İcevana gedən qatar yola düşür...

İcevana gedən qatar yola düşür...

Səyahətlərin hamısı olmasa da, bəzisi yaddaqalan olur, yaxud da hansısa nüanslar, məqamlar zaman keçsə də, unudulmur, insan xatirindən silinmir.

Uşaq idim, səfərlərin birində şəxsi avtomobilimizlə deyil, qatarla getməli olduq. Vağzalı ilk dəfə görürdüm, səfərimiz isə qərb bölgəsinə idi. Vağzalda insan sıxlığı yox idi, amma mənə elə gəlirdi ki, orda adamlar harasa tələsir və addımları da sürətli idi. Tələsməyi ilk dəfə vağzaldan öyrəndim. Qatara çatmamış uniformada olan bir xanım üzümüzə baxıb gülümsəyirdi və nə isə deyirdi.

Vaxtilə qərb bölgəsinin bir hissəsindən azərbaycanlılar köçürülürdü, məcburi olduğundan onların geri qayıtmaları müşkülə çevrilirdi. Onlar da mahnılarda, şeirlərdə bədii və rəsm əsərlərində köçürüldükləri, tərk etdikləri yurdlarını, kənd və şəhərlərini xatırlayıb vəsf edirdilər, bu cür təsəlli tapırdılar. Bunları yazarkən bir az əvvəl yadıma Göycə gölü düşdü, uşaqkən gördüyüm gölün ətrafı qələbəlik olardı, təmiz havası olan bir yer kimi yadımda qalıb. Vaxtilə yaxşı balıqları olub, amma kralin ucbatından kökü kəsilən qızıl xallı balıqları sonralar başı özündən böyük əcaib üzgəclilər əvəzlədi. Hər dəfə hardasa Göycə deyiləndə, həm də Hüseyn Arifin vaxtilə ağ vərəqdən oxuduğu “Göycəlilər dağılmayın Göycədən” misraları yadıma düşür. İrəvandan Göycəyə - haralara qədər səyahətin hamısı bir ömürlük kitaba bənzəyir. İndi isə qaldığım yerə - Bakıya qayıdıram.

1980-ci illərin sonları idi, o illərə təsadüf edən uşaqlığımın yaddaşıma hopdurduğu, lakin fərqinə varmadığım dövrün maraqlı hadisələrində mən də olmuşam. Bakıdan haralara uzanan yollarda, səfərlərdə, səyahətlərdə mən də böyümüşəm. Onların arasında unudulanı olsa da, yadımda qalanları da olub, bəzisi isə hərdən özü özünü təkrar xatırlada bilir .

Yenidən Bakı vağzalına qayıdıram. Qatarın yola düşməsinə az qalırdı, bir az əvvəl rastlaşdığım və üzümə gülümsəyərək danışan xanımın səsi eşidilirdi. Qatarın vaqonlarını bürüyən o səs təqribən on beş dəqiqə ərzində bir neçə dildə bu cümləni təkrarlayırdı: “Bakıdan İcevana gedən qatar yola düşür...”

Aliyə Əsədova

Mənbə: moderator.az