Biz Vətəndə yaşadıq, "vətənsiz", dəli kimi, ölənləri dəfn etdik, kəfənsiz ölü kimi...

Biz Vətəndə yaşadıq, "vətənsiz", dəli kimi, ölənləri dəfn etdik, kəfənsiz ölü kimi...

2008-ci il mayın 5-i idi. Hər gün televizorda hava haqqında xəbərlərdə Kəlbəcərin hava durumu haqqında məlumat deyiləndə, atam Müseyib kişi xeyli kövrəlirdi. Axı biz də Kəlbəcər rayonunun Başlıbel kəndindən köçkün həyatı yaşayanlardan biri idik.

Belə günlərin birində atam Başlıbelin may ayına aid olan bir neçə əhvalat, orada havanın necə olduğu barədə söhbətlər elədi. Mən bu söhbətlərdən təsirləndim və həmin gün aşağıdakı şeiri yazdım.

Canlanıb yenə də Kəlbəcər xəyalımda

İndi dağa, çəmənə təzə çiçək, gül gəlir.

Yollarını ot basıb, cığırları bilinmir

60 minlik köçkünün xəyalında yol gəlir

Aran dağa daşınmır, nə sürülər köç gedir

Hər gün müzakirəsi, söz-söhbəti boş gedir

Neçə bahar adlayıb, neçə payız-qış gedir

Yaylaqları xaraba, nə el gəlir, el gedir...

Bilmədik ki, kim satdı, yoxsa getdi havayı

Təkcə onu gördük ki, etmədilər davayı

Əlbət, haqlı olsaq da eşidən yox harayı

İşğalı qeyd edirik, il üstünə il gəlir.

İş düşübdür düyünə, qara gəlib zamana

Ümid qalıb Allaha, olmayaq bədgümana

Göydə şimşəklər çaxır, dağ bürünüb dumana

Orda dağdan, dərədən, burda gözdən sel gedir.

Biz Vətəndə yaşadıq, "vətənsiz", dəli kimi

Ölənləri dəfn etdik, kəfənsiz ölü kimi

Ermənilər sorurlar sərvəti zəli kimi

Kəlbəcərdən xaricə vaqon-vaqon ləl gəlir.

Sülh yolunu tutmuşuq, o da bizdən qaçaqdı

Kəsib-doğrayıb keçib, sümükdəki bıçaqdı

Hiylə, tələ qurmağa ermənilər qoçaqdı

Bir gün görəcəklər ki, qızmış buğa, kəl gəlir.

Başlıbelli Həsən də günlərini sanayır

Hər gün adı çəkilir, bağrım başı qanayır

Çoxu məzəmmət edir, köçkünləri qınayır

Yurd həsrəti çəkənin ürəyinə xal gəlir.

Hüseynov Həsən, Kəlbəcər rayonu Başlıbel kəndi

 

 

Mənbə: moderator.az