İgid ömrü - 24-cü yazı

İgid ömrü  - 24-cü yazı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq.

Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Ana ZAMİNİNİ eldən təhvil alıb ağuşunda uyudur

Əvəz: “Füzuli ölümü seçdi, namus-qeyrətdən keçmədi”

Tofiqə: “Zamini də vura bilərlər?! İlahi, dünyanın sonudumu?!..”

Doğmalarının Füzuli – Zamin haqda dedikləri həm də yazdıqlarımıza bir epiloqdur... Artıq bilirsiniz ki, onlarla birlikdə Goranboy rayonunun Ağcakənd qəsəbəsinə sığınmış “balaca Xocalıya” səfər etdik. Yolüstü Goranboyda, Mingəçevirdə, Tərtərdə görüşdüyümüz xocalılılarla söhbətlərimizdən yazıları da diqqətinizə çatdırmışıq. Bu səfərin sonuncu nöqtəsi Tərtərin Hüsənli kənd qəbristanlığında uyuyan qəhrəmanımızın məzarını ziyarətimiz oldu. Fiqurə xanım həyat yoldaşı Əvəz və xalası qızı Tofiqə ilə birlikdə əzəmətli görünən Füzulinin baş və sinə daşlarını silib-yuyub tərtəmiz etdikdən sonra yeni çiçək çələngləri ilə Füzulinin məzarını bəzədilər. Bunu seyr edərkən bacının qardaşa əli çatdığı qədər son dərəcə məhrəm münasibətinin, qardaşa bacı qayğısının şahidinə çevrilirdi insan. Gördüyüm mənzərə məni o qədər təsirləndirmişdi ki...

Füzuli bu məzarlıqda dünyadan vaxtsız köçmüş anasının yanında yatır. İllər öncə elin ZAMİNİNƏ verib dünyasını dəyişən ana balasını ağuşuna alıbmış kimi bu uzaq kənd qəbiristanlığında onlarçün ayrılaraq dəmir çərçivə ilə əhatələnmiş məkanda uyuyur. Ana ZAMİNİNİ təhvil alıb eldən. Ancaq Füzuli həmin el-obanın, xalqın ən gərəkli, ən qeyrətli oğullarından birinə çevrilməklə ananı, atanı, Kərim kişi kimi azman babanı el arasında onların qazandığı hörmətdən də artıq ehtirama mindirdikdən sonra fani dünyamızı tərk edərək əbədiyyətə qovuşub. Füzuli bütün bir xalqın yaddaş xəritəsində özünə elə məskən seçib ki, sorağı onillərin, əsrlərin, minillərin o üzündə də eşidiləcək. Füzuli bir məktəbə çevrilib dərs keçə-keçə, öyrədə-öyrədə xatırlanacaq. Xalqımız durduqca Füzulidən və onun kimi başqa igid, qəhrəman, qədirbilən, mehriban, istiqanlı...müsbət keyfiyyətləri saymaqla qurtarmayan eloğullarımızdan öyrəniləcək. Əlbəttə ki, bu Vətəni cevməyi, qorumağı, onun bayrağını həmişə ucalarda saxlamağı, daha nələri, nələri...

...Ağcakənddəyik. Yol yoldaşım, etibarlı sürücü, şəhidin əmisi oğlu və yeznəsi Əvəz Həsənov çox maraqlı həmsöhbətdir. Onunla söhbətimiz yolboyu davam etsə də, bu bir tanışlıq xarakteri daşıyırdı. Əsas müsahibəmizsə çox maraqlı məkanda baş tutur. Burdakı söhbətimizi foto ilə tarixin arxivinə köçürürük. Şəklimizin arxa fonunda sol tərəfimizdə görünən Azərbaycanın məşhur Kəpəz dağı, sağ tərəfimizdə dağların arxasında isə o zamançün erməni hərbçiləri ilə aramızdakı neytral ərazi kimi qalan məşhur Gülüstan çölü və Qız Qalası... Məlumat üçün qeyd edim ki, 1813-cü ildə İranla Rusiya arasında bağlanmış Gülüstan müqaviləsi məhz bu məkanda baş tutub. Niyə Gülüstan adlanır bura? Əvəz, eləcə də Ağcakənddə görüşdüyüm xocalılılar deyirlər ki, xüsusilə yaz-yay aylarında Gülüstan çölü adlanan həmin ərazi doğrudan da gülşənə - laləzarlığa büründüyündən buranı gül-çiçək məskəni – Gülüstan adlandırıblar. Dağların o tayında əsrarəngiz bir mənzərə yaranır güllər çiçək açıb bir-birinə qarışanda.

...O zaman – cəmisi doqquz ay öncə o yerlərə ancaq həsrətlə baxırdıq. Erməni hərbçiləri ilə aramızdakı məsafə cəmi 4-5, hava yolu ilə 2-3 kilometr idi. Şükürlər olsun bu günə ki, indi o torpaqlar işğaldan azad olundu. Azərbaycan ordusu möhtəşəm qələbəsi ilə erməni işğalçılarını yurdumuzdan qovdu, torpaqlarımız, yurd yerlərimiz əsl tarixi sahiblərinə qaytarıldı. İndi bu yerləri xəyal edə yox, həm də cismən gəzə bilərik. İndi bu yerlərdə qəhrəmanımızın - ən çətin, vahiməli, qorxulu günlərdə belə bu yerlərdən keçib Xocalı-Ağdam, Xocalı-Hüsənli arasındakı yolları yorulmaq, dincəlmək bilmədən xoş niyyətlərlə gedib gəlmiş Füzulinin də ruhu şaddır artıq.

“Başına gülləni sıx, dediyindən dönməzdi”

Əvəz söhbətə birbaşa Füzulinin igidliklərindən danışmaqla başladı:

- Füzulinin bütün hərəkətləri, danışığı indiki kimi gözlərimin qabağındadı. Qorxmaz bir oğuluydu.

- Onu uşaqlıqdan tanıyırdız, ermənilərlə münasibətlər pozulandan, yoxsa qohum olandan sonra?

- Xeyr, lap uşaqlıqdan. Biz kökdən də qohumuq deyə, elə həmişə bunların ailəsi ilə gediş-gəlişimiz olub. Elə bil ki o, anadan qəhrəman, igid doğulmuşdu. Ay tövbə, heç nədən qorxub-çəkinməzdi. Başına gülləni sıx, dediyindən dönməzdi. Heç düşünmürdü ki, məni öldürərlər, məni atarlar, vecinə də almazdı bunu. Əsasən də nahaqla barışa bilmirdi. Hələ sakit vaxtlarda kimsə cürət edib onun yanında kimsəni yersiz aşağılaya bilməzdi. İstər qohum olsun, istərsə də yad...

Hadisələr başlayandan sonra bir gün mənə dedi ki, Əvəz, madam ki, sən də burdasan, gəl ermənilərin bizimkilərə vurduğu maddi ziyanın bir hissəsinin əvəzini çıxaq. Gedək Əsgəranın Kətik kəndinə, ordan ermənilərin mal-qarasını, atlarını qataq qabağımıza, gətirib keçirək sizin tərəfə, yəni Laçına. Dedim Zamin, silahın var? Dedi yox. Dedim bəs onda nə ilə gedək?! Qayıtdı ki, heç nə olmaz, gəl gedək. İnanın Allaha, o belə qoçaq bir oğul idi. Çalışırdı bizimkilərin heç bir hayıfı ermənidə qalmasın.

- Kətiyə getdiniz o zaman?

- Yox, onda qoymadım gedə. Silahsız erməninin içinə getmək olardı?! Güc-bəla daşındırdım onu fikrindən. Amma, məsələn, Xocalının hansı bir tərəfindəsə bircə güllə atıldımı, mən hələ raket-qradı demirəm ha, aradan beş dəqiqə keçməmiş görürdün ki, Zamin artıq ordadı. Artıq hamı öyrəşmişdi buna. Eləcə gecənin içərisində qaraltısından, yerişindən bilirdilər bu gələn Zamindi. Elə iti yerişi vardı...

Xocalıda Şəki İpək fabrikinin filialını tikdilər. Fabrikin Əsgəranla arası 4-5 kilometr olardı, ya olmazdı. Əsgəran qalasını keçən kimi Xocalıya tərəf bir az qabağa gedirdin, yolun sağındaydı. Oranın qarovulunu çəkməyə heç kim qorxusundan risq eləyib getmədi. Amma bu adam gedib tək qalırdı orda. Fabriki qoruyurdu ermənilərdən də, oğrulardan da. Özünün də bir tir tüfəngi vardı. Bilmirəm səhər çağı, ya axşamüstü olmuşdu, erməni maşını keçəndə tir tüfəngi ilə atmışdı onlara. O zaman da burda rus qoşunları yerləşirdi. Zamin atanda maşının sürücüsünəmi, yaxud onun yanında oturanamı, hansınasa dəymişdi güllə. Sağ qalanı maşını sürüb gedib Xankəndinin girəcəyində rusların postuna xəbər vermişdi. Ruslar tökülüb gəlib bunu mühasirəyə alırlar. Zamin də dayanıb ortada. Rus əsgərləri görür ki, mümkün olmayacaq, BMP-mi, tankmı, zirehli texnika gətirib onu tuturlar. Düz üç dəfə bu adamı tutub aparmışdılar. Bir dəfə də axır çərşənbənin axşamı mənim iki qardaşım, qardaşımın qaynı, bir də Zamin – dördünü bir yerdə tutmuşdular. Deməli, ruslar sərxoş olublar. Qardaşım bıçağı çıxarıb rusun komandirini vurmaq istəyəndə onun əlində bıçağı tutublar. Bunları yığıb aparıb salmışdılar Əsgəranda GPZ-yə. Burda GPZ-nin içərisində ermənilərə nə qalıb deməsin Zamin?! Sonra Elman müəllim gedib xilas eləmişdi onları. Elə Elman müəllimin rayonlardan aldırıb gətirdiyi silahları Ağdamdan gedib təkbaşına gətirən Zamin deyildimi?!

Bunları artıq bilirəm, qeydlərimi də aparmışam deyə, Əvəzin təkrar danışdıqlarına burada ara verməli oluram. Füzulinin hadisələr zamanı Şuşadan ara yollarla, cığırlarla Xocalıya piyada gəldiyini söyləyən Əvəz qəhrəmanımızın hələ uşaqlıq, yeniyetməlik çağlarında Laçına da tez-tez gəldiyini xatırlayır söhbətimiz zamanı.

...Füzuli ilə Əvəzin son görüşü Ağdam aeroportunda olur. Xocalı faciəsindən çox qabaq baş tutub bir görüş. Ondan sonra bir dəfə də gəlir Xocalıya Əvəz. Qardaşının və qardaşı uşaqlarının dalınca. Deyir uşaqları götürdüm özümlə. Vertolyot Əsgəranın yaxınlığından keçəndə Bozdağdan ermənilər atəş açıb. Amma xoşbəxtlikdən vertolyot ciddi zədə almayıb və onlar Ağdama gəlib çıxa biliblər.

“Mən Hüsənliyə çatanda Zaminin “üç mərasimini” verirdilər”

...Füzulinin ölüm xəbərini necə aldıqlarını soruşuram Əvəzdən. Sorağı dillər əzbərinə çevrilmiş, ermənilərin yuxusunu ərşə çəkmiş bir igidin ölümünə inanmağın özü də çətin bir anlamdı. Ələlxüsus da doğmaları üçün... Əvəz nəql edir:

- Füzulinin ölümünü necə eşitdim?! Əvvəla, həmin gün ilk eşitdiyimiz söz bütün xocalıların başına gətirilən müsibət oldu. Eşidən kimi yola düşməyi planlaşdıranda baxdım ki, daha köhnə yollar yoxdu...(bunu görmək, bu duyğunu yaşamaq dəhşətli bir anlamdı. İnsan öyrəşdiyi, vərdiş etdiyi yaxın bildiyi yolu itirəndə sanki bir doğmasını itirmiş kimi acını yaşamalı olur. Amma nə edəsən ki, xalqımızın taleyindən belə yaşantıları da keçirdi nankor qonşularımız. Mən də həyatımda cəmisi bir dəfə Şuşaya Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolu ilə getmişəm deyə, Şuşanın yolunu ancaq bu ardıcıllıqda görürəm. Ancaq qəhrəman əsgərlərimiz sübut etdi ki, Şuşaya – bizim qədim şəhərimizə Qubadlıdan da, lazım gəlsə lap dağlardan, meşələrdən də keçib gedə bilərmişik – N.Z.) Məcbur oldum Laçından Akara yolu ilə gəlim Füzuli rayonuna, ordan Beyləqan, Ağcabədi, bu qədər məsafəni qət etdikdən sonra, nəhayət, gəlib çıxdım Ağdama. Ağdamın “Konzavod” deyilən kəndi vardı, burda qohumumuz yaşayırdı. O da mənə Zaminin ölüm xəbərini olduğu kimi dəqiq demədi. Ancaq bunu dedi ki, Zamin yaralanıb. Həmin gün özümü Hüsənliyə çatdıra bilmədim. Səhəri gün gəldim Hüsənliyə, gördüm artıq Zaminin üç mərasimini verirlər. 3-ün səhərisi qardaşımgillə getdim yollarda qalmış meyitləri götürməyə. Gəlib çıxdıq Ağdamın Şelli kəndinə. Burda dedilər silahla getmək olmaz, çünki ermənilər silahlı görən kimi atırlar. Atamın dayısı oğlu bu kənddə yaşayırdı. Getdik onun evində adama dolu bir çay stəkanı araq içdik ki, qorxu-hürkünü unudaq, hiss etməyək, gedək ermənilərin içərisindən meyitləri götürək. Getdik çıxdıq Əsgəranın yanında toyuq ferması deyilən yerə. Burda Telman adlı iri cüssəli bir xocalılının meyiti qalmışdı. Çəkisi ağır olduğuna görə onu gətirə bilməmişdilər. Meyitin altına odeyal saldıq, sürüyə-sürüyə gətirdik bir az. Sonra istədik dərədən ağac tapıb xərək kimi düzəldək onu götürməyə. Dərəyə düşəndə burda dəhşətli bir mənzərənin şahidi olduq. İlahi, insanı necə qırıblar?!.. belə də vəhşilik olar?!.. Yuxarıdan camaatı güllələyəndə hamı qaçıb dərədə gizlənsin, burda insanı necə qırmışdılar...meyitləri bir günə salmışdılar...üst-başlarını axtarıblar, qulaqları kəsilən kim, qarınları yırtılan kim... adam az qalırdı dəli olsun bu qorxunc mənzərəni görəndə...

Füzulinin qonşusu Eldarın ailəsini vurmuşdular, hansı ki, Füzuli atını tövlədən oğurlayıb Ağdama getməyə minmişdi, onun yaş yarımlıq körpəsi qucağında sağ qalmışdı. Bizim hərbçilər o uşağı bələkdə götürüb gətirmişdilər Ağdama. O qadının da meyitini biz gətirdik Qaraqayaya. Orda da maşına qoyub gətirdik Ağdama. Telmanın, onun, bir də bibimin qaynı Eldarın yoldaşı Tofiqənin meyitlərini gətirdik təhvil verdik Ağdamın Yusifcanlı kəndində yiyələrinə, bizdən təhvil alıb dəfn elədilər. Mənim Xocalıya - Xocalı yoluna sonuncu gedişim bu oldu (kövrəlir. Başa düşürəm ki, üstündən 28 il ötməsinə baxmayaraq, Əvəz o gördüyü dəhşəti xatırlayanda hansı hissləri keçirir ürəyindən – N.Z.)... Yuxarıda hərbi vertolyot başımızın üstündə fişəng atırdı, qoruyurdular ki, bizi vurmasınlar. Vertolyota da xeyli meyit yığmışdılar. Hələ xeyli də meyit qalmışdı dərələrdə, meşələrdə...

Əvəz Xocalının mühasirədə olduğu vaxtlarda da tez-tez burdakı doğmalarına baş çəkdiyindən danışır. Deyir, qonaq gəldiyi həmin günlərdə o qədər olub Füzuli ilə Xocalı Özünümüdafiə batalyonunun postlarında keşik çəkdiyi günlər...

Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun ölümünü bircə cümlə ilə də çox gözəl xarakterizə eləyir Əvəz. Deyir, o, camaatın yolunda özünü qurban verdi. Birmənalı, şüurlu şəkildə. Ölümü seçdi, amma əqidəsindən, tutduğu yoldan dönmədi, namus-qeyrətdən keçmədi. Qəhrəmanlıq sizcə nədir bəs, əziz oxucular?!

“Qızıl kitaba yazdın adını, Füzuli!..”

Əvəzlə birlikdə Hüsənlidə yaşayan Tofiqə Novruzovanı da danışdırıram. Tofiqə Füzulinin xalası qızıdı. Füzulinin uyuduğu Tərtərin Hüsənli kəndinin sakinidi. Deməli, həm də uşaqlığının, gəncliyinin bir hissəsi Hüsənlidə keçən qəhrəmanımızın ömrünün o çağlarının şahidlərindəndi. Xalası oğlunun ölümündən 28 il ötməsinə baxmayaraq, Tofiqəni danışdırdığım bütün dəqiqələrdə nə qədər toxdaqlıq vermək istəsəm də, mən onun göz yaşlarını saxlaya bilmədim. Göz yaşları içərisində ondan ala bildiyim fikirlərsə yalnız bunlar oldu:

- (hıçqıra-hıçqıra) Bir gün silah aparmağa gəlmişdi. Dedim Zamin, bəlkə özünü gözləyəsən bir az. Yazıqsan, cavansan. Dedi nəyi gözləyə bilərəm? Mən nə üçün yaşamalıyam ki... kişi ölər, adı qızıl kitaba düşər. Axırıncı dəfə Ağdamdan, Əsgərandan keçib getdi. Çayın içi ilə silah aparırdı. Ondan sonra Zamin qayıdıb gəlmədi bir də Hüsənliyə...

Zamin – Füzuli ondan sonra Hüsənliyə gəlib... Yenə də qəhrəman kimi, igid kimi... Sadəcə bir fərqlə: qəhrəman adına şəhidliyi əlavə etməklə, həm də həmişəki, yaddaşlarda qalan iti, cəngavər yerişi ilə yox, çiyinlərdə... Uşaqlığının keçdiyi, hər bucağında izləri yaşayan Hüsənliyə ŞƏHİDLİK zirvəsindən boylanmaqla. Həm də körpəykən itirdiyi anasının qoynuna sığınmaqla. Bu nakam ömürlə hələ də barışa bilməyən Tofiqə isə göz yaşları içində sözlərinə davam edir:

- Ondan olmayıb, yoxdu, olmayacaq da. Həm qoçaq idi, həm namus çəkən idi, qeyrət çəkən idi. Xocalıda qalanlar haqqında “ordakılar mənim namusumdu”, “ordakılar mənim anam-bacımdı” sözləri dilindən düşmürdü. Əsgəranla Xocalının arasından çay keçirdi. Həmin çayla xocalılılara silah daşıyırdı ki, nə olur-olsun mən aparmalıyam.

- Ölümünü necə eşitdiniz, yadınızdadı?

- O günü unuda bilərəmmi?! Elə bildim dünya dağıldı, Zamin ölübsə, deməli hamımız öləcəyik. Eşidəndə Şellidə vurublar, şoka düşdük, yəni Zamini də vura bilərlər?! İlahi, dünyanın sonudumu?!..

- Siz də getdiniz Ağdama?

- Getdik. Ondan sonra gətirdilər bizə. Burda bir dəhşət yaşandı. Allah göstərməsin heç kimə. Onun uşaqlığının bir hissəsi burda – qohumlarda keçmişdi. Sonralar gəlişi də toy-bayrama çevrilirdi. Hamıya kömək edirdi. İnsan nə qədər canıyanan ola bilər? Vallah, mən ikinci belə bir insan görməmişəm. Onun kimi zirək adam elə bilirəm heç yoxdu, ay tövbə! Elə bil quş qanadında yetirirdi özünü, bir də baxırdın ki, Zamin gəldi, burdadı. Hər işi görürdü. Gəlib Hüsənlidə ot çalırdı. Kömək edirdi bizə. İnanın, onun dəfnində bu kəndin camaatı o qədər özlərini döyürdülər ki... hamı çox istəyirdi onu, doğma-yad fərqi yox idi. O qarda-çovğunda uşaqdan ağbirçəyə qədər hamı yığışmışdı, bizim qapı camaatı tutmurdu. Allah dəyməsin el-obaya, Allah hamısından razı olsun, hamısı bir ağızdan deyirdi ki, halal xoşu olsun, nə əziyyət çəkiriksə, onun buna haqqı çatır. O adı həqiqətən qazanmışdı Zamin. Kimsə dünyasını dəyişəndə deyirlər evdən gedir, kimsə dünyasını dəyişəndə deyirlər eldən gedir. Zamin həqiqətən bütün Azərbaycandan getdi. Onu el bu ada layiq şəkildə yola saldı son mənzilinə. Qonşumuzda Bəsti müəllimə yaşayırdı. Onu yas məclislərində ağlayan görməmişdi hüsənlilər. Ancaq o, Zaminə elə ağı dedi ki, hamı məəttəl qalmışdı müəllimənin səsinin belə eşidilməsinə. Zamin çünki təkcə qohumların, doğmaların yox, hamının hörmətini bax, beləcə qazanmışdı.

(ardı var)

Nəzirməmməd ZÖHRABLI
jurnalist-publisist

Mənbə: www.baki-xeber.com