“Çıxartdılar səhnəyə, hönkür-hönkür ağladım...” – Lent.az-da YENİ LAYİHƏ

“Çıxartdılar səhnəyə, hönkür-hönkür ağladım...” – Lent.az-da YENİ LAYİHƏ

Müharibə həyatımızda elə iz qoydu, elə köklü dəyişikliklər etdi ki, bir ömür boyu bəlkə də “müharibə olmasaydı, belə olardı, elə olardı...” deyəcəyik. Bəlkə, daha yaxşı olardı, bəlkə pis olardı... Kim bilir?...

Lent.az yeni layihəyə başlayır: “Müharibə olmasaydı...” Layihədə müharibənin həyatına birbaşa, yaxud dolayısıyla təsir göstərdiyi, həyatını dəyişdiyi insanlara həmsöhbət olacağıq.

Layihənin ilk qonağı isə Xalq artisti Nəzakət Teymurovadır.

- Müharibə olmasaydı, indi harda, necə olardım deyə heç düşündünüzmü?

- Əlbəttə, düşünmüşəm. Yəqin elə musiqi ilə məşğul olardım. Çünki mən 1988-ci ildən Bakıya təhsil almağa gəlmişdim. Bakı Baza Energetika Texnikumuna qəbul olunmuşdum. Orda özfəaliyyət dərnəklərində iştirak edib, müsabiqələrdə birinci yer qazandığıma görə məni Asəf Zeynallı adına musiqi kollecinə göndərdilər. Yəni mən artıq yolumu tutmuşdum o zamanlar. O ki qaldı müharibəyə... Mənim üçün qaradır onun rəngi-qaranlıqdır. Heç istəmirəm ki, dünyamızda müharibə olsun. Təbii ki, torpaq, vətən məsələsində başqa yol qalmır. Əgər sənin torpağını işğal edirlər, yaxud etmək istəyirlərsə, müharibəyə cəlb edilirsən. İllərlə Azərbaycan bu haqq davasına qalxmadı. Danışıqlarla həll etmək istədi. Dözdük, həsrətlə yaşadıq ki, bir gün o torpaqlara gedəcəyik. Yaşlılarımız yurd həsrəti ilə, gözlərində nisgil yumdular bu dünyaya. Bir gün olmalıydı bu dava, oldu. Qarabağ bizim ürək ağrımız idi. 30 ilə yaxındır oğullarımız o torpaqlar uğrunda şəhid olur. Qarabağlılar illərdir bir birilərinə bircə onu arzulayırdıq ki, öz yurd yerlərimizə gedək. Əslində, bütün bu danışdıqlarım elə müharibə yaşantılarımızdır. Müharibə olmasaydı, yəqin bütün bunlar olmazdı, biz də daha dinc, daha rahat yaşayardıq. Yenə dediyim ki, taleyimizə belə yaşamaq-müharibə dövrünün insanları olmaq yazılıbmış.

Şükür bu günümüzə. Şəhidlərimiz çoxdur, hamısının ruhu şad olsun, onlar bizi bütöv Azərbaycanımıza qovuşdurdular.

- Müharibə onların ruhunu şad edəcək sonluqla nəticələndi, torpaqlarımız qaytarıldı, həm də birinci Qarabağ müharibəsinin şəhidlərinin ruhu sevinər... Necə oğullar itirmişik...

- Mənim əmim oğlu Nadir Əliyev birinci Qarabağ savaşı başlayanda Moskvada artıq karyera qurmuşdu, təhlükəsizlik orqanlarında işləyirdi. Dedi ki, mənim torpaqlarım işğal olunduğu halda mən rütbə, karyera arxasınca düşə bilmərəm. Gəldi, batalyon komandiri oldu, döyüşdü, Ağdamda da şəhid oldu. Ölümündən sonra Milli qəhrəman adı verildi.

Mamam oğlu Allahverdi Bağırovun batalyonunda döyüşürdü, o da şəhid oldu. Bir əmim oğlunun heç nə öldüsü bəllidir, nə qaldısı. Bizim ailə müharibənin birbaşa iştirakçısı olub. Üç bacım oğlu döyüşürdü, bacılarımın biri rabitədə qulluq edirdi, biri də tibb bacısı kimi. Qardaşlarımın ikisi müharibədə, anam da od-alovun içində yaşayırdı.

Bir mən burda Asəf Zeynallıda oxuyurdum. Yəni bütün o dəhşətlər həyatımızdan keçib. Nələr çəkmədik, nələr yaşamadıq. Yenə bizim Bakıda yaşayan bacımız vardı, gəldik yığışdıq onun yanına. Adamlar vardı ki, çöllərə düşdülər. Darmadağın olduq, ölkənin hər tərəfinə. Çadırlarda, vaqonlarda bir qarın ac, bir qarın toz yaşadı camaatımız. İndiyə qədər də əzab içində yaşayanlar var. İnsanlar indi-indi özlərinə az-çox şərait qura biliblər. Şükür bu günə. Gedib yurdumuzda şərait yaradacağıq özümüzə. Torpağa ayağımızı qoyanda enerjimiz qat-qat artacaq.

- Başımız aşağı, alnımızın damğası da üstəlik...

- Hə, bir müəllimimiz vardı, düzdür, çox mətləblər öyrəndim ondan, amma heç yadımdan çıxmayacaq, həmişə deyirdi ki, qarabağlılar Qarabağı satdılar. O qədər pis təsir edirdi mənə o söz. Məni yandırırdı o söz.

- Qanan adam sözü deyil. Çox yaşadıq elə sarsıntılar. İzaha gəlməyən mətləblər var ki, yalnız yaşayaraq anlamaq olar onu...

- Torpağını, illərlə qurduğu evi kim könüllü qoyub çıxar? Qohum-əqrəba, el-oba pərən-pərən oldu, qarşımda durur ki, məni tanımırsan? Deyirəm siz Allah, bağışlayın, yadıma gəlmir. Doğma ikən yadlaşdıq. Müharibə budur.

- Həm də bizim millət, xüsusən Qarabağ camaatı istiqanlıdır, mehribandır. Hərə bir tərəfə düşdü, bir birimizə də həsrət qaldıq, yurdumuzla bərabər. Gördüşdüyümüz yer ancaq yas məclisləri idi. Ona görə də yas məclislərimiz səsli-küylü olur. Deyirlər qarabağlılar yas məclisinə də toya gəlirmiş kimi, söhbət etməyə gəlirlər. Neçə yerdə söhbət düşüb, izah etmişəm ki, bizim camaat yas yerlərində görüşüb dərdlərini bölüşürlər, başqa cür imkanları olmur, uzaq düşüblər. Həm də o qədər şəhid qarşılamışıq ki, gənc ölümlər gördük ki, yas yerləri adiləşdi... Bir daha millətimiz yaşamasın bunları.

- Heç kim yaşamasın. Mən sülh adamıyam, müharibədən çox əzab çəkirəm. Bu 44 gündə yaşamadıq, işgəncə çəkdik, gecə yata bilmədik, səhəri dirigözlü, əsgərlərimiz üçün dua edərək açırdıq. Mən müharibə dəhşətlərini görmüşəm. O vaxt Ağdamda gecə yatdığımız yerdə qrad düşdü, durduq əynimizdə nə vardı, onunla qaçdıq. Anam o hayda evin açarını axtarırdı ki, qapıları bağlasın. İndi yadıma düşür, soruşuram ki, ay nənə, biz anaya nənə deyirik, o açarı niyə axtarırdın? Deyir ay, bala, dedim evdən çıxırıq də, qapını bağlayıb çıxaq, ümid edirdim ki, qayıdacam geri.

- Həmin vaxt siz də rayonda idiniz, o çıxan çıxdınız?

- Mən hə, o çıxan çıxdım, tətildə idim, gəldim dərslər başladı. Anamgil qayıtmışdılar sonra, çox az vaxtdan sonra yenidən çıxmalı oldular, Ağdam işğal olundu. İndi Ağdamda, Kəlbəcərdə bizim yurdlarda məskunlaşmış düşmənlərimiz gör necə rahat-rahat çıxırlar.

- Anam indiyə qədər özünü qınayır ki, toyuq-cücənin dənini-suyunu qoyub hinin qapısını da bağladım ki, biz qayıdınca ac qalmasın, qurd-quşa yem olmasınlar. Gərək bağlamazdım deyir Allahın canlısıdır, qapalı qaldılar..

- Gör necə vəhşi olasan ki, heyvanı öldürəsən, meşəni yandırasan, canlı-cansız nə varsa məhv edəsən. Öz evlərimizi bizə qıymayıb yandırasan, 28 il yaşayıblar. İndi yandırıb çıxırlar. Sənin evin var orda? Ağlayır ki, vətənimdən çıxardır türklər bizi. Sənin vətənindir ora, bəs, biz hardan köçkün düşmüşük?... Adam öz vətənini yandırar?!... Öz körpə uşağını qoyub, unitazı götürüb gedir.

- Heç nə ilə çıxıb sıfırdan ev quran azərbaycanlılar yenə gedib öz yurdlarını cənnətə döndərəcəklər.

- Məni kimsə üstüaçıq maşına qoyub kənddən çıxartmışdı, camaatla birlikdə çıxmışdıq. Gəlib Bakıya çatanda özümə gəlmişdim ki, Bakıdayıq, necə şok yaşamışdımsa top səsindən, qrad atəşindən, yol boyu özümdə olmamışam. Bunlar rahat-rahat hələ dağıdıb çıxırlar, vətən deyib ağlayırlar da.

- Tələbə idiniz, məcburi köçkünlük bir tələbə üçün asan olmazdı...

- Mən hər vəziyyətdən çıxış yolu tapan adamam. Bəlkə döyüşçü də olsam risk edərdim, çıxış yolu tapardım. Sənətimdə də elə. Qarşıma məqsəd qoymuşdum ki, bu sənəti seçmişəmsə, uğurlusundan olmalıyam. Bir kənd qızı olsam da sənətimdə yüksək haradırsa, orda olmalıyam. Kənar ölkələrdə Azərbaycanı təmsil edirəm, ən yüksək səviyyədə təmsil etməliyəm. Heç vaxt çalışmamışam ki, deyilsin xalq artisti Nəzakət Teymurova. Xarici ölkə səhnələrində vacib olan o ad deyil, hansı ölkəni təmsil etməyindir, bayrağındır, sən onun üçün ordasan ki, Azərbaycanın adı çəkilsin. Bayrağı dalğalansın. “Qarabağ şikəstəsi”, “Sarı gəlin” əsas repertuarım olub həmişə. Konservatoriyada oxuyanda artıq Operada işləyirdim. Leylini, Şahsənəmi oynayırdım. “Koroğlu”da, “Natəvan”da xanəndə qızı oynayırdım.

“Gəlin qayası”nda Gülbahar oynamışam. Yeddi rolum olub Opera və Balet Teatrında.

Elə səfərlərim olub ki, 40 dərəcədə qızdırmada təyyarəyə minmişəm, reysi dəyişmək üçün 16 saat təyyarə gözləmişik, gedib orda səhnəyə çıxmışam. Səhnəyə çıxanda hər şeyi unutmuşam, ölümdən qayıtmışam, oxumuşam ki, Azərbaycanın sənəti yüksək səviyyədə təqdim edilsin.

Elə konsertlərimiz olub ki, festivallarda ermənilər də iştirak edib. Özümdən asılı deyil, onları görəndə qanım cövlan edir. Özbəkistanda onların səhnəyə bizim mahnılarla çıxmaqları, həm də bir neçə kollektivlə iştirak etməkləri mənə necə psixoloji təsir etdisə, ağlamağımı boğub güclə çıxdım səhnəyə. Məğlubiyyət sindromu da əziyyət verirdi adama, özlərini qalib aparırdılar, qıcıq verirdilər bizə.

- Bundan sonra elə tədbirlərdə başınız dik olacaq.

- Şükür. Bizim milli musiqi alətlərini öz adlarına çıxıb qarşımızda çıxış edirdilər. Mən də gedəndə festivallara, tədbirlərə öz cibimdən xərcini çəkib balaban da aparırdım ki, bizdə də olsun, sübut edə bilək ki, bizim alətdir. Mədəniyyət nazirliyinə nə qədər izah etməyə çalışırdıq, kömək etmirdi bizə. Heydər Əliyev Fondunun xətti ilə gedəndə bu məsələlərə fikir verirdilər. Şəxsi konsertlərimizdə nazirlik dəstək olmurdu bizə. Elə vaxt olub ki, özümə düşən qonorarı da zurna, balaban ifaçılarına verib, aparmışam onları. Məmurlar bir az var-dövlət toplamaqdan yorulub belə milli məsələlərdə təşəbbüskar olsunlar, can yandırsınlar. O qədər təbliğ etməmişik ki, özlərinə çıxıblar. Özümüzə qiymət verək, bizim olana sahib çıxaq.

- Bəli, yoxsa sahib çıxacaqlar, fürsət gözləyənlər. Nəzakət xanım, ailəniz böyükdür, mən bilən 7 bacısınız. Ailənizin həyatında hansı rol oynadı müharibə?

- Bacımın biri elə rayonda rəhmətə getmişdi. Məzarı ordadır, babamın, nənəmin də. Qalanı gəldi Bakıya. Yeznəmizin biri rəhmətə getdi. Bacım indi Türkiyədə yaşayır, bir bacım İsveçdə.

- Müharibə olmasaydı, bütün bunlar həyatınızda olardımı? Yoxsa, tamam başqa olardı. Yəni məcburi köçkünlük olmasaydı, necə ola bilərdi?

- Qətiyyən fantaziyamı o cür işə sala bilmirəm. Sadəcə məcburi köçkün olmazdıq, qalanı necə olardı, təsəvvür edə bilmirəm.

- Ailə qurduğunuz adam kimdir?

- Elə öz yerlimizdir, Ağdamlıdır, mən tələbə olanda evləndik. Qızım Nigar deyir ki, mən Bakılıyam, burda doğulmuşam. Deyirəm atan, anan Ağdamlıdır, köklü Ağdamlısan.

- Hə, ona görə şeir yazır, musiqi bəstələyir də?

- Hələ balaca uşaq idi, dənizə gedirdik, maşının pəncərəsindən dənizi görüb başladı özündən şeir qoşmağa. Dedim bundan nə isə olacaq. İndi “Zəfər” mahnısı oxumuşam, Nigarındır.

- Qarabağla bağlı mahnıları oxuyanda sizi həmişə doluxsunan, hətta ağlayan görmüşəm...

- Xarici ölkələrdə bayrağımızı görəndə də ağlayıram. Bir dəfə Yaponiyada Afaq Məlikovanın rəqs kollektivi finala çıxdı, bayrağımızı çıxartdılar səhnəyə, hönkür-hönkür ağladım. Dedim, ilahi, hegemon dövlətlərdə bizim bayraq dalğalanır. Vətən doğulduğun yerdir, oranı sevməsən, böyük vətəni sevə bilməzsən. Bizim doğulduğumuz yer işğalda olduğu üçün yaralı idik, indi sağalarıq daha. Bundan sonra bayrağımızla, dövlətimizlə, ordumuzla, xalqımızla, prezidentimizlə qüruru hissindən kövrələrik...

- Müharibənin yaxşı tərəfləri də var demək, vətənin vətən olduğunu bizə bir daha anladan, yaşadan müharibə oldu. Ağdama ilk gedişinizi təsəvvür edirsiniz?

- Şəhidlərin qanı tökülən o torpaqlar müqəddəsləşdi, ruhlarından üzr istəyəcəm. İlk işim o torpaqları əyilib öpmək olacaq. Gəncəni, Bərdəni atəşə tutduqları gün mən ruhən ölmüşdüm, güclə özümə gəldim. Gah ağlayıb, gah sevinirdik, azad olan torpaqlar, vurulan şəhərlər. Ağdamın Əlmədətli kəndində, Kolanlı tayfasındanıq biz, atamın yurdunda ev tikəcəm.

- Deyirlər, qarabağlılar burda yerləşiblər, kimdir Qarabağa qayıdan?

- Biz gedəcəyik, birinci ziyalılar, hamı gedəcək. Mən getməyəcəm deyən adam tanımıram, hamı gedəcəm deyir. Biz enerjini öz yurdumuzdan alıb hələ çox yaşayacağıq. Tükənərik yoxsa yurd-yuvadan enerji almalıyıq. Mən də gedəcəm, hətta şəhidlərin ruhundan izn alıb, qızımın toyunu Şuşada edəcəm...

Mənbə: lent.az