fransız dizaynerdən Şuşa ilə bağlı MÖHTƏŞƏM LAYİHƏ - VİDEO

Məşhur fransız dizaynerdən Şuşa ilə bağlı MÖHTƏŞƏM LAYİHƏ - VİDEO

Vətənimizin füsunkar təbiətindən, mədəniyyətindən ilhamlanıb, dünya incəsənətini zənginləşdirən əcnəbilər az deyil.

Publika.az xəbər verir ki, bu siyahıda moda dünyasının əfsanəsi sayılan Pako Rabanın tələbəsi, Ledi Qaqanın sevimli dizayneri Tilman Qravdır.

Fransa moda dünyasında öz məktəbini yaradan Cənab Qravın "Şuşa" kompozisiyası xüsusən diqqətə layiqdir.

- Cənab Qrav, Azərbaycan mədəniyyəti ilə sıx bağlarınız sahənizə maraq göstərən hər kəsə məlumdur.

- Bəli. Bilirsiniz, Azərbaycanla məni çox dərin hisslər bağlayır. Şablon olsa da, bu fikri tam ürəkdən səsləndirirəm, ölkənizi, xalqınızı və zəngin mədəniyyətinizi çox sevirəm. Bir neçə il öncə Bakıda möhtəşəm layihə ilə çıxış etdim. Böyük məmnuniyyətlə, yeni işimlə də səfər etməyi düşünürəm. Hazırda üzərində çalışdığım layihəm var. Bu layihə Azərbaycan və Avropa dəb məktəblərinin əlaqələrini daha da möhkəmləndirəcək.

- Bilirəm ki, ölkəmizi "Evrovision" musiqi festivalı sayəsində kəşf etmisiniz.

- Elədir. Azərbaycanda ilk dəfə 2012-ci ildə olmuşam. "Evrovision" musiqi müsabiqəsinə dəvət olunan fransız deleqasiyasının üzvü idim. Bakı və ətraf ərazilərin fərqli landşaftı diqqətimi çəkdi. Düşündüm ki, yeni kolleksiyam üçün buradan ideal məkan ola bilməz. Əsasən, baş bəzəkləri hazırlayıram. Buradakı qayalıqlar, torpağın rəngi, hətta müasir tikililər əsərlərimlə çox gözəl vəhdət təşkil etdi. Kolleksiyanın fotosessiyası Fransada da maraqla qarşılandı. Hətta sizə bir məlumat verim ki, Fransada YUNESKO-nun auksionu üçün hazırlanan "Ulduz Buta" kuklasının da müəllifi mənəm.

- "Şuşa" layihəniz haqda da danışmaq istərdim.

- Azərbaycanda ikən xalça sənətinizlə tanış oldum. İnsanların xalçaya olan sevgisi, tarixin ilmələri, ornamentlər yaddaşıma həkk oldu. Bir müddət sonra Parisdə Azərbaycanın birinci xanımının iştirakı ilə təşkil olunmuş möhtəşəm sərgini izlədim. Burada ölkənizin müxtəlif bölgələrindən olan xalça nümunələri vardı. "Azərilmə"yə səfərim baş tutdu.

İşçilər hər bölgəyə xas xalçaların özəlliklərini bölüşdülər mənimlə. Ən çox diqqətimi çəkən isə Qarabağ xalçaçılıq məktəbi oldu. Qarabağın işğal altında olduğunu biləndə isə bu ənənələrin yaşaması üçün ikiqat səy göstərməli olduğumuzu anladım. Həmçinin bu ilmələri, naxışları müasir dövrlə ayaqlaşdırmaq istədim. "Şuşa" baş geyimində, göy, yaşıl və bənövşəyi rənglərdən istifadə olunub. Kompozisiya metal üzüklər və Svarovski daşları ilə bəzədilib. Fondakı oğlanın oxuduğu mahnı isə məni ovsunladı.

- O əsər Bayatı Şirazdır, əzizim. Ifaçı isə Tacir Şahmalıoğludur. Tezliklə kompozisiyalarınızın azad Qarabağımızda, Şuşamızda fotosessiyasını təşkil etmək ümidi ilə...

- Çox böyük məmnuniyyətlə...

Leyla Sarabi

Mənbə: publika.az