Hacərül – Əsvəd - Qara daş

Hacərül – Əsvəd - Qara daş

Allah evinə aparan yol Bəndə evindən başlayır

Bəndə evindən başlayır

(əvvəli ötən sayımızda)

Başqa sözlə, hər kəs Quran və sünnəti yetərincə bilmədiyi üçün praktik məsələlərdə onun bu imamlardan birinin "məktəbinə" uyması vacibdir. Lakin bu vaciblik dini anlamda fərz deyildir. Çünki bir şeyin fərz, ya haram olduğuna hökm vermək hüququ ancaq Allaha və Onun adından danışan Rəsula aiddir. Beləliklə, bu mövzuda ümumən qəbul edilən fikir belədir:

Əsas qaynaq Qurani-Kərim və sünnətdir. Lakin Quran hikmətinə uyğun yaşamaq istəyən əksər müsəlmanlar buradakı ayə və kəlamların yaranma səbəblərini, onların məna və mahiyyətini, hansılarının ləğv olunması və ya başqaları ilə əvəz edilməsi və digər qayələri bilmədikləri üçün onların həmin məzhəblərdən birini qəbul etmələri vacibdir. Məzhəb, Quran və sünnətdə açıq izah olunmayan və ya onlarda olmayan məsələlər haqqında dünya və axirət görüşü olduğu üçün, beş məzhəbi rədd edib, hamını Quran və sünnətə göndərmək, əslində, beş deyil, beş milyon məzhəb qəbul etmək deməkdir. Çünki hər şey Quranda və sünnətdə açıq-aydın şərh edilsəydi, onda bəşərin dinamik inkişafına lüzum da qalmazdı.

Lakin bir məzhəbə bağlanma məsələsində ən böyük bəlalardan biri də bu beş məzhəbin qəbul etmədiyi "məzhəb təəssübkeşliyi"dir. Bilmək lazımdır ki, məzhəblər din yox, Allah kəlamlarını anlamağa aparan yollardan biridir. Təəssüf ki, bir zaman məzhəblər din kimi qəbul edilərək "məzhəbimizi qəbul etməyənləri ya yox edərik, ya da onları məzhəbimizə bağlayarıq" hökmü, bir məsciddə beş mehrab tikilməsi ilə müsəlmanların ayrılması, məzhəblərarası mübarizələr, digər məzhəbdən qız alma-vermə qadağası, bir məzhəbdən digərinə keçmək, dindən çıxmaq kimi qiymətləndirilib. Halbuki, nəinki məzhəblərin seçilməsində, Rəbb kəlamına müvafiq olaraq, hətta dinin özündə belə zor yoxdur. Din nəsihətdir. İnsan din və məzhəb seçimində azaddır. Seçdiyi din və məzhəb onu haraya aparacaq məsələsi isə başqa şeydir.

Fərqli düşüncələrin olması insanın yaradılışı, təbiəti və qayəsinin hikmətli nəticəsidir. Dinin əsaslarına toxunmadan Quran ayələri və Peyğəmbər (ə) kəlamlarının məna və mahiyyətini açmağa çalışan müxtəlif məzhəblərin mövcudluğu, İslama bir zənginlik gətirməklə yanaşı, həm də onun təbliği və ümumbəşəriliyinə təkan verən amillərdən biridir. Məhz bu səbəbdən Peyğəmbər (ə) buyurub: "Ümmətimin ixtilafı (sağlam və konstruktiv fikir müxtəlifliyi - V.C.) rəhmətdir. Onlar haqqı doğru qəbul edib çalışarkən müxtəlif cür düşünürlər. Və bu çalışmalar da rəhmətə səbəb olur". Başqa sözlə, Allaha aparan yollar çoxdur. Necə ki, yüz rəssamın baharı vəsf edərək tabloya köçürməsi kölgə, rəng, metod etibarilə fərqli olsa da, fəqət onların hamısının çəkdiyi tablolar bahar adlanır. Və bu baharlar da, Xaliqin ilahi qüdrətinin kiçik bir nümunəsidir. Dini bəhanə edərək həm İslama zərbə vuran və həm də xalqların taleyi ilə oynayanlar üçün isə Rəbb buyurur: "(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalıbdır" (Ənam 159).

HIKMƏT

"Hikmətsiz min işdən biri xeyrə yetərsə, bir hikmət ilə minlərlə xeyirə qovuşmaq olar"

Məhəmməd (ə)

Kainatdakı ağlasığmaz ədalətli nizam və mizan, təlim və tənzim, onun mütləq elm və hikmətlə yaradılışından xəbər verir. Allahın Əl-Hakim (bütün işləri hikmətli, faydasız, boş və təsadüfdən uzaq) isminin təcəllisi olan hikmət, müxtəlif təfsirlərdə söz və əməldə doğruluq; elm və xeyirli əməlin vəhdəti; əşya və hadisələrin mənalarını mərifətlə anlamaq; Rəbbin əmrlərini dərketmə; nəticəsi gözəl, aqibəti bəyənilən iş; möminin Quran istiqamətində yaşaması deməkdir. Fəaliyyətdən məhrum olan həyat ölüm, elmə istinad edilməyən fəaliyyət kor, hikmətsiz elm də ya zülm, ya da istifadəsiz əşyadır.

İnsan, elm, təfəkkür və bəsirətlə həqiqi hikmət əhli olduğu ölçüdə dəyərli və sevimli olur. Söz və hərəkətlərdə yerini bilmək, susmaq lazım ikən susmaq, danışmaq lazım ikən danışmaq və bəzən "hətta hər haqqı hər zaman deməmək də doğrudur" düsturu, ən böyük hikmətdir. Hikmət elm ziyası ilə öz qüsurlarını görüb ondan nəticə çıxarmaqdır. "Əməlsiz elmdən Allaha sığınıram".

Hikmət hakimiyyət, hökümət, hökm, qərar, sərəncam mənalarını da ehtiva edir. Hakimiyyəti təmsil edən məmurlar üçün hikmət, ədalətli idarəetmə ilə Allah rizasını qazanmaq və Onun ismini izzətləndirməkdir. Bu baxımdan fəaliyyətində elmini cahillikdən, sərəncam və qərarlarını zülmdən, comərdliyini mənəvi kasıblıqdan (acgözlük, tamahkarlıq, xəsislik), helmini səfehlikdən təmizləmək hikmətli məmurun ən ümdə kriteriyaları sayılır. Cahil məmurun elmi ola bilər, lakin o, Allahı unudan diqqətsiz, etinasız və həddini bilməyən nadandır. Cahil məmur vəzifəni var-dövlət mənbəyi bilir, tabeliyində olan qurum üçün verdiyi qərar və sərəncamlara özü əməl etmir. O, dərk etmir ki, hakimiyyət, hökm və qərarlardan doğan hikmət, məhz xalqa xidmət etmək üçündür.

A.Linkoln demişkən: "Əsl demokratiya xalq hakimiyyətidir, xalqdan gələn hakimiyyətdir və xalq üçün hakimiyyətdir".

Dövlət və xalq mənafeyinə xidmət edən hikmətli məmur tamahkar və xəsis olmamalıdır. Zira tamah hikmətin qənimidir. Lakin çağdaş məmurların əksəriyyətinin yediyi, geydiyi, mindiyi, yaşadığı əşyalar, düşüncələri və hətta özünü reklam etmək üçün bəzən verdiyi ehsan belə haramdır. Çünki onun eninə-uzununa aldığı rüşvət və digər sui-istifadələr xalqın təfəkkürü, göz yaşları, alın təri və əlinin qabarının məhsuludur. Onlar xalqın xidmətçisi yox, xalq üçün bir parazit, zəli və deməli, cəmiyyətdə kafirlik toxumu səpən münkirlərdir. Peyğəmbər (ə) kəlamına görə: "Harada yoxsulluq varsa, orada kafirlik var".

Hikmətli dövlət məmuru helmli olmalı; daha doğrusu o, tabeliyində olan insanlarla həlim davranmalıdır. Ona görə ki, "helm hikmətin meyvəsidir" (Həçzrət Əli). Bu gün dövləti təmsil edən məmurların əksəriyyəti isə "yuxarılar" üçün yaltaqlıq, "aşağılar" üçün zülm kabusudur. Köynəkləri kraxmallı, yoğun boğazlarındakı cəhənnəm halqalarını xatırladan qalstukları, puldan başqa heç bir şeyi görməyən mənasız gözləri, rüşvət sözünə həssas olan kar qulaqları, vermək yox, yalnız almaq üçün altda qalmağa razı olan murdar əlləri, daş qəlbləri, lal vicdanları, ümumiyyətlə, hər cür bəlaya fərasətli və zahiri bəzək, daxili təzək olan belələri üçün Peyğəmbər (ə) buyurub: "İş başına keçib öhdəsinə düşən vəzifəni ədalətlə yerinə yetirməyən adamı Allah üzü üstə cəhənnəmə atar".

Cahil və qafil insan hadisələri öz arzusuna uyğun istər. Hikmət əhli isə ilahi icraatın ümumə baxdığını - ümumin mənafeyi olduğunu dərk edər və özlərini də buna hazırlayar. İlahi hikmət zalıma da vaxt verər ki, o, pis işlərdən əl çəkib tövbə etsin. Lakin əsla unutmaz və cəzasını da vaxtı gələndə verər. İlahi hikmət məzlum və məsumların çəkdikləri əzaba görə haqlarını on dəfə artıq verər. Zira aləmin mahiyyəti, fələyin qanunu və zamanın təbiəti əbədi inayət və əzəli iradənin mətbəəsində çap olunduğu üçün, ümumi gedişatı bir şəxs, tayfa və qrup arzusuna uyğun tərtib və tənzim etmək, millətə və ümumbəşərə xələl gətirər. Bir qrup şəxsin heyvani nəfsinə görə, minlərlə insana zülm etmək, hikmətdən deyil.

İslamda ilahi əsaslardan biri də Allahı sevmək və onun cəzasından qorxmaqdır. Allaha məhəbbət, elm və əməl vəhdəti ilə nəticələnən xeyirin başıdırsa, Allah qorxusu hikmətin əsasıdır. Hikmətsiz min işdən biri xeyirə yetərsə, bir hikmət ilə minlərlə xeyrə qovuşmaq olar. Allahdan qorxmayan asinin işi isə heç vaxt ümmət, millət və cəmiyyətə xeyir gətirməz.

Allahın qəhr və əzabının sonsuz və şiddətli olduğunu bilməyən və ya ona məhəl qoymayan oğru buyruq sahibləri, xalqın xidmətçiləri olduqlarını unudaraq ilahi fərman və hikmətə yox, obyektiv gerçəkliyi və hikmət ağacının budaqları olan həqiqəti, öz heyvani nəfs və hisslərinin fəlsəfələri ilə ölçərlər. Zülm və mədhlə yoğrulan məfkurə ilə, ikili standartın bariz nümunəsi olan əsl münafiq fəlsəfəsi ilə...

«Sizdən əvvəlkilər ona görə məhv oldular ki, özlərindən böyüklər oğurluq edəndə onu cəzasız buraxdılar; özlərindən zəif olanlar oğurluq edəndə isə ona cəza verdilər» Məhəmməd (ə). Şeytani və nəfsani yox, səməvi hikmət sevgisi olan ilahi fəlsəfənin bərqərarı arzusu ilə...

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

Mənbə: paralel.az