Lüğət çətinliyi

Lüğət çətinliyi

“Əgər xoşbəxtlik haqda qayğıları ata bilsəydik, dünyada yaşamaq çox maraqlı olardı”

(Oldos Haksli, “Cəsur Yeni Dünya” romanından)

Efiopiyada vətəndaş savaşı qızğın mərhələyə giribdir, on minlərlə insan baş götürüb Sudana qaçıb. Dünən hökumət qüvvələri Tiqrinya əyalətindəki müxalifətə son ultimatum vermişdilər. Noyabrın əvvəlindən qızışan davada çoxlu ölənlər var. İşin ən tragikomik tərəfi isə odur ki, prosesə hökumət tərəfdən başçılıq edən adam – Efiopiyanın baş naziri Abiy Əhməd Əli 2019-cu ildə Nobel sülh mükafatına layiq görülmüşdü. İnsafən bu ödülü ona Tiqrinya əhvalatına görə yox, Eritreya adlı dövlətlə sərhəd münaqişəsini dinc şəkildə yoluna qoyduğu üçün vermişdilər. Yəni, malı mala qatmayaq. Orda yarıtmışdı, burda yarıda bilməyib.

Eyni zamanda, bu kimi əhvalatlar planetimizdə işlərin necə fırıq olmasının, necə karikatur vəziyyətdə yaşamağımızın növbəti isbatıdır. Birinci kərə deyil ki. SSRİ-nin şefi Mişa Qorbaçovu da Bakı, Tiflis, Vilnyüs və sairə bölgələrin sakinlərinin qanına əli bulaşandan sonra Nobel sülh mükafatına layiq görmüşdülər. Hətta eyni məntiqlə proqnoz edirəm ki, yaxın illərdə Vladimir Putin də bu ödülü ala bilər. Niyə almasın? Kimdən əskikdir? Qafqazda sülhə töhfə veribmi? Verib. Suriyada qırğını yatızdırıb. Ukraynada Kiyevi tutmaq imkanı ola-ola cəmi 3 əyalətlə kifayətlənib. Navalnını xarici xəstəxanaya buraxıb. İşləri, zəhməti çoxdur dünya üzərində. Bunların hamısı Nobel sülh ödülü komitəsi tərəfindən qiymətləndirilməlidir.

Yeri gəlmişkən, rusların Qarabağ bölgəsinə oturması mənə bir saqqallı lətifəni xatırlatdı. Baba nəvələrini başına yığıb müharibə xatirələrini danışır: “Belarusda meşədə qızğın döyüşdəydik. Almanları qıra-qıra xeyli qabağa getdik. Meşənin dərinliyində nemeslərə əlavə qüvvə yardıma gəldi, bu dəfə onlar bizi üstələdilər. Geri çəkildik. Sonra biz nemesləri qovduq. Sonra onlar bizi qovdu”. Beləcə, ağsaqqal yarım saat meşədəki davadan danışır, nəvələr darıxır, soruşurlar bəs kim güclü çıxdı, axırda nə oldu. Baba deyir: “Axırda meşəbəyi gəlib hamımızı qovdu”.

Qayıdaq Efiopiyaya. Sözgəlişi, Dünya Səhiyyə Təşkilatının şefi Tedros müəllim də efiopiyalıdır, Əhməd müəllimin yerlisidir. Güman ki, ona da korona ilə mübarizədə əməyinə görə Nobel mükafatı versək pis olmaz. Kişi il uzunu çox əziyyət çəkdi, planetə gah maska taxdı, gah maskanı açdırdı. Düzdür, ara yerdə bir neçə milyon adam Allahın rəhmətinə getdi, ancaq bunun ÜST-ün üstün fəaliyyətinə nə ziyanı? Əsas odur adamın təşkilatı, idarəsi olsun. Vəzifə şirin şeydir, yoxsa Tramp ondan asan əl çəkərdi. Yapışıb, deyir getmirəm. İnsafən maraqlı prezident idi, indi yerinə qoyulan lap pis olacaq. Adı demokrat olmasına baxmayın, əslində ABŞ-da demokratlar bizim SSRİ vaxtındakı kommunistlər kimi bir şeydir. Biz sosializmdən nə qədər yarıdıqsa, amerikalılar da Baydendən o qədər yarıyacaq.

Gör qlobal problemləri müzakirə edərək hara gəldik çıxdıq. Başqa yolumuz yoxdur, Binəqədidən danışası deyilik. Orda, maşallah, bütün problemlər həllini tapıbdır. Hətta yağış bərk yağanda Abşeron rayonuna dəniz yolu tapırıq. Kolumb kimi. Bu mənada, mənə maraqlıdır ki, Oksford-un alimləri 2020-ci ilin sözünü tapmaqda niyə çətinlik çəkirlər. Orda belə adət var, hər ilin ən çox işlənən yeni sözünü seçib lüğətə salırlar. Təklif varmış bu ilin yeni sözü “koronavirus”, “lokdaun”, “kovidiot” (COVİD-19-a şübhə edənlərə qoyulan addır) kimi sözlər olsun. Lakin yekun nəticəyə gələ bilməyiblər.

Ancaq biz – Azərbaycan zəhmətkeşləri 2020-ci ilin əsas sözünü artıq müəyyən etmişik. Bu, “itiqovan” sözüdür. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu birgə yazılan “itiqovan” sözünü lüğətə daxil etməli olacaq. Etməsələr, onları da qovarıq.

 

 

Mənbə: www.cumhuriyyet.net