“Qarabağın musiqi xəzinəsi”ndə növbəti mühazirə görkəmli bəstəkar Süleyman Ələsgərova həsr edilib

“Qarabağın musiqi xəzinəsi”ndə növbəti mühazirə görkəmli bəstəkar Süleyman Ələsgərova həsr edilib

Beynəlxalq Muğam Mərkəzi (BMM) Azərbaycanın qədim sənət beşiyi olan Qarabağ bölgəsinin musiqi irsinin təbliği ilə bağlı layihələrini davam etdirir. Mərkəzin "Qarabağın musiqi xəzinəsi" layihəsi də bu bölgənin tanınmış musiqi xadimlərini tanıtdırmaq məqsədi daşıyır. Layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur.

Olaylar.az bildirir ki, layihə bu dəfə unudulmaz bəstəkar, Xalq artsiti Süleyman Ələsgərova həsr olunub.

Azərbaycan musiqi tarixində və inkişafında Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, istedadlı dirijor, tanınmış pedaqoq, ictimai xadim, professor S.Ələsgərov özünəməxsus fəxri yer tutan bəstəkarlardan biridir. Onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq bir səhifəsidir.

Xalq yaradıcılığından bəhrələnən bəstəkarın özünəməxsus dil üslubu, fərdi yaradıcılıq prinsipləri və xüsusiyyətləri onun bütün əsərlərində diqqəti cəlb edir.

Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulub. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Azərbaycan musiqi sənətinin inkişafı naminə yaradıcılıq səlahiyyəti geniş və çoxşaxəli olmuşdur.

 

1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışmışdır.

Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə dünyasını dəyişib.

Qeyd edək ki, bəstəkarın mükafatları sırasına "Şərəf nişanı" ordeni , "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı, Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı , "Azərbaycan SSR Xalq artisti", "Şöhrət" ordeni daxildir.

Mənbə: olaylar.az