Türkiyədə ilk siyasi partiya quran Nezihe Muhiddin kimdir? - İlginc faktlar - FOTO

Osmanlıda feminizmdən danışsaq, Nezihe Muhiddin adı yada düşəcək.

Nezihe İkinci Konstitusiya Monarxiyasından Cümhuriyyətin quruluşuna qədər davamlı olaraq, qadın hüquqlarının müdafiəsi ilə bağlı çəkilən əhəmiyyətli bir addır. Nezihe, eyni zamanda, Osmanlı dövründə kişilər üstün olduğu ictimai quruluşda var olma mübarizəsi göstərən bir qadındır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Nezihe Muhiddin 1889-cu ildə Türkiyənin İstanbul şəhərində ziyalı bir ailədə anadan olub. Evdə aldığı xüsusi təlimlər və ailəsinin sosial məsələlərə baxışı Muhiddinin düşüncələrinin formalaşmasına təsir edib.

Ailəsi kimi, sosial problemlərə qarşı həssas bir fərd olaraq böyüyüb. Gənc yaşlarından bəri "qadın problemi" ilə bağlı bir çox məqalələr yazıb. O, ərəb, alman, fars və fransız dili kimi bir çox dilləri öyrənib. Buna görə də onun xaricdəki qadın hüquqlarını müdafiə edən şəxslərlə ünsiyyət qurması asanlaşıb. Ömrü boyu 20 kitab, 300 pyes və hekayələr yazıb. Bu əsərlərin bir çoxunu da Türkiyə Cümhuriyyəti qurulmamışdan qabaq yazıb. Yazdıqlarının əksəriyyəti qadınlarla əlaqəli idi. Jurnal və qəzetlərdə yazdığı məqalələrdə məhdudiyyət yox idi.

Türk Qadınlarını Qoruma Dərnəyinin və Donanma Dərnəyinin Osmanlı İmperiyasındakı Qadınlar şöbəsinin qurucularından biri idi. Ancaq onun düşüncəsindəki əsas məsələ qadınların sosial sahədəki vəziyyəti idi. Hesab edirdi ki, qadınlar cəmiyyətdə lazım olduqları mövqedə deyillər.

Nezihe Cümhuriyyət elan edilmədən öncə 15 iyun 1923-cü ildə Qadınlar Xalq Partiyasını qurub. Beləliklə Nezihe Türkiyə tarixində siyasi partiya quran ilk qadın lider olub.

Ancaq Nezihe Muhiddinin qarşısında çox vacib bir problem var idi.

Qadınların səs vermək və seçilmək hüququ yox idi. Bu səbəbdən Muhiddinin bir partiya qurması ölkənin gündəmini uzun müddət məşğul etdi. Təəssüf ki, qanuni əsaslarla bu partiyanın yaradılmasına icazə verilmədi. Yəni partiya qeydiyyatdan keçmədi.

Qadınlar siyasi səhnəyə çıxmaq üçün 1930-cu ilə qədər gözləməli oldular. Yenə də Nezihe Muhiddin təslim olmadı və siyasi partiyasını bir türk dərnəyi olan qadınlar birliyinə çevirdi. Qanunlarda qadınların dərnək qurması üçün bir maneə yox idi.

Nezihe Muhiddin 1925-ci ildə "Qadın Yolu" jurnalını yaradaraq, qadınlarla ünsiyyətini artırmağa çalışdı. Bu jurnal siyasətdən sənətə, dünyadakı qadın haqları mübarizəsindən fəlsəfəyə qədər bir çox mövzunu əhatə edirdi.

Muhiddin jurnalda dərc olunan məqalələrlə ictimai rəy yarada biləcəyini düşünürdü. Bu səbəbdən birdən çox jurnalın qurucusu oldu və məqalələrini fərqli nəşrlərə göndərdi. Əslində, qadın hüquqları onun fəal mübarizəsi dövründə hər zamankından daha çox ölkənin gündəmində idi.

Nezihe Muhiddin, 20-ci əsrdə gündəmə gələn "cins" anlayışından xəbərdar idi. Neziheyə görə, qadınların aşağı sosial vəziyyəti bioloji xüsusiyyətlərə görə deyil, sosial quruluşlara görə idi.

Bu səbəbdən, qadınları "kişilərin hökmranlığından" qurtarmaq onun həyat amalı idi. Muhiddinin mübarizəsi hər zaman birmənalı qarşılanmadı. Dövrün intellektual adamları, xüsusən, karikaturaçılar, köşə yazarları və bəzi siyasətçilər, Muhiddinin mübarizəsini həmişə aşağılayırdılar.

1927-ci ilə qədər Nezihe Muhiddin bir çox ziyalının hədəfəfinə gəlmişdi. Elə həmin il Nezihe Muhiddin korrupsiyada günahlandırıldı və Türk Qadınlar Birliyindən qovuldu.

Ona qarşı ittihamlar 1929-cu ildə qəbul edilmiş "Əfv Qanunu" ilə ləğv olunsa da, 1930-cu illərdən sonra küskün bir dövr yaşamağa başladı.

Nezihe Muhiddin 1958-ci ildə İstanbulda ruhi xəstəxanada həyatını itirib.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Vüsal Qasımlı: “Dövlət qurumları Ermənistanın Azərbaycana vurduğu zərərləri hesablayır”

SONRAKI XƏBƏR

Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silahdan istifadə edilmir - Anar Eyvazov