Məhəmməd Hadinin əsərlərinin ikinci cildi işıq üzü gördü

Məhəmməd Hadinin əsərlərinin ikinci cildi işıq üzü gördü

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Məhəmməd Hadinin əsərlərinin ikinci cildi işıq üzü görüb. Olaylar.az bildirir ki, kitab Prezident İlham Əliyevin 5 dekabr 2019-cu il tarixli "Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na uyğun olaraq çap olunub. İkinci cild Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2019-cu il tarixli (protokol № 1) qərarı ilə nəşr edilib.

Kitabın elmi məsləhətçisi Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmlidir. Məsul redaktoru, toplayanı, ərəb qrafikasından transliterasiya edib çapa hazırlayanı, şərhlərin müəllifi filologiya elmləri doktoru, professor İslam Qəriblidir. Məhəmməd Hadinin əsərlərində ərəb dilində işlətdiyi, anlamını Azərbaycan dilində vermədiyi mətn və ifadələrin tərcüməçisi filologiya elmləri doktoru, professor İmamverdi Həmidovdur. Eləcə də, fars dilində işlətdiyi, anlamını Azərbaycan dilində vermədiyi mətn və ifadələrin tərcüməçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Hacıyevadır.

488 səhifəlik kitaba Məhəmməd Hadinin Azərbaycan və Türkiyə mətbuatında çıxan publisistik yazıları, nəsr əsərləri, ədəbi-tənqidi məqalələri, iqtibas və tərcümələri daxil edilmişdir. Dörd bölmədən ibarət kitabın birinci -"Publisistikası" bölməsinə 91, ikinci - "Nəsr əsərləri" bölməsinə 12, üçüncü -"Ədəbi tənqidi məqalələri" bölməsinə 9, dördüncü - "İqtibas və tərcümələr" bölməsinə 13 əsər salınmışdır. Əsərlər izah və şərhlər yazılmaqla, mənbələri göstərilməklə xronoloji ardıcıllıqla düzülmüş, dil və üslubu mümkün qədər qorunub saxlanılmışdır.

 

Mənbə: olaylar.az