“Ən həssas məqamlarda alver edənlər...” – Yazıçı savaşdan danışdı

“Ən həssas məqamlarda alver edənlər...” – Yazıçı savaşdan danışdı

İkinci Qarabağ müharibəsinədək ölkədə daxili narazılıq pik həddə idi. Müxtəlif peşə sahibləri, xüsusilə də yaradıcı insanlar mənsub olduqları xalqın ünvanına kəskin ifadələr işlədirdi. Hətta bəzi yazıçılar Azərbaycanda doğulduqlarına görə peşmanlıq hissi keçirir, Ukraynada doğulmağı arzulayırdılar. Müxtəlif məqalələrdə azərbaycanlıların pulgir olması ilə bağlı fikirlərə yer verilirdi. Lakin Vətən müharibəsi bizə Azərbaycan cəmiyyətinin oxuduqlarımızdan, haqqında səslənən fikirlərdən tamam fərqli olduğunu göstərdi. Bu toplumda insanlar şəhidlərimiz və cəbhədə olan əsgərlərimizin ailələrinə bacardıqları qədər maddi və mənəvi yardım göstərirdilər.

 

Maraqlıdır, müharibədən sonra baş verən hadisələr xalqını tənqid etməklə gündəmdən düşməyən yazıçıların yaradıcılığına, həyata baxışına necə təsir göstərəcək?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən yazıçı Şərif Ağayar qeyd edib ki, müharibə insanların həm müsbət, həm mənfi cəhətlərini ortaya çıxarır:

“Ən həssas məqamlarda alver edənlər, nəsə qazanmağa çalışanlar olduğu kimi, nəcib keyfiyyətləri ilə rəğbət qazananlar da az deyil. Fikrimcə, bizim qələbə ilə bitən müharibəmiz Azərbaycan xalqının çox böyük keyfiyyətlərini ortaya çxardı. Bizim özümüzə olan inamımızı geri qaytardı. Bu inam və birlik Şuşa qalasının alınmasından heç də kiçik hadisə deyil. Çünki o qalanı geri almaq elə bu birlik sayəsində mümkün oldu.

Aprel döyüşlərindən başlayaraq 44 günlük Vətən müharibəsi də daxil olmaqla bu günədək olan dövr Azərbaycan tarixində yeni bir epoxanın başlanğıcı olacaq. Bu qələbənin müsbət təsir göstərməyəcəyi sahə yoxdur. O, iqtisadiyyata, siyasətə, o cümlədən ədəbiyyata təsir göstərəcək. Cəmiyyətin sivil dəyərlərlə formalaşmasına təkan verəcək”.

Həmsöhbətimiz vurğulayıb ki, indiyədək bizim demokratik inkişafda müəyyən mənada axsamağımız torpaqlarımızın işğalı ilə əlaqəli idi:

“Məğlub əhvali-ruhiyyətinin aradan qalxması çox böyük məsələdir. Ona görə də hesab edirəm ki, yazıçılarımız bundan sonra əsərlərində müharibənin özünə qarşı belə daha rahat davranacaqlar. Bilirsiz, məğlub ölkə olanda insan müharibənin içərisindəki mənfilikləri tam göstərə, komik durumları qeyd edə bilmir, sanki adamlara toxunmağa çox qıymırsan, axı onlar torpaq itirirlər.

Ancaq qələbə çalandan sonra dediyim kimi, yazıçı rahat davrana bilir, istər yumorunu işə salanda, istərsə də nəyisə sərt tənqid edəndə özünü sərbəst hiss edir. Burada söhbət tətbiq olunan hansısa qadağadan getmir, sadəcə yazıçı öz içində o arxayınlığı tapır. Şuşanın azad olunması bizim üçün mənəvi zirvənin geri qayıtmasıdır. Şuşa təkcə strateji nöqtə deyil, o həm də bizim üçün ucalığın rəmzidir. Şuşa Üzeyir bəyə qovuşmağımızın rəmzidir. Axı Üzeyir bəy sivilizasiya yaratmış kişilərdəndir, biz onun epoxasında yaşayırıq. Bu qələbə bizim modern sənətə, düşüncəyə, böyük ziyalılığa qovumağımızdır. Biz indi həmin torpaqlara layiq cəmiyyət qurmağa çalışmalıyıq. Son 28 ildə olan çatışmazlıqları özümüzlə o torpağa qaytarmamalıyıq. Söhbət istər məmurlarla sıravi vətəndaşların, istərsə də insanların öv aralarındakı mənfi münasibətdən getsin”.

Yazıçı hesab edir ki, bundan sonrakı dövrdə bizim ən vacib davranışımız Şuşanı dünyanın mədəniyyət mərkəzinə çevirmək olar:

“Bizi bunun əksi kimi təqdim etməyə çalışan qonşularımızın inadına kim olduğumuzu göstərməliyik. Qələbəni mədəni üstünlüklər təsdiqləyir. Karl Marksın məşhur bir ifadəsi var. Çoxu qəbul etməsə də, o böyük adamdır. O, “Mədəni səviyyəcə aşağı olan xalqlar mədəni səviyyəcə yüksək olan xalqların ərazilərini işğal edəndə belə, onların təsirinə düşürlər”,-deyirdi. Burada monqol istilalarını nümunə göstərirdi. Bu mənada bizim ermənilərlə müqayisədə mədəniyyətimiz çox yüksək səviyyədədir. İndi bu müharibədəki qələbə də bunun bir təsdiqidir. Biz göstərməliyik ki, heç də təqdim olunduğu kimi aqressiv, işğalçı deyilik. Biz sadəcə haqq-ədalət müharibəsində döyüşmüşük. Biz oraya sevgi, mədəniyyət və ədəbiyyat aparacağıq”.

Şərif Ağayarın sözlərinə görə, bəzən insanlar səhvən düşünürlər ki, yazıçı, şair çətinliyə düşəndə yaxşı yazır. Bu yanaşma kökündən yanlışdır:

“Hər hansısa müharibə, ümumiyyətlə, qaçqınlıq bizə mövzu olaraq kömək edə bilər, onu yazmaq maraqlı alınar, ancaq bunun üçün mütləq o zülmün içərisindən sıyrılıb çıxa bilməlisən. Çünki bataqlığın içərisində bataqlıq haqqında dəqiq bir qənaətə gələ bilməzsən. Ordan çıxmalısan ki, nəyin baş verdiyini başa düşəsən. Ekstremal şəraitdə insan sənət yarada bilmir. Böyük əsərlər mütləq qələbələrdən sonra ortaya çxıır. Hətta müharibənin ağrıları da qələbədən sonra daha gözəl təsvir olunur”.

Sayad HƏSƏNLİ

Mənbə: yenisabah.az