“Bizi Cıdır düzünə aparırdılar, düşmən maşınımızı atəşə tuturdu” - Xalq artisti Şuşa səfərindən danışdı...

“Bizi Cıdır düzünə aparırdılar, düşmən maşınımızı atəşə tuturdu”  - Xalq artisti Şuşa səfərindən danışdı...

Xalq artisti Səkinə İsmayılova doğma torpaqlarımızın işğaldan azad olunması münasibətilə öz sevinc hisslərini dilə gətirib. Muğam ifaçısı Moderator.az-a açıqlamasında Şuşayla bağlı keçmiş xatirələrindən də söz açıb:

“Birinci Qarabağ savaşının şahidiyəm. Çox gənc idim, 1988-ci ildə Şuşada “Vaqif poeziya günləri”ndə iştirak etdik. Tədbirdə çox görkəmli teatr xadimləri var idi. O tədbirdə mən və Baba Mahmudoğlu “Leyli və Məcnun” tamaşasında bir hissə ifa etdik. Hələ də o isti münasibət, qarşılanma yadımdan çıxmır. Çox çətinliklə bizi Cıdır düzünə apardılar. Maşınların pəncərələrini qoruyucularla tutmuşdular, çünki mənfur düşmənimiz bizə qarşı atəş açırdı. Topxana meşəsi düşmən tərəfindən məhv edilirdi. Nə isə, bütün bunları unutmaq istəyirəm”.

Muğam ifaçısı xalqımızı qələbə münasibətilə təbrik edib və şəhidlərimizə Allahdan rəhmət diləyib:

“Bizi bu haqq işimizdə qalib edən Allahıma şükürlər edirəm. Ali Baş Komandana, müzəffər ordumuza təşəkkür edirəm, var olun, deyirəm. Şəhidlərimizin ruhu şad olsun, yaralı əsgər balalarımıza Allah şəfa versin. Mən bölgələrimizdən olan bütün sənətkarlarımızı təbrik edirəm. Qarabağ hamımızındır. Bakıda doğulsam da, çox xoşbəxtdəm ki, Azərbaycanımızın hər bir bölgəsində sevilirəm”.

 

 

 

 

Mənbə: moderator.az