“Qatilə didaktika dərsləri” - yazıçı və qatil

“Qatilə didaktika dərsləri” - yazıçı və qatil

Aqşin Yenisey

"Mədəniyyət ekstremal vəziyyətərdə dəyərsizləşir”

Rafiq Tağı

Biri varmış, biri yoxmuş... Şərqin bizə məxsus torpaqlarında həmişə də belə olmuş...

Birininin var, birinin yox olması üçün Qabillər Habilləri qətlə yetirmiş... Var olma yox olmanın bir lütfü!

Habilin yeri boş qalmalı! Belə əmr olunub!

O yer elə bir yerdir ki, orada dayananda nə qədər tanrıya məxsussansa, bir o qədər də insana məxsus olursan; Göylü olduğun qədər yerlisən; Şərqli, yoxsa Qərbli olduğun dartışılar, amma bilinməz; Yuxarıların olduğun qədərlə aşağıların olduğun qədərin fərqi olmur! Sənə düşmən kimi baxana düşmən görünürsən, dost kimi baxana dost; Kasıblayanda əfəndi olursan, varlananda kölə; Hökumətlə aranda olan məsafə ilə cəmiyyətlə aranda olan məsafə eyni olur; Müxalifsən, amma müxalifətçi deyilsən; İqtidarsan, amma gücü təmsil etmirsən; Təkliyin ictimai mövqeyindir, tənhalığın tarixi əhəmiyyətin; Qoşulmağa sürü axtarmırsan!

Rafiq Tağı belə bir yerdə dayanmışdı xeyirlə şərin, Şərqlə Qərbin, tanrı ilə insanın arasında; hər iki tərəfdə ona düşmən olanların sayı daha çox idi və mərhum yazıçı "Qatilə didaktika dərsləri” hekayəsində gələcək qatilinin yubanmasından nigaran olduğunu yazırdı: "Dünən yuxuda nə görsəm yaxşıdır: qatilim tıxaca düşüb. Ay bərəkallah!” O, özünü ədəbiliklə təltif etmiş bu fanilikdə qatilinin də işinin axsamasını istəmirdi. Ancaq Rafiq Tağının özünün də düşmən olduğu, aradan götürmək üçün dırnaqlarını çeynədiyi bir nəfər vardı – KÜTLƏ İNSANI.

Və onun - kütlə insanın istər təkbaşına, istər öz babları ilə yaratdığı qələbəlik. Rafiq Tağı öz qatilinin də kütlə insanı olmasını istəmirdi, onda qatiliklə bərabər aqillik vərdişlərinin də boy atmasından yana idi: "...Öz qatil gələcəyinə balta çalma...Hərdən bir bədii əsər oxusana, arada Bethovenə-Vaqnerə qulaq asginən. Özünü qatil kimi cilalasana. Mahir qatil ədəbiyyatı da, incəsənəti-zadı da bilməlidir” – deyib ondakı rudmentar sükunətə qərq olub önəmini itirmiş aristokratik instinktin qeydinə qalırdı. Onu kədərə boğan öz həqiqəti uğrunda öldürülməsi deyil, bir cahil, bir nadan tərəfindən öldürülməsi idi: "Onun qatil olmağa haqqı yoxdur, sadəcə, şansı var”. O, öz edamının haqsızlığına deyil, onu edam edən(lər)in avamlığına, gerizəkalılığına üzülən bir Sokrat idi; müdrikliklə divanəliyin, komediya ilə faciənin, cəsarətlə kövrəkliyin vəhdətindən ibarət bir fikir cəngavəri.

Gələcək qatilinə "didaktika dərsləri” keçməsinə baxmayaraq, Rafiq Tağının Azərbaycandakı yeri intellektualın dünyadakı yeridir; Bu əsərində o, özü kimi qatilini də taleyin hambalı kimi deyil, tarixin əfəndisi kimi görmək istəyir: "Tarixə düşmək barədə düşün, ...heçlikdən qurtulmağın yeganə yolu budur”. Rafiq Tağı öz qatilinə özünün tarixi şəriki kimi baxır, tarixi ortağı kimi onun qayğısına qalır. Tale heçlikdir, ondan qurtulmaq üçün insan nəinki öz ölüm hökmünü özü yazmalıdır, hətta öz qatilini də özü yetişdirməlidir. Əslində, Rafiq Tağının didaktika dərsi keçdiyi heç qatili də deyil, bütövlükdə Azərbaycan xalqıdır: "Tarixə düşmək barədə düşünün, ...heçlikdən qurtulmağın yeganə yolu budur”.

Rafiq Tağı öz qatilini özü yaratmaqla özünün sənət tarixindəki bütünləşmiş obrazını yaradır; Fikir adamının həyatı ya yaradıcılığının davamı, ya da tamamı olmalıdır. Öz qatilini özü yetişdirməklə Rafiq Tağı həyat və yaradıcılığının platonik yarımçıqlığını tamamlayır. Rafiq Tağıya görə, yaradıcı insanın itkin düşən yarısı sevgilisi, yaxud imtiyazlar, titullar deyil, qatilidir. Bu "qədim platoniklik” tanrı və şeytan arasında da keçərlidir. Bəlkə, dünya da bir gün tanrı ilə şeytanın yenidən qarşılaşması ilə öz varlığına son qoyacaq. Yaradıcı insan həyatını tamamlayan itkin düşmüş qatillə görüşüdür; bu görüş baş tutmayıbsa, yaradıcının ölümü hələ son deyil, o, hələ gələcəkdə öləcək, həm də dəfələrlə. Rafiq Tağı dünyada da, Azərbaycanda da öz qatilini axtarırdı, qatilinin yolunu gözləyirdi. O, uzaqlarda nakam sevgilisinin deyil, nakam qatilinin tək qaldığına inanırdı. Bu həsrət onun yaradıcılığında qanla çəkilmiş uzun bir xətt kimi həmişə görünürdü.

Rafiq Tağıdan həmişə qan qoxusu gəlirdi.

Rafiq Tağı üzü üzlər görmüş, imtiyaz və himayə axtaran bir müstəmləkə ziyalısı, kommunizm kahini deyildi, çürümüş müstəmləkə dəyərlərini "qətlə yetirən” bir intellektual idi. İntellektual bir canavardır, xəstə köhnələri parçalayıb sağlam yenilərin yaranmasına səbəb olur.

Hər bir gerçəklik sərrast bir fikirdə ifadə olunmaq istər; Özü haqqında fikir hər bir varlığın etiketidir. Fikir, zəkanın həyatının təcrübi qazancıdır; zəka bu qazancı saxlamaq üçün arvadı yaddaşa verir. Yaddaş isə bütün arvadlar kimi əlinə düşəni üst-üstə yığıb çoxaldır. Zəka və yaddaş dünyanın ən varlı ər-arvaddır. Fikir adlı ən parlaq almaz onların daxmasındadır.

Tanrı da, şeytan da; kişi də, qadın da; iqtidar da, müxalifət də; hökumət də, xalq da; cəmiyyət də, ailə də bu almazı ələ keçirmək istəyir, yəni hər bir varlıq onu dəyərləndirəcək, qoruyacaq, yaşadacaq, yeri gələndə, düşmənlərini əzəcək, dostlarını fərəhləndirəcək bir fikrə, həm də ən güclü bir fikrə, düşüncəyə sahiblənmək istəyir, ona sərmayə yatırır. Hər bir gerçəklik istəyir ki, fikir adamı onun tərəfində olsun. Şeytan möminləri öz tərəfinə çəkmək üçün onların qəlbinə yol axtardığı kimi, bəlkə, tanrı da öz tərəfinə çəkmək üçün ateistlərin qəlbinə yol axtarır. Çünki nəhayətdə hər bir varlığın dəyəri özü haqqındakı fikirdir. Hər bir varlıq özü də gec-tez bir fikir materialına çevrilir. Amma materiyanı fikirə çevirmək və qoruyub saxlamaq hər zəkanın və hər yaddaşın işi deyil; bu işin öz müqəddəsləri var; fikir adamları. Bəşəri və sonsuz konfliktdə iştirakçı olan hər bir gerçəklik fikir adamlarını öz yanında görmək istəyir.

İnsanları fikirlər böyüdür; hər insan gec-tez onu böyüdən fikrin vücuduna dönüşür. Ona görə fikir adamları da daha çox insana təsir etmək, böyütmək, fikirlərinin vücuduna dönüşənləri çoxaltmaq üçün boy göstərə biləcəkləri bir yer, mövqe axtarırlar. Ancaq insanlar kimi fikirlərin də böyümək özəlliyi və ehtiyacı var. Elə fikir adamları da var ki, onlar insanları deyil, fikirləri böyüdürlər; adətən, birbaşa fayda görmədikləri üçün insanlar onlarla maraqlanmır, bəzən yadlaşdırır, hətta təqib edib qətlə yetirirlər. Onların özləri də, fikirləri də tənhalığa tərk edilir. Onlar öz zamanlarının yalquzaqlarına, "Başsız atlı”larına çevrilirlər. Onlar intellektuallardır! Hitlerin "cəmiyyətin tullantıları” dediyi şəxslər.

Bir fikir adamının intellektual olması, ola bilmək ehtimalı nəinki Azərbaycanda, bütün müsəlman aləmində hələ ki, heç kimə əl vermir; ağrıyan çürük diş kəlbətin axtarar, məsləhət yox. Ona görə də qardaşı Habili öldürəndən sonra Qabilin gəlib özünə yuva qurduğu Şərqin bizə məxsus torpaqlarında həqiqi intellektuala rast gəlmək ağ milçəyə rast gəlmək kimi müşkül məsələdir. Müsəlman ölkələrində intellektualın yeri ya ömürlük dəlixanadır, ya mövsümi həbsxana, ya da əbədi məzar! Niyə? Çünki bir intellektual gələcəyin apokaloptik fəlakət ola biləcəyi qorxusu ilə depolanmış, artıq mənəvi-ruhani qaynaq olmaqdan uzaqlaşıb, siyasi-iqtisadi bazarlamada vasitəçilik yapan dəyərlərin qarovulçusu, qulluqçusu deyil, özü yeni bir dəyər yaradandır. Zəkanın özü də intellektualda qabığını dəyişir, yenilənir. Nəslini yeniləmək üçün suyun mənbəyinə can atan, bundan ötrü sıldırım şəlalələrə dırmaşan somon balıqları kimi fikirlər də yenilənmək üçün min bir əngəli aşaraq intellektualın beyninə tələsirlər. Bu mənada intellektual işə mövcud vəziyyətin "mühafizə xidməti” işini görən, didaktik sxolastika ilə zirehləndirilmiş, keçmişi canlı tutmaqla görəvləndirilmiş, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının milli kimliklərini mədəni kimliklərinə qurban verdikləri üçün ikiüzlü dediyi ziyalılığın tənqidi ilə başlayır. İntellektualın ilk işi ziyalının gələcəyin yalançısı olduğunu ifşa etməkdir.

Ziyalı "yalançı peyğəmbər”dir. Eyni zamanda ziyalı da hər vəchlə çalışır ki, intellektualı, ziyalısı, yəni "çovdarlıqda uçrumdan qoruyan”ı olduğu, çörəyini yediyi dəyərlərin, cəmiyyətin, elitanın gözündən salsın. Çünki o bilir ki, eybəcərləşməş köhnəliyin üzünə yaxılmış kartoflu xiyar maskası kimi bir şeydir, üzvü olduğu elita onun kubar parıltısının altında özünün çirkin oyunlarını kütlədən gizləyir. Ziyalı dediyimiz şey altı yüz əlli yaşlı Füzulini ona görə əsrlərin o tayından haraylamır ki, qəzəlin lirik-estetik homoseksuallığına bayılır, ona görə haraylayır ki, özünün ədəbi-ictimai nüfuzuna təhdid kimi gördüyü gənc füzulilərin başını əzməkdə qoca Füzulinin lirikası ona daş baltası kimi lazım olur. Ziyalının zəkası hökumətlərin gözündə siçan dərmanıdır, hər bir hökumət üzərində dayandığı müvəqqəti dirəkləri gəmirən siçan zənn etdiyi hər kəsin yeminə o zəkadan bir çimdik qatır. İntellektual isə nəinki elitadan şöhrət, cəmiyyətdən hörmət umur, o, ümumiyyətlə, mədəniyyətin özündən azad olmuş ağıldır. Bəli, intellektual ruhun deyil, ağlın, bilginin azadlığıdır.

Rafiq Tağının obrazında bunların hamısı vardı; o, ziyalılıq institutunun riyakarlığını ifşa edirdi, bəzən tarixi özünə tərəf əyən şöhrətinin arxasında gizlənib pul sayan ziyalının acgözlüyünü xalqa göstərmək üçün Füzulinin özünün də gözünün yaşına baxmırdı: "… sərt reallıqlar varsa, yumşaq fantaziyalar nəyə lazım”. Və buna görə də açılıb-yumulan ağızlarla dolu olan başlar tərəfindən lənətlənirdi; o, ən azı, sahib olduğumuz mədəniyyətə kosmik bir işıq tutmağa çəhd göstərirdi. Mədəniyyət deyib içində eşələndiyimiz girdabın məddahına çevrilmək istəmirdi. Hətta qatilinin də bu mədəniyyətin yetirməsi olduğunu qəbul edə bilmirdi, məsələn, ona oxumaq üçün ədəbiyyat siyahısı verirdi: "Yesenin poeziyası kriminallığa biganə deyil”.

 

Biz Rafiq Tağının yazıcı xarakterini yalnız intellektual-ziyalı konfliktində daha aydın aça bilərik və bayaqdan buna cəhd edirik. Bütün müsəlman şərqində bu gün də yaşanan bu Habil-Qabil ziddliyini açıb-ağartmaqla biz həm də yazar-cəmiyyət münasibətlərinin altındakı gizli bazarı görəcəyik. Hər nə qədər "intelligence” (anlamaq) və "lecture” (anlatmaq) kəlmələrinin nikahından yaransa da bizim tanıdığımız ənənəvi ziyalı tipini intellektual adlandırmaq çox böyük qələt olar; çünki farsdillimiz Nizami Gəncəvidən tutmuş rusdillimiz Çingiz Abdullayevə qədər əksər Azərbaycan yazarları institutlaşmış, sinifləşmiş simaları ilə boy göstərirlər. Onu da qeyd edək ki, Orta əsrlərin müsəlman alim və filosofları xələflərindən fərqli olaraq daha çox intellektual idilər; onların işi bilgini ürətmək idi, satmaq yox. Elə buna görə də təqib olunurdular; aşağılar təhqir, yuxarılar təhdid edirdi onları. Sokrat özü də bilgini afinalılara satmadığı, bəlkə də, sata bilmədiyi üçün zəhərə "qonaq edildi”; Spinoza, sadəcə, "yəhudi bazarına” uyğun olmayan yeni bilgi ürətdiyi üçün sui-qəsdə uğradı. Axundov dinin özünü batil inanc elan etdiyi, "köhnə bazara təzə nırx vurduğu” üçün meyiti ortada qaldı, cənazəsinə müsəlman Azərbaycanından kimsə getmədi. Bendanın da yazdığı kimi həmcinslərini maddiyatın dinindən başqa dinlərə yönədən insanlar olduqları üçün intellektuallar bütün zamanlarda içində yaşadıqları mədəniyyətin özü ilə kəllə-kəlləyə gəlirlər. Ziyalı dediyimiz "mədəniyyət polisi” isə bütün dövrlərdə mövcud mədəniyyəti təmsil edən elitanın əlinin altındakı, bir növ, məlumat kitabçası olub, onun maraqlarına xidmət edir.

Bu gün də ziyalı mədəniyyətin dostu yox, nökəridi; sür dərəyə fədaisidir, üzündən saxta təbəssüm əksik olmaz. Rafiq Tağı qatilini belələrindən uzaq durmağa çağırır, hekayəsində ona verdiyi "didaktika dərslərində” onları qiyabi olaraq bu şəkildə təsnifatlaşdırır: "Eləsi var – yalnız Hafizdən qanır, eləsi – aforizmlərdən. Kimlərsə də qəzəlin dördbucaqlı qəfəsində bülbülə dönür. Kişilər tanıyıram ki, padşaha söylənən mədhiyyələrdən tərbiyələnib. Kişilər də tanıyıram, oliqarx dalındakı qara mağarada zahidə çevrilir”. Burada ziyalıya xas bir neçə sima göstərilib.

Bardağın dolu tərəfindən baxsaq, ziyalı onun evinə dolu zənbillər şəklində girən milləti düşünür, intellektual onu ac saxlayan bəşəriyyəti. Ziyalı onu şöhrət həzzi ilə təmin edən cəmiyyətin dərdini çəkir, intellektual, özü də anlayışlar mühitində şöhrət açlığı çəkən fərdin.

Nobel mükafatından imitina etməklə institutlaşmış yazıcı, yəni əslində, ziyalı olmaqdan imtina edən Sartra görə, intellektualın dəyəri hər hansı sinfi mövqeyi yox, kağız və qələm olmalıdır; intellektual elmin özünü yaradan və onu təcrübədə sınayan şəxs deyil, bu təcrübənin insan həyatındakı zərərini və faydasını araşdıran və bunu cəmiyyətlə bölüşən şəxsdir. İntellektaul, bir növ, elmin, bilginin peyğəmbəridir. İnsanlar alimdən fərqli olaraq, onu daş-qalaq edə-edə sevirlər. Nifrət intellektualın mükafatıdır.

Cəmiyyətimiz bu mükafatı Rafiq Tağıdan heç vaxt əsirgəmədi. O, bu nifrətin bir gün sözdən əmələ, sinsi bir hissdən gerçək bir qətlə çevriləcəyini bilirdi; ancaq o, belə cəmiyyətin böyütdüyü qatili də özü kimi həlləm-qəlləm olacağından nigaran idi: "…Qatilimin tıxaclar əlində avara-giriftar qalması məndə peşimançılıq, məyusluq doğurur. Belə degenerat və infantillə hara getmək olar! Millət onun korafəhmliyini eşitsə, ruhdan düşəcək. Yox, mən qatilimi haq-nahaq ideallaşdırmalı, onu hamıdan, hər kəsdən üstün göstərməliyəm. Bunun üçün tıxacları əşəda xatırlatmamalı! Hər saat, hər an yaradıcı-ideal qatil yaratmaqla məşğul olmalı...”

Rafiq Tağı, yəqin ki, Jülen Bendanın "İntellektualların xəyanəti” kitabında bizim ziyalı dediyimiz zümrə haqqında yazdığı "bu zümrə artıq həqiqət çarçıları olmaqdan çox uzaqdırlar, siyasi maraqlara qulluq edirlər, iqtidarların ehtiraslarına keşik çəkirlər. Öz qruplarının mənfəətini güdürlər” cümlələrinin altından gözüyumulu qol çəkərdi. Bendaya görə, əsl intellektual həqiqəti söylədiyi üçün inkivizisiya tonqalını özü üçün sönməyə qoymayan, çarmıxını öz çiynində gəzdirən, öz evində də sürgün həyatı yaşayan şəxsdir.

Rafiq Tağı öz inkivizisiya tonqalını heç vaxt sönməyə qoymadı. O, öz taleyindən savayı, həm də öz ölümüm, qatilinin yaradıcısı idi: "…Sağ qalsaydım, onunla əcəb dost olardım…qatili fotorobotda vəsf etmədəyəm. Haq-nahaq onu hey ucaldıram. Bəzi zahiri cizgilərini Koroğludan, bəzilərinisə Qaçaq Nəbidən əkişdirmişəm… Mənimki fotorobot düzəltmək deyil, igid bir insan icadıdır… Qabaqcadan ona "sağ ol” deyirəm.”

 

İngilis yazıcısı Oldos Haksli özünə seksdən daha cəlbedici bir şey tapan hər kəsi intellektual adlandırır; Russonu intellektualların atası hesab edən tarixçi Pol Conson isə onun sözünə qüvvət olaraq əlavə edir ki, intellektual şəxs ənənələrə, cəmiyyətin əxlaqi və mənəvi dəyərlərinə əhəmiyyət verməyən, heç bir siyasi, iqtisadi tərəfkeşlik tutmayan, özünün fəlsəfi, siyasi, əxlaqi "dünyası” olan və bu "dünyanı” insanların yaşadığı real dünyanın qarşılığı olaraq onlara təqdim edən insandır. Yəni Pola görə, intellektual, bir növ, bizim Nizami Gəncəvi kimi heç bir "icazə kağızı” olmadan ucdantutma hamıya ağıl verir, amma Nizami Gəncəvi kimi sifariş və hədiyyə qəbul etmir. Şahlardan aldığı sifarişlər və bu sifarişləri yerinə yetirməyin qarşılığında mükafat olaraq qəbul etdiyi 9 kənd və Afaq xanım məsələsi olmasaydı biz Nizami Gəncəvimizi gəlmiş-keçmiş bütün intellektualların ulu əcdadı adlandıra bilərdik.

Nə yazıq ki, bizim dərədə xalis intellektual olmaq heç bir dövrdə mümkün olmamışdır. Hətta "ən təmiz” intellektualın köynəyində də dolanışığın şorba, şöhrətin şərab ləkəsi vardır. Bəlkə, bu güzaran ləkəsi Rafiq Tağının da pencəyinə düşəcəkdi bir gün. Amma yaratdığı və inandığı dəyərlər buna imkan vermədi. Qatili Rafiq Tağının qulluqçusu idi; yazıcı gələcək qatili ilə ona yazdığı "didaktika dərslərində” elə qulluqçusu, nökəri kimi də davranırdı "…Ay qurumsaq, ona deyirəm, tıxaca düşməmək üçün evdən bir az tez çıxsana! …Bir yandan qətldə əlinin gətirməsini istəyir, bir yandan da ölür gəlməyə. Can çəkir. Fıs vurub yatır”.

Tarixin bütün dövrlərində bizim "ziyalı” dediyimiz "bilgi tacirləri” mövcud sistemlərin kahinləri olublar. Onlar ibtiadi icma quruluşunda tayfa başçısının, quldarlıq quruluşunda qul sahibinin, feodalizmdə feodalın, kapitalizmdə patronun, sosializmdə hökumətin "sığal çəkən əl”iydilər. Hər bir din kütlələri ofsunlamaq üçün öz xurafatını yaratmağa məhkum olduğu kimi, hər bir siyasi-sosial quruluş da eyni məqsədlə öz ziyalı zümrəsini yetişdirməyə məhkumdur. Ziyalının funksiyası təmsil etdiyi sistemə görə dəyişir, dəyişməlidir. Məsələn, çar Rusiyasının ziyalıları dindar-liberal düşüncəni dəstəkləyirdilər, kommunist Rusiyası onları ateist-proletar düşüncəni əldə bayraq edən ziyalılarla əvəzlədi. İntellektualın belə bir ideoloji, morfoloji adaptasiya bacarığı yoxdur, olsa, o da dönüb ziyalı olar. Çünki intellektual xarakter mövsümi deyil, zamanda yetişir və irsi ötürülür. Mövsümi məhsul ziyalıdır; mövsüm şad gələndə bol olur, bəd gələndə qıt.

Rafiq Tağı heç vaxt ziyalı olmaq istəmədi, özünə qiymət oxutdurmadı.

Ziyalı dolanışıq və şöhrət xatirinə içində qətlə yetirdiyi, bəzən də içində can verə-verə yaşayan, ölmək bilməyən intellektualın qisasını hər kəsdən, hər an almağa hazır olan "ictimai məmurdur”. Onun aşağılar və yuxarılar qarşısında vəzifəsi var. Ziyalı həm aşağıların, həm yuxarıların karına gələn adamdır. Cəmiyyətin bir intellektualdan çox, bir ziyalıya ehtiyacı var; çünki ziyalı həm aşağılardan, həm yuxarılardan sifariş qəbul edir, onu çox vaxt bu üzüyumşaqlığına görə "cəmiyyətin vicdanı” adlandırırlar. İntellektual isə öz ağlının, qəlbinin sifarişilərinə xidmət edir, öz vicdanının səsinə qulaq asır.

Ziyalı həyəcanla gözlənilən, intellektual isə çağırılmamış qonaqdır. Ziyalı cəmiyyətdə beyinlər, düşüncələr arasında şütüyən bir "təcili yardım” vasitəsidir. O, həm aradüzəldən, eyni zamanda həm də aravurandır. Və bu xidmətlərinə görə bir tərəfdən mükafatlandırıldığı kimi, o biri tərəfdən də aşağılanır. O, bunların hər ikisinə dözməlidir. Həm də mədəni bir formada dözməlidir. Üsyankarlıq ziyalının içindəki qətlə yetirdiyi intellektualı oyada bilər ki, bu da evdə arvad-uşağın ac qalması, cəmiyyətdə ziyalının hörmətdən düşməsi deməkdir.

İntellektualın belə bir dərdi yoxdur, əgər ailəsi onun həqiqətinə əngəl olacaqsa, arvadını özü başqasına ərə verəcək, uşaqları isə böyütmək üçün qoca anasının yanına göndərəcək. Bizdə belə adamları siftə ziyalılar daş-qalaq edir; çünki ziyalı olan ümumi əxlaqın xəfiyyəsi, xüsusi tərbiyənin casusudur. Xalq və hökumət onları öz dəyərlərini qoruyan bostan müqəvvası kimi görmək istəyir.

Rafiq Tağı heç vaxt ictimai müqəvva olmadı. Əksinə, o, ziyalıların qoruduğu dəyərlərin ziyanlı olduğunu yazırdı: "Cinayətlərimiz əsasən əxlaqdan törəyir, törəyəcək də …Cinayət yoluyla olsa da, respublikada xoşbəxtlik və bədbəxtliyi balanslaşdırmaq mümkündür. …Cinayətlər ailələrimizin, heç olmasa, yarısını xoşbəxt etməyə zəmin yaradır”. Bu acı həqiqətləri yazdığı üçün ziyalılar Rafiq Tağıya hücum edib cəmiyyətin əlindəki "yağlı tikəni” qamarlayırdılar.

İntellektual, bir növ, modern çağın, bilgi dünyasının xəyalpərəstidir, macərapərəstidir, Don Kixotudur. O, nə sistemin, nə cəmiyyətin, nə də özünün xeyrini güdür. O, sadəcə, ortalıqda bir beyin fırtınası kimi dolaşır. Ona görə də intellektual öz cəmiyyətinin (hətta bəzən dünyanın) kimsəsizidir, yalqızıdır. İntellektual həm də bu yalqızlığına görə mədəniyyətin içində deyil, çölündə yer alır; o, mənsub olduğu mədəniyyətin, bir növ, süni peykidir.

Bir intellektual, məsələn, Stalinin vaxtında Yazıçılar Birliyinə üzvü olmaq fikrinə düşürdüsə, dönüb ziyalı olurdu. Əsl intellektual üçün ziyalı olmaq, başına gəlməsini istəmədiyi ən pis hadisədir. Biz tərəflərdə intellektual, adətən, toy gecəsi ziyalı olmağa başlayır. Xalq onu ilk növbədə qoltuğuna verdiyi arvadla "etkisiz” hala gətirir. Nağara intellektualı məsafədən zərərsizləşdirən milli silahdır.

Xalq öz ziyalısından intellektuallıq yox, mədənilik tələb edir. Ziyalı dediyimiz ictimai, hətta inzibati bir maket, milli nümunə olmalıdı. Mədəni olan gecə saat üçdə də istifadəyə yararlı halda gözləməyi bacarmalıdır. İnsanlar onu heç vaxt yatmayan, yeməyən, tualetə getməyən universal varlıq kimi təsəvvür etməlidirlər. Mədəni olan yeri gələndə çəkic, yeri gələndə mıx olmalıdır. Stalin sovet ziyalısı tipini bu şablona uyğun yaratmışdı; ənənəvi Azərbaycan ziyalısının müəllifi stalinizmdir. Nəslikəsilməkdə olan sovet ziyalısı tipi xalqın, cəmiyyətin qarsında Stalinin təmsilçisi idi. Onun kimi geyinməli, onun kimi qımışmalı, onun kimi öskürməli, onun kimi...

İntellektualın isə mədəni olmaq kimi bir öhdəliyi yoxdur. əksinə, o, mədəniliyin yerinə azadlığı qoyur. Adətən, əsl intellektual mədəni olmaqdan qaçır, çünki mədəniliyin onu elitanın və kütlənin qulluqçusuna çevirəcəyini bilir. İntellektual mədəniyyətdən azad (bəlkə də, xilas) olmuş adamdır. Ziyalı intellektuala müharibə elan etdiyi kimi, intellektual da ziyalının təmsil olunduğu mədəniyyətə müharibə elan edir. Çünki o, məqsədli gözəlliklə yanaşı, məqsədli eybəcərliyi də bu mədəniyyətin yaratdığını bilir: "Gözəllik cinayətlərin açılmasında zərrə qədər də rol oynamır. Gözəlliyin olsa-olsa cinayətlərin törədilməsində rolu var. Gözəlliklər – cinayət tərkiblidir!” Rafiq Tağı mədəniyyətə qarşı azadlığı qoyduğu kimi, gözəlliyə qarşı da həqiqəti qoyur: "Bəşəriyyət həqiqətin tərəfində duranları gözəlliyin tərəfində duranlardan üstün tutur. Gözəlliyə istinadən görülən işlər heç vəchlə obyektiv sayılmaz. İnsafən də, həqiqət hara, gözəllik hara”. Gözəllik gərəkirsə də bu, həqiqətin gözəlliyi olmalıdır. Mədəni olan vəziyyətin gözəlliyidir, intellektual olan həqiqətin. Vəziyyətin gözəlliyi etikdir, həqiqətin gözəlliyi estetik. Mədəni olan intellektual, intellektual olan mədəni görünmək istədikdə, yaxud buna məcbur edildikdə zayı çıxır.

Dostoyevskinin "Böyük İnkivizitor”undan, yəqin ki, bizi oxuyan hər kəsin xəbəri var. Orada İsa peyğəmbər intellektualın (həqiqətin), inkivizitor ziyalının (vəziyyətin) arxetipidir. Elə bil, "cəmiyyətə hansının faydası daha çoxdur” dediyinizi eşitdim. Bu sualın önündəki qələbəlik intellektualın tək qaldığı yerdir.

Çünki intellektual bilginin fayda üçün deyil, həqiqət üçün istismar edilməsini müdafiə edən şəxsdir, faydalı olmaq istəyən intellektual deyil, elm adamıdır. İntellektualın mədəni olmaq öhdəliyi olmadığı kimi, faydalı olmaq öhdəliyi də yoxdur. Faydalı olan mömindir, amma çox vaxt həqiqət şeytanın dilindən səslənir. Bu mənada intellektual bəzən faydalılıq prinsipini qazanca çevirən firmalar üçün dəridən-qabıqdan çıxıb lord pişiyi kimi yaşayan elm adamlarının da qəniminə çevrilir. Onun məqsədi oxumaq, gəzmək, yaratmaq deyil, oxuduqlarının, gördüklərinin, yaradılanların içindən ən yaxşılarını seçməkdir. Yaxşıların içindən ən yaxşını seçmək. Çünki o bilir ki, yaxşı ən yaxşının düşməndir. İntellektualın zəhmətindən qazanan çox vaxt bilginin özü olur. Sokrat demokratiyanın tənqidçisi idi, Sokratın edamından qazanan da demokratiyanın özü oldu.

Rafiq Tağı da qətlinin tənqidçisi olduğu cəmiyyətin, ölkənin işinə yaramasını arzulayırdı: "Qoy atəşli-qışqırtılı, gurultulu-guppultulu bir qətlin şöhrəti hər it-qurda yox, özümüzünkünə qismət olsun. Qatili tarixə salacağıqsa, mən onu öz millətimdən seçirəm”.

Həqiqəti deyil, vəziyyəti dəyərləndirməyi milli-mənəvi ölçü səviyyəsinə ucaltmış cəmiyyətimiz bir bütün olaraq hələ ki, mədəni olana tapınır, ziyalı olana sitayiş edir. Biz intellektual olanı anlamırıq. O, bizə ögeydir. O, bizim mədəni mühitimizdə yad ünsürdür. Axtarıb öz cəmiyyətini tapmalıdır. Nə çoxdur gözü yol çəkən qürbət! Rafiq Tağı qürbətin gözünü yolda qoydu. O, öz qatilinin belə vətəndə yalqız qalmasını istəmədi, çünki özü bir insan üçün vətəndə yalqız qalmağın nə demək olduğunu bilirdi. "Mən ölməliyəm ki, o dirilsin… Bu saat mən xəyalda qatilimi görürəmsə də (görürəm gəlir), reallıqda onu heç vaxt görməyəcəyəm. Sui-qəsd olmasa, min il qala, mən o nadir insanla rastlaşmaram. Onunla kontaktım yalnız odlu, ən aşağısı, soyuq silahla baş tutar. Qətldən sonra yenə bir-birimiz üçün itəsi insanlarıq: o tapılarsa da, artıq mən tapılmaram”.

Doğrudan da, qətl gecəsindən sonra heç kim qatili axtarmırdı, hamı Rafiq Tağını axtarırdı; tanıyan da, tanımayan da. Hətta ifadəmi almaq üçün mənim özümü də polisə çağıran müstəntiq vidalaşarkən Rafiq Tağının kitablarını istədi; polis idarəsində hiss etdim ki, burada hamı Rafiq Tağı ilə maraqlanır, Rafiq Tağını axtarır, qatil heç kimin yadına düşmür. Amma artıq gec idi, Rafiq Tağı daha heç vaxt tapılmayacaqdı, özü sağlığında xəbərdar etmişdi bizi: "…mən daha tapılmaram”.

 

Mənbə: qaynarinfo.az