“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının xüsusi buraxılışı çap olundu

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının xüsusi buraxılışı  çap olundu

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müqayisəli ədəbiyyatşünaslıq" Beynəlxalq elmi jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş xüsusi buraxılışı nəşr olunub. Olaylar.z bildirir ki, toplunun təsisçisi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutudur.

Xüsusi buraxılışda ilk dəfə olaraq iki qardaş ölkənin ədəbi-mədəni əlaqələri hərtərəfli şəkildə təqdiqata cəlb olunub. Azərbaycanda özbək ədəbiyyatının tədqiqi ilə məşğul olan istər sovet dövrü, istərsə də müstəqillik dövrü alimlərinin əsərlərindən nümunələr bu topluda çap olunub. 44 məqalədən ibarət olan bu sayda əksər müəlliflər Ədəbiyyat İnstitutunun əməkdaşları olsalar da, özbəkistanlı müəlliflər və başqa təqdiqatçıların da məqalələrinə rast gəlinir.

"Müqayisəli ədəbiyyatşünaslıq" Beynəlxalq elmi jurnalının baş redaktoru AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat institutunun direktoru akademik İsa Həbibbəylidir. Baş redaktorun müavinləri filologiya elmləri doktorları, professorlar Məmməd Əliyev, Gülər Abdullabəyova və Bədirxan Əhmədovdur. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli, məsul redaktoru isə Maral Poladovadır.

Jurnal akademik İsa Həbibbəylinin "Ədəbiyyatdan - əbədiyyətə" məqaləsi ilə açılır. Ardınca Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın "Özbəkistan görüşləri: ənənələr və vəzifələr" və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun "Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rolu" məqalələri yer alıb.

 

Həmçinin Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Ülvinin "Əlişir Nəvai və Azərbaycan", eyni zamanda Məhəmmədəmin Tuxliyevlə birgə yazdığı "Qafur Qulam və Azərbaycan" məqalələri də bu saya daxil edilib. Özbəkistan Milli Universitetinindən Həmdulla Baltabayevin "Cəlil Məmmədquluzadə və özbək ədəbiyyatı", Ədəbiyyat İnstitutunun özbək doktorantı Obid Şofiyevin "Xəlil Rza Ulutürk və özbək ədəbiyyatı" məqalələri də topluya daxil edilib.

Qeyd edək ki, jurnalda Ədəbiyyat İnstitutu ilə birgə Şərqşünaslıq və Tarix İnstitutunun da əməkdaşlarının məqaləsi yer alıb.

Mənbə: olaylar.az