“Qəndab xanımdan sonra evlənməyi özümə bağışlaya bilməzdim, onsuz çox çətindir...”

Xalq artisti Qəndab Quliyevanın həyat yoldaşı Eldar Rufiyevin Moderator.az-a müsahibəsini təqdim edirik:

- Eldar bəy, Fizuli deyiləndə hər zaman dəyərli sənətkarımız, xalq artisti Qəndab Quliyeva yada düşür. Çünki Qəndab xanım bu torpağın layiqli yetirməsi olub. Qəndab xanımın doğma torpağı ilə bağlı hansı arzuları var idi?

- Arzuları çox idi. Düzdü, onun kəndi Dilağarda hələ ki, işğaldan azad olunmayıb, inanıram ki, ordumuz tezliklə o kəndi də azad edəcək. Qəndab eşitsəydi ki, Fizuli alınıb, inanın səhər tezdən bəlkə də ora gedərdi. Buraxmasaydılar da gedərdi.. Torpağını, yurdunu sevən qadın idi. Təkcə Fizuli yox, Qarabağın bütün bölgələri üçün canını verərdi. Mənim xanımım olduğu üçün demirəm, tam başqa qadın idi Qəndab. Qarabağlı sənətkarların içərisində tanıdığım ən vətənpərvəri idi. Qarabağ şikəstəsini oxuyana qədər gedib o biri dünyanı görüb gəlirdi. Çox ürəklə oxuyurdu.

- Qəndab xanım dünyasını dəyişəndən sonra sizin həyatınızda nələr dəyişdi?

- Həyatım çətin oldu. Özü də çox çətin. Onu sözlə ifadə etməyin özü də çətindir.

- Tək yaşayırsız yoxsa övladlarınızla?

- Xeyr, tək yaşayıram. Övladlarım gedib-gəlir. Amma təkliyi özüm seçmişəm.

- Tək yaşamaq çətindir?

- Tək yaşamaq yox, amma Qəndabsız yaşamaq çox çətindir.

- Nə əcəb ailə həyatı qurmadınız?

- Xeyr, heç vaxt! Mənə çox adam dedi ki, evlən, qoy sənə baxan olsun. Amma Qəndabdan sonra evlənməyi özümə bağışlaya bilməzdim. Ölərəm elə kişi kimi ölərəm, onun ruhunu incitmərəm.

- Sənət yoldaşları da çox istəyirdi onu. Heç kimlə indiyə qədər problemi olmamışdı.. Olmuşdusa da gizlin olmuşdu..

- Qəndabı hamı çox istəyirdi. O həm qadınlarla, həm də kişilərlə dostluq edirdi. İslam Rzayev, Mənsum İbrahimov, Arif Babayev, Qədir Rüstəmov evimizin daimi sakinləri idilər. Qədir ilə dostluqları isə ölənə qədər oldu. Yadımdadır, Qədir bizim evimizə gələndə Qəndab onun ayaqının altında qurban kəsdirdi. Bir-birlərini çox istəyirdilər.

-Sizcə Qəndab xanımın musiqi irsi bu günkü gündə lazımınca təbliğ olunur?

-Həm televiziyalardan, həm də sənət yoldaşlarından çox razıyam. Qəndab xanımı unutmaq olmaz, o unudulası sənətkar deyil. Onun haqqında hazırlanan hər bir veriliş bizi sevindirir.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

“Biz bəzən sosial şəbəkədə şəkil paylaşaraq əsgərlərimizin yerini düşmənə nişan veririk”

SONRAKI XƏBƏR

Kreml Kadırovun Makron haqda tənqidindən xoşlanmadı – Peskovdan xatırlatma