"Başımda şiş müharibə vaxtı tapılsaydı, əməliyyat olunmazdım”

"Başımda şiş müharibə vaxtı tapılsaydı, əməliyyat olunmazdım”

"Əməliyyatdan sonra həkim dedi ki, 3 ay dincəl, az hərəkətdə ol. Ürəyin istəyəni et, yaxşı xəbərlər oxu. Əsəbdən uzaq olmağımı dedi. 26 sentyabrda xəstəxanadan çıxdım, 27-də müharibə başladı. Bütün günü həyəcanla xəbərləri izləyirdim. Ancaq ağlayırdım".

Milli.Az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Gülbahar Şükürlü deyib. Beynində şiş tapıldıqdan sonra əməliyyat olunan qarmon ifaçısı səhhətindən danışıb:

"Əgər mənim xəstəliyim müharibə ərəfəsində aşkarlansaydı, heç vaxt əməliyyat etdirməzdim. Utanardım ki, gənclər həlak olur, mən isə əməliyyat etdirirəm. Beynimdə şiş olduğunu bilməmişəm. Qəfil oldu. Aşkarlananda həkim dedi ki, 2-3 gün içində əməliyyat olunmalısan. Son günlər yaddaşım getdi, danışa bilmirdim. Həyat yoldaşım rəhmətə gedəndən sonra stres keçirdim. Çox ağlayırdım, indi də ağlayıram. Nə edim, yoldaşım üçün ağlamayım? Tək qalmışam, biz bu yaşımızda bir-birimizə daha çox lazım idik. Müayinələrdən keçirəm, bütün aparatlardan yoxlanmışam. Cavablar yaxşıdır. Əməliyyatım uğurlu alınıb".

Musiqiçi maddi problemlə əlaqədar əməliyyatdan imtina etməsi barədə xəbərlərə də münasibət bildirib:

"Neçə aydır toy yoxdur. Deyirdilər, beyin əməliyyatı bahalıdır. Gözüm qorxmuşdu. Zöhrə Abdullayeva deyirdi oğlu üçün 200 mindən çox xərc çəkib. Mənim o qədər imkanım yox idi. Düşünürdüm ki, birdən nəsə olar. Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əliyev məni təmənnasız müalicə etdi. Sağ olsun. Hər dəfə də maraqlanır, halımı soruşur".

 

Mənbə: news.milli.az