30 ev olan kənddə 42-dən çox bulaq vardı – Əməkdar artistin Qubadlı xatirələri

Əməkdar artist, skripka ifaçısı Maestro Ceyhun (İsmayılov) vətəni Qubadlının işğaldan azad edilməsinin sevincini Sfera.az-la bölüşüb.

"Çox gözəl hisslərdir, hər bir qarış torpağımız işğaldan azad olunan gündən sevinc içərisindəyik. Cümləmizin əvvəli, ortası, axırı da Prezidentimiz, müzəffər ordumuz və şəhidlərimizdir. Tarixi günlər yaşayırıq. Bu günləri biz 27 ildir gözləyirdik. Şükürlər olsun ki, bu günləri görmək bizlərə nəsib oldu. Həmin torpaqlar layiq olduğu yerə qayıdır, buna görə də Allaha şükür edirəm”.

Qubadlıda keçirdiyi uşaqlıq illəri yadına düşdükcə qəhərlənən Maestro Ceyhun, o yerlərə yenidən qayıdacağına görə sevincinin həddi hüdudu olmadığını bildirdi:

"İçimdə sözlə ifadə edə bilməyəcəyim qədər sevinc hissi var. Qubadlı işğal olunanda mənim 18 yaşım var idi. Bizim kəndimiz Əyin kəndi adlanırdı. İnanın o kənddən sonra, heç bir istirahət zonası mənə ora qədər əziz və maraqlı gəlmir. Sanki bir cənnət idi oralar. Təsəvvürünüzə gətirin 30 evlik kənddə, 42-dən çox bulaq var idi. Hələ meşələrin içərisində olan bulaqları demirəm. Mən demək olar ki, Qarabağımızın əksər bölgələrində olmuşam. Kəlbəcərdən tutmuş, Şuşaya qədər. Hətta Şuşada 20 gün qaldım. Sevinirəm ki, artıq birdəfəlik öz torpaqlarımıza qayıdacağıq. Baxmayaraq ki, incəsənət adamları mərkəzdə olmalıdır. Ancaq öz adıma söyləyə bilərəm ki, mən gedib orda yaşamağa hazıram” - deyə Maestro Ceyhun bildirib.

"İlk addım atdığınız zaman hansı musiqini ifa etmək istərdiniz?", sualına skripka ifaçısının cavabı belə oldu:

"Qubadlıya aid bir əsərim var, adı "Qubadlı rəqsi” adlanır. Ancaq hələ onu ifa etmək istəmirəm. Gözləyirəm ki, bütün torpaqlarımız işğaldan azad olunsun, o zaman ifa edim. Demək olar ki, ifa etdiyim əsərlərin əksəriyyətində vətənpərvərlik hisləri öz əksini tapır. "Atəşlə rəqs”, ‘’Əsgərə məktub”... indi xalq məndən hansını tələb etsə, onu da sevərək ifa edəcəm. Elə Zəngər dağının başına çıxıb ifa etsəm, bütün səsi Qafqaza yayılacaq. O dağda kiçik bir səhnəcik qurub ifa etmək, mənim ən böyük arzularımdan biridir”.

Xezerxeber.az

ƏVVƏLKİ XƏBƏR

Ukraynalı jurnalist cəbhədə çəkdikləri və gördükləri barədə REAL-a danışıb - VİDEO

SONRAKI XƏBƏR

Fələstin rəsmisi Sudana çağırış etdi