Fuad Poladov: "Azərbaycan kinosunda ruslar, ermənilər, gürcülər ağalıq edib"

Fuad Poladov:  "Azərbaycan kinosunda ruslar, ermənilər, gürcülər ağalıq edib"

Uzaq zümrüd şəhərdə istirahət, bayram günlərimizin tək-tük əyləncələrindən biri də təkrar-təkrar yayımlanan televiziya tamaşalarını, filmləri izləmək idi. Bu günün insanı türk, latın amerika seriallarına necə baxırsa, biz də onda həmin tamaşalara, filmlərə elə baxırdıq, sözlərini əzbərləyirdik, qəhrəmanlara aşiq olurduq. O vaxta qədər daha çox teatr həvəskarları tərəfindən tanınan Fuad Poladov da Lütfi Məmmədbəyovun “Atayevlər ailəsi”, “Alov” televiziya tamaşalarından sonra kütlənin sevimlisinə çevrilən aktyorlardan biri idi. Baxmayaraq ki, hər iki tamaşada mənfi rol oynayırdı. Ancaq dövr səksənlərin əvvəli idi. Daha doğrusu, “Atayevlər ailəsi” 1979, “Alov” isə 1980-də efirlərə çıxmışdı. Kommunizmdə hər kəsi gözləyən ideal həyat, hüquq bərabərliyi, insana əməyinə görə qiymət vermək və sair və ilaxır tipli arzular artıq saxta pafoslu şüardan başqa bir şey deyildi. Və insanlar emin bəxtiyarovlara, şahsuvarovlara daha rəğbətlə yanaşırdılar. Çünki onlar hələ də “bizim sovet hökümətimiz, kommunist vicdanı” deyən müsbət qəhrəmanlardan daha maraqlı, daha gerçək idilər, onların dedikləri və elədikləri reallıqda baş verənlərə daha yaxın idi. Ona görə də Emin Bəxtiyarovun “Emmunuel Kantın transsendental fəlsəfəsinə görə”, Yaşar Nurinin “bu fani dünyada paççahdan-zaddan da olmadıq” cümlələri aforizmə çevrilmişdi. Ən çox da Emin Bəxtiyarov sevilirdi. Əgər milis işçisi Şahsuvarov ənənəvi, birxətli mənfi personaj idisə, Emin elə deyildi. İkisi də, demək olar ki, eyni xarakterli obraz olsa da, dərinlik baxımından fərqlənirdilər. Emin Bəxtiyarovun öz fəlsəfəsi vardı, əməllərini əsaslandırmağı bacarırdı. Fuad Poladovun ironik intonasiyası, jestləri, pauzaları, qırıq-qırıq gülüşü isə onu çoxqatlı eləyir, ziddiyyəti artırırdı. Şahsuvarovu da, Bəxtiyarovu da tamaşaçıya sevdirən sadəcə öz zəmanələrinin qəhrəmanı olmaqları deyildi, həm də xarizmaları idi.

Uzun sözün qısası, mən Emin Bəxtiyarovdan, dolayısı ilə Fuad Poladovdan, o tip kişilərdən qorxurdum. Elə indi də qorxuram. Soyuq zəhm yağan baxışlar, sanki yuxarıdan aşağı baxan gözlər, qəflətən adamın gözünün içinə zillənəndə üzə qonan yumşaq təbəssüm, həmişə dik olan qamət… Bütün bunlarda bir iblisanəlik var. Eyni zamanda həm özündən itələyən, həm də özünə çəkən. Fuad müəllim məndə həmişə bu obrazla asossasiya olunub. Onu səhnədən kənarda, məsələn, Fəvvarələr meydanında gəzərkən müşahidə eləyəndə bu təəssüratım daha da möhkəmlənib. Odur ki, onun haqqında kitab hazırlamaq təklifi alanda həmin qorxu və cazibənin təsiri altında, yəni daha çox qadın marağıma yenik düşərək razılaşdım. Onunla, nəhayət ki, əyani tanış olmağa gedəndə ən gözəl donumu geyindim, bəzənib düzənib, eynəyimi də par-par parıldadıb gözümə taxdım. Teatr Xadimləri İttifaqında baş tutan tanışlıq mərasimində Fuad müəllim məni dəhlizdə qarşıladı. Hətta bir an elə bil, məni görəndə gözləri parıldadı ki, bu da özgüvənimi artırmaya bilməzdi. Artıq istədiyim hər şeyi soruşacağıma, bütün suallarıma ətraflı cavab alacağıma əmin idim, ancaq…Ancaq bu arxayınlıq cəmi beş-on dəqiqə çəkdi. Əvvəlki təəssüratım - qorxu geri qayıtdı. Qarşımda özünü yaxşı tanıyan, nə istədiyini bilən, adına və mövqeyinə hörmət eləyən və ətrafdakılardan da eyni münasibəti gözləyən bir kişi oturmuşdu. Üstəlik o həm də peşəkar aktyor idi. Elə bəri başdan da şərtini qoydu: çox özəl mövzularda heç bir sual verilməyəcək. Qalan hər şeyə yaşıl işıq.

Başqa nə qaldı ki? Fuad Poladov yaradıcılığı zatən göz qabağındadı, 40 ilə yaxındı ona məqalələr, verilişlər həsr olunur, örnək göstərilir. Mən isə heç kimin tanımadığı Fuad Poladovu tapmaq istəyirdim. Onun şərti bir saniyəyə qazandığım özgüvəni elə bircə saniyəyə də yox elədi, amma onu tanımaq, pərdənin arxasında qalan tərəflərini görmək, susaraq dediklərini eşitmək istəyimi gücləndirdi. Hələ başlayaq, sonrasına sonra baxarıq” deyib ilk söhbətimiz üçün vaxt təyin eləməyini istədim.

Ən azından cəhd eləyəcəm…

Birinci cəhd

Rus Dramatik Teatrındayam. Fuad Poladovla Məbud Məhərrəmovun qrim otağında. Böyük güzgülü iki masa, balaca bir divan, paltarasılan, əlüzyuyan, iki fırlanan kreslo.. Fuad müəllimlə birinci söhbətimiz burda olacaq. Daha doğrusu, bütün söhbətlərimiz. O öz yerində oturacaq, mən də Məbud Məhərrəmovun.

Rəngarənglik olsun deyə bircə dəfə məkanı dəyişməyə, onu burdan çıxartmağa çalışdım. Nəzakətlə imtina elədi. Sonra anladım ki, elə belə də olmalı idi. Burdan çıxsaydı, fərqli yerlərdə görüşsəydik, o, Fuad Poladov olmazdı. Ancaq bunu sonra anlayacam. Hələliksə birinci görüşümüzdü, üz-üzə əyləşmişik və o, uşaqlığını, ilk dəfə kimdən, nə vaxt incidiyini xatırlamağa çalışır.


– Altı yaşım vardı. Rusdilli məktəbdə birinci sinifə gedirdim. Məktəbin həyətindəki zirzəmidə təsərrüfat müdirinin otağı yerləşirdi. İkinci növbənin dərsləri hələ başlamamışdı. Zirzəmidə pillələrin üstündə oturub mənimlə eyni sinifdə oxuyan qızla söhbət eləyirdim. Təsərrüfat müdirinin qapısından qıfıl asıldığından onun içəridə olmadığına arxayın idik. Qəflətən otağın qapısı açıldı. Sən demə, qıfıl qulaqcığın birindən asılıbmış, biz bağlı bilmişik. Müdir bayıra çıxdı, “burda neynirsiz?” deyib qışqırdı. Bizi direktorun kabinetinə aparıb dedi ki, bunlar zirzəmidə görüş təyin eləyiblər. Mən “dərsimiz hələ başlamayıb, ona görə gedib orda oturmuşuq” deyə qızı müdafiə eləməyə çalışsam da, direktor təsərrüfat müdirinə inandı. Onda ilk dəfə məktəbdən xaric olundum. Ümumiyyətlə, o vaxt evdə mübahisə yaranmışdı. Atam rus dilində təhsil almağımı istəyirdi, anam azərbaycan dilində. O hadisədən sonra evdəkilərin əlinə bəhanə düşdü, məni azərbaycandilli məktəbə keçirdilər.


Anam – Hənifə ibtidai sinif müəlliməsi idi, atam – Ağarəhim Poladov isə kimya-biologiya. Amma mən özümü bildim-biləli onu həmişə vəzifədə görmüşəm. Məktəb direktoru, maarif şöbə müdiri olub. İndiki Yasamal rayonunda (keçmiş Oktyabr rayonu) sayılıb seçilən pedaqoqlardan biri, pedaqoqika sahəsində birinci Lenin ordeni mükafatçısı, əməkdar müəllim titulunu qazanmış insan idi. Ancaq məni məktəbdən xaric eləyəndə qarışmadı. Deyəsən, oxuduğum məktəb onun işlədiyi rayonda olduğu üçün atam orda oxumağımı istəmirdi. Məni indiki Səbayıl, o vaxtkı 26-lar rayonun ərazisindəki 132 nömrəli məktəbə keçirdilər.


Mən çox şuluq, ipə-sapa yatmayan uşaq olmuşam. Tez-tez dərs buraxırdım, müəllimlərə mane olurdum. Atam həddindən artıq ciddi, zəhmli adam idi. Onun zəhmindən qorxub məktəbə həmişə ya dayımı aparırdım, ya da dayım oğlu ilə nişanlısını. Bilmirəm, atamın dəcəlliklərimdən xəbəri olurdu, ya yox. Çünki anam da üstünü vurmurdu. Bilirdi ki, atam cəzalandıranda pis cəzalandırır. Odur ki, atama heç nə demirdi. Mənim naturam belə idi, şöhrəti bir az tez dadmışdım. Sənətlə uşaqlıqdan məşğul olmağa başlamışdım: dördüncü sinifdən dram dərnəyinə gedirdim. Sonra televiziya açıldı, verilişlərə dəvət olundum. O vaxt televiziyada uşaqlar, pionerlər üçün verilişlər vardı, canlı tamaşalar hazırlanırdı. Bu işlə məşğul ola-ola paralel dərslərə gələ bilmirdim. Əvvəllər güzəşt eləmirdilər. Sonradan razılaşmağa məcbur oldular. Dram dərnəyinə özüm gedib yazılmışdım. Çünki uşaqlıqdan aktyor sənətinə həvəsim vardı. Hətta albomum da vardı, aktyorların şəkillərini yığırdım. Məncə, o albom indi də bacımgildə olmalıdı. Birinci səhifəsində Hökümə Qurbanovanın, Ələsgər Ələkbərovun, Sidqi Ruhullanı böyük şəkilləri vardı. Sonra teatrların aylıq bukletlərini yığırdım. Onlarda aktyorlar, tamaşalar haqqında məlumatlar verilirdi. O vaxtlar məktəbliləri axşam tamaşalarına buraxmırdılar, mən də gündüz tamaşalarına gedəndə alırdım, sonra gətirib albomuma yapışdırırdım. Gənc tamaşaçılar teatrının ən fəal tamaşaçılarından idim.


Bizim bir ədəbiyyat müəllimimiz vardı - Bilqeyis müəllimə. Çox gözəl, unikal bir qadın idi. Mənim də xətrimi çox istəyirdi. Ədəbiyyat dərslərində pyeslər oxuyurduq, baş rolları həmişə mənə verirdi. Amma aktyor olmağımı istəmirdi. Hətta fikrimi dəyişim deyə məni bir il sinifdə saxladı. Bilqeyis müəllimə mənim hüquqşünas olmağımı istəyirdi. Bunun da səbəbi vardı. Bir dəfə sinif jurnalı itmişdi. O vaxtlar belə şeylər olanda ən birinci sinif nümayəndəsi - sinifkom deyirdik- ondan soruşurdular. Bizim sinifkom qız xeylağı idi. Məsələni qızı məktəbdən xaric eləməyə qədər böyütdülər, şagirdlərdən bir neçəsini müəllimlər otağına çağırdılar. Mən orda sinifkomumuzu müdafiə elədim, onun günahsız olduğunu isbatlamağa çalışdım. Çıxışım, Bilqeyis müəllimənin xoşuna gəlmişdi. Deyirdi ki, səndən yaxşı hüquqşünas olar. Bilqeyis müəllimənin həyat yoldaşı Məmmədhüseyn Təhmasib universitetdə kafedra müdiri işləyirdi, böyük ədəbiyyatçı idi. Nə isə. Bilqeyis müəllimə məni payıza saxladı ki, aktyor olmaq fikrimdən daşınım. Sonra gördü ki, alınmır, xeyir-duamı verdi.


Deyəsən, özü haqqında danışmağı xoşlamır. Cümlələri ya qırılır, ya “o yan, bu yan” deyib üstündən keçməyə çalışır. Ancaq birdən işıqlı bir şey xatırlamış kimi gözləri parıldayır…


– İndi soruşacaqsız ki, niyə aktyor? Çünki aktyor deyəndə ilk növbədə gözümün önünə hər yerdə tanınmaq, hamı tərəfindən sevilmək gəlirdi. İlk təəssüratım bu idi. Amma sonra görürsən ki… Pasternakın bir şeiri var, məhz, aktyorluq sənəti haqqındadı.


О, знал бы я, что так бывает,

Когда пускался на дебют,

Что строчки с кровью – убивают,

Нахлынут горлом и убьют!


Çox gözəl şeirdi. Nə isə. Sonra bu sənətlə ciddi məşğul olmağa başlayanda görürsən ki, yanılmısan. Və ən nəhayət, o fikrə gəlirsən ki, aktyorluq- xəstəlikdi. Artıq çoxdan bu fikirdəyəm - aktyorluğu seçməyim şöhrət üçün, tanınmaq, ya da başqa şey üçün deyilmiş… Məni prosesdən aldığım ləzzət cəlb eləyirmiş. Bunu bir dəfə də danışmışam. Mən uşaqlıqda foto ilə məşğul olurdum. Fotoaparatlarım vardı. Amma şəkil çəkməyi o qədər də sevmirdim. Məni daha çox şəkli araşdırmaq prosesi cəlb eləyirdi. O vaxtlar indiki kimi deyildi. Qaranlıq otaqda, qırmızı işığın altında fotonu almaq üçün kağızı “aydınlaşdırıcı” deyilən mayeyə salırdın. Və ağ kağızın üzərində yavaş-yavaş cizgilər əmələ gələndə… Bax, o prosesdən elə həzz alırdım ki… Çünki o mənim işim idi, mən yaratmışdım! Aktyorluq da belədi. Rolu aydınlaşdırırsan, xarakteri oturuşdurursan. Əsas olan bu prosesdi.


- Valideynləriniz razılaşdılar sizin bu seçiminizlə?


– Valideynlərim? Yox. Nə danışırsan?! Aktyor olmağıma qətiyyən razı deyildilər. Hərəsinin mənimlə bağlı öz arzuları vardı. Atam həkim olmağımı istəyirdi, anam hüquqşünas. Dördüncü-beşinci sinifdə bu işlə məşğul olmağa başlayanda onlar buna uşaqlıq həvəsi kimi baxırdılar. Elə bilirdilər ki, keçəcək. Doqquzuncu sinifdə oxuyanda ilk dəfə kinoya çəkildim. “İstintaq davam edir” filminə. Daha doğrusu, əvvəlcə Adil İsgəndərovun iki illik kinoaktyorluq kurslarına daxil oldum. Onuncu sinfin əvvəllərində isə kinoya çəkildim. Onda başa düşdülər ki, deyəsən, məsələ ciddidi. Onuncu sinifdə artıq bütün şəhər məni tanıyırdı. On altı yaşım vardı. Ən çılğın dövrlərim idi. Evə gec gəlməyə başlamışdım. Bir gün gələndə gördüm, atam filmdən olan şəkillərimi cırıb… Üstəlik həmin ərəfədə bir şuluqluq eləmişdim. Evə milislər gəlmişdilər. Ciddi şey deyildi, küçədə bir oğlanla dalaşmışdım. Yanımda qız vardı. Siqaret almaq üçün dükana girmişdim, qız qapıda gözləyirdi. Çıxdım gördüm, bir nəfər ona yaxınlaşıb. Balaca mübahisəmiz düşdü. Apardılar milisə. Sonra da evə gəldilər. Həmin vaxt filmdə çəkilmiş şəkillərim evdə idi. Atam əsəbləşib hamısını cırmışdı. Amma milis məsələsi həll olundu. Həm atama görə hörmət elədilər. Həm də gördülər ki, böyüdüləsi bir şey yoxdu. Atamla dost olmamışıq, aramızda həmişə pərdə vardı. O, çox nüfuzlu kişi idi. İndinin özündə də Dağlı məhəlləsinə gedəndə “Fuad gəldi” demirlər, “Ağa müəllimin oğlu gəldi” deyirlər. Anam çox mülayim qadın idi. Məktəbdə bir sözünü iki eləmirdilər, ancaq evdə odla su arasında qalırdı. Hərçənd onun da öz cəzalandırma metodları vardı. Məsələn, nəsə olanda və “papa bilməsin” deyəndə atama heç nə demirdi, özü cəzalandırırdı. Evdə dörd uşaq olmuşuq - üç qardaş, bir bacı. Mən kiçik qardaşam, sonra da bacım olub. Böyük qardaşım avtomobilist idi, politexniki bitirmişdi. İkinci qardaşım iqtisadiyyatı oxumuşdu, Bacım da riyaziyyatçıdı, indi Avropa litseyində dərs deyir. Ailəmizdə, ümumiyyətlə, bütün nəsildə incəsənəti bir mən seçmişəm, bir də atamın əmisi nəvəsi Əkrəm. Əkrəm Poladov. Opera və Balet teatrının solisti, əməkdar artistdi.

Doğrusu, Adil İsgəndərov şəxsiyyəti haqqında həmişə ziddiyyətli şeylər eşitmişəm. Bəziləri onu Azərbaycan kinosunun xilaskarı, onu yadlardan təmizləyən şəxs adlandırır, bəziləri də əksinə – onun kinomuzu uzun müddətə geri saldığını iddia eləyir. Odu ki, özümü saxlaya bilməyib sözünü kəsirəm, düşündüklərimi deyib Adil İsgəndərovun necə adam olduğunu soruşuram.


- Adil İsgəndərov mənim xatirimdə teatrın, kinonun inkişafında hədsiz xidmətləri olmuş bir insan kimi qalıb. Məsələn, onun rəhbərliyi dövründə Azərbaycan teatrı bütün Sovet İttifaqında “Adil İsgəndərov teatrı” kimi tanınırdı. Mən həmin vaxt teatrda işləməmişəm, amma o dövrün aktyorları ona sözün əsl mənasında pərəstiş eləyiblər. Düzdü, onun dövründə də intriqalar olub, ancaq Adil İsgəndərov özünü kişi kimi aparıb. Məsələn, bu gün onu hansısa bir iclasda təhqir eləyən adama ertəsi gün rol bölgüsündə baş rolu verib. Adil İsgəndərov böyük sənətkardı. Mən eşitmişəm ki, o, aktyorların inkişafına şəxsən nəzarət eləyib. Yəni hansı aktyor hansı rolu oynamalıdı, növbəti rolu hansı olmalıdı – belə şeyləri həmişə diqqətdə saxlayıb, onların yüksəlişinə, müəyyən zirvəyə qalxmağına kömək eləyib. Mənim bildiyimə görə, Adil İsgəndərov kinostudiyaya direktor təyin olunana qədər Azərbaycan kinosunda ruslar, ermənilər, gürcülər ağalıq eləyiblər. İsgəndərov onların bura dəvətinə tabu qoyan şəxslərdən biri olub. Deyib ki, ancaq milli kadrlardan istifadə eləmək lazımdı.


Mən “İstintaq davam edir” filminə elə Adil İsgəndərovun sayəsində çəkilmişəm. O vaxt çox cavan idim. Söz götürmürdüm. Çəkilişlərin birində rejissorla mübahisəmiz yarandı.

- Nə üstündə?

- Əşşi, heç nəyin. Çəkiliş bulvarda gedirdi. Bilirsiniz də, “İstintaq davam edir” filmini görkəmli rejissorumuz Əlisəttar Atakişiyev çəkib. Hə, deməli, mən qapını açıb qızı maşına oturtmalıydım. Bir neçə dəfə təkrarladım. Çəkiliş başladı, maşın yerinə çatanda rejissor “Stop!” qışqırdı. Dediyinə görə çəkiliş vaxtı məşqdəki kimi eləmədim. Mənimlə bir az yüksək tonla danışdı. Çəkiliş meydançası, bulvara gedən yoldakı keçid var haa, bax, orda qurulmuşdu. Camaat yığışıb bizə baxırdı. Təsəvvür elə ki, hamının gözünün önündə kimsə sənə qışqırır. Şəstimə dəydi, mən də cavabını verdim. Əlisəttar müəllim gedib şikayət eləyibmiş ki, bu aktyoru istəmirəm, mənə cavab qaytardı. Onda Adil müəllim ona deyibmiş ki, bu, pedaqoji yanaşma deyil. Fuad hələ uşaqdı, məktəblidi. Sən isə indidən onun qol-qanadını qırırsan.


- Bildiyim qədərilə dağlı məhəlləsinin yetirməsisiz. Sizin formalaşmağınıza necə təsir eləyib ora? Həm nə qədər ziddiyyətli olsa da, Dağlı məhəlləsi Azərbaycan incəsənətinə çox şəxsiyyətlər verib.


- Düzdü, biz dağlı məhəlləsində yaşamışıq, amma insan kimi formalaşmağımda daha çox İçərişəhərin rolu olub. Oxuduğum məktəb İçərişəhərlə üzbəüz idi, yoldaşlarımın əksəriyyəti içərişəhər uşaqlarıydı. İçərişəhər… O mühit… İndi o o camaat, insanlar bir az dəyişilib. Ağsaqqala hörmət… Sözə verilən qiymət.. Dediyin sözün arxasında dayanmaq… Qadına münasibət.. İndi bunların hamısı öz təsirini itirib. O vaxtlar da rayondan gələnlər olurdu. Onlara “çuşka” deyirdilər. Amma indikilərlə müqayisədə onlar, Bakı mühitinə adaptasiya olmağa cəhd eləyirdilər. Birinci ləhcələrini dəyişməyə çalışırdılar. İndi isə əksinə- daha çox qabardırlar. Deyirlər ki, məni olduğum kimi qəbul eləməlisiz. Rüstəm İbrahimbəyovun “Əlvida, cənub şəhəri” filminə baxmısız? Mənim rolum yadınızdadı? Mən orda Ermənistandan gələn qaçqın rolunu oynayıram. Qəhrəmanım sonda göydələn tikənlərdən biri olur.

Demək istəyirəm ki, o vaxtlar gələnlər şəhər mədəniyyətinin içində yeyilirdi, indikilər isə yeyirlər. Üstəlik o dövrdə şəhərin özü də başqa cür idi. Məsələn, “stilyaqalar” mühiti vardı. Mən onların da arasında olmuşam. İçərişəhərdən çıxıb Fəvvarələr meydanına keçəndə artıq stilyaqaların mühitinə düşürdün. İlk rolum da “stilyaqa” obrazı olduğuna görə o mühitə də bələd idim, İçərişəhərin mühitinə də. Onların da içində olurdum, bunların da. Ancaq onda bu iki qrupun arasında indiki kimi kəskin fərq yox idi. Məsələn, yaxşı geyinmək pis oğlan olmaq demək deyildi. Sən dəbə uyğun geyinəndə də yaxşı ceyil ola bilərdin. Yaxşı ceyil də bütün günü məhlədə belə oturmaq, təsbeh çevirmək demək deyildi. (kulis.az)

 

Mənbə: moderator.az