Autizmin sirlərini açan kitab işıq üzü gördü...

Autizmin sirlərini açan kitab işıq üzü gördü...

Qarşımda Paşa Yaqubun yenicə çapdan çıxmış “Autizmə belə qalib gələk” kitabı dayanıb. Mən bu kitabın müəllifini uzun illərdir ki, tanıyıram və tanıdığım üçün deyə bilərəm ki, onun əsərləri ilə şəxsiyyəti vəhdət təşkil edir. Onun bir neçə kitabının məsləhətçisi, redaktoru və ön söz müəllifi də olmuşam. Bəri başdan qeyd etmək istərdim ki, ictimai fəal olan, cəmiyyətdə baş verən sosial hadisələrə biganə qalmayan bu adamda öncəduyumluq xüsusiyyətləri də vardır. Qəribə xarakterə malik olan bu insanın yazdıqları özünün təbiətindən, ruhundan doğulduğu üçün həmişə oxucular tərəfindən səmimi qarşılanır. Ümumiyyətlə, onun düşüncələri və bu düşüncələrin məhsulu olan əsərləri halallıq, vətənpərvərlik, əməksevərlik, səmimilik üzərində köklənmişdir. Bu mənada tanınmış araşdırıcı, psixoterapevt, elmi-lədun bilicisi, fəal ictimaiyyətçi Paşa Yaqub öz oxucularını da bu dəyərlər üzərində kökləməyi bacarır. Ulu Yaradana şükranlıq, həyata bağlılıq onun yaradıcılığının canıdır desəm, bəlkə də səhv etmərəm. O, adətən görüb-bildiyi, tanıdığı adamları, nəsilləri tərənnüm edir, əsərlərində, kitablarında onların bir növ obrazlarını yaradır.

 

Yazılarında forma zənginliyi olduğu kimi, bəzən özü də bu yazılarda özünəməxsus forma nümunələrini yaradır. Onun yazdıqlarında canlı, poetik bir ruh hiss olunur. Müxtəlif mövzularda yüzlərlə məqalənin, oçerkin, neçə-neçə ensiklopedik dərginin, ümumilikdə 34 kitabın müəllifi olan Paşa Yaqub həm də tanınmış psixoterapevtdir. Onun bir psixoterapevt kimi insanlara şəfa verən özünəməxsus müalicə metodları vardır. Onlarla xəstə insan Paşa Yaqubun müalicəsi sayəsində sağalaraq həyata yenidən vəsiqə almışdır. Budur, indi də müəllif oxucuları ilə növbəti görüşə “Autizmə belə qalib gələk” kitabı ilə gəlir.

Məlumdur ki, autizm sözü yunanca autos sözündən olub, “öz və ya özü” anlamını ifadə edir. Autizm insanda erkən yaşdan başlayan, ömür boyu davam edən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beyinin inkişafına maneə yaradan ağır bir xəstəlikdir. Sadalanan bu əlamətlər autizmi Asperger sindromu kimi yüngül görünən autistik spektrum pozuqluğundan ayırır. İrsi mənşəli olan autizm xəstəliyi bəzi hallarda doğum şikəstliklərinə səbəb olan faktorlarla əlaqəli olur. Onun bəzi hallarda uşaqlıqda edilən peyvəndlərdən qaynaqlanması səbəbini təsdiqləyən elmi dəlillər demək olar ki, yox dərəcəsindədir.

Autizm termini ilk dəfə 1938-ci ildə Vyana Universiteti xəstəxanasından Hans Asperger tərəfindən uşaq psixologiyası üzərində apardığı almanca bir dərsdə Bleurelin “autistik psixopatlar” terminologiyası əsasında “müasirləşmişdir”. Asperger hazırda Asperger sindromu kimi tanınan bir ASP növünü araşdırırdı; amma bu sindrom müxtəlif səbəblərə görə 1981-ci ilə qədər ayrıca bir diaqnoz kimi tanınmışdır...

1943-cü ildə Leo Kanner davranışları ilə təəccüb doğuran 11 uşaq haqqında yazdığı məlum hesabatında ilk olaraq erkən infantil autizm terminini işlətmişdir.

1960-cı ilin sonlarından başlayaraq autizmin həyat boyu sürdüyünü, zəka

geriliyini, şizofreniya və digər inkişaf pozğunluqlarından fərqini və valideynləri aktiv müalicə proqramlarına həvəsləndirmələrin gətirdiyi faydaları göstərərək ayrıca bir sindrom olduğu qəbul edilmişdir.

Autizmin yaranması həm irsi, həm də ki, doğuşdan əvvəlki, doğuş zamanı və ya hamiləlik zamanı baş verən narahatlıqlar, o cümlədən uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər. Əgər hal-hazırda doğulan hər min körpədən 55-i (bu, az qala hər doğulan 20-ci uşaq deməkdir) bu sindromdan əziyyət çəkirsə, deməli bu xəstəlik çox ciddi, bəşəriyyəti düşündürəsi bir problem məsələdir. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycan cəmiyyətində autizm haqqında yetəriqədər məlumatlar yoxdur. Əslində bu, müəyyən mənada böyük narahatlıqlar doğurur. Autizm sindromu olan uşağa təkcə psixoloq və ya loqoped diaqnoz qoya bilməz. Bu xəstəliyə düçar olan uşaqlar vaxtaşırı həm də psixoterapevt və psixonevroloq dəstəyi almalıdırlar. Hələlik bu vaxta qədər autizmin çarəsi tapılmayıbdır. Elə bu səbəbdən də sindromun konkret dərmanı yoxdur. Hətta bu sindromun çarəsini tapacaq şəxsə Nobel mükafatı da vəd olunmuşdur...

Qarşınızdakı bu kitabda tanınmış araşdırıcı, psixoterapevt Paşa Yaqub insanda autizm sindromunun yaranma səbəblərini aydınlaşdırır. Maraqlısı budur ki, müəllif kitabda autizmin müalicə metodlarını özünəməxsus şəkildə izah edir. Oxucu autizm ilə bağlı bir çox məqamları özündə işıqlandıran bu kitabda maraqlı fikir və ideyalar, müalicə üsulları və s. ilə rastlaşır.

Paşa Yaqubu oxucuların, onu tanıyanların gözündə ucaldan onun ciddi araşdırmaları, səmimiliyi, öz peşəsinə olan sevgisidir. O, halal, saf, səmimi bir insan olduğu üçün yazılarında da halallığa, saflığa, səmimiliyə çağırış təbii səslənir. Autizm sindromlu uşaqların valideynləri, hamilə qadınlar, həkimlər, psixoloqlar və digər kateqoriyadan olan oxucular üçün nəzərdə tutulan bu kitab ümidvaram ki, oxucular tərəfindən rəğbətlə qarşılanacaq və cəmiyyətimizdə öz layiqli qiymətini alacaqdır.

Söz ardı: “Autizmə belə qalib gələk” kitabı Səhiyyə nazirliyinin rəyi, “Autizim-Difektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə işıq üzü görüb.

Nazim Tapdıqoğlu (Vəlişov),

 

tədqiqatçı, tarixçı, pedaqoq, şair, “Qızıl Qələm” mükafatı laureatı

 

 

Mənbə: moderator.az