İgid ömrü - 25-ci yazı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

İstiqanlı Füzulinin soyuq davranışları...

Rəşad Baxşəliyev: “Onda güc və qorxmazlıq vəhdətdəydi”

Füzulidə namus-qeyrət, böyük mənada vətənpərvərlik, məhəlli yanaşmada istiqanlılıq bəlkə bizim heç qədərincə dəyərləndirə bilmədiyimiz o yüksək səviyyədə olmasaydı, o belə faciəvi şəkildə həlak olmazdı. Əslində bu hisslər ona imkan vermirdi ki, özünü qorusun, saxlasın – qəhrəmanımızın xalası oğlu, ömrünün uşaqlıq dövrünün bir hissəsini Xocalıda Füzuli ilə birgə keçirmiş Rəşad Baxşəliyevin sözlərindəndir bunlar. Rəşad indi polis polkovnik-leytenantı rütbəsində Xocalı Rayon Polis Şöbəsinin əməkdaşıdır.

...Sovetlər dönəmində “Azərbaycan gəncləri” qəzetində o dövrün cəsarətli yazıları baxımından qələmə alınan bir məqalədə oxumuşdum ki, “ata-anasını, bacı-qardaşını sevməyən şəxs vətənpərvər ola bilməz, vətənpərvər olmayan şəxs sədaqətli əsl ər, gerçək sevgili ola bilməz”. Həmin yazıda bu hisslər arasındakı zəncir çox maraqlı şəkildə qabardılmış və mütləq şəkildə birinin digərini doğurduğu geniş və bütün çılpaqlığı ilə izah olunmuşdu. İndi Rəşadla söhbətim zamanı təbii olaraq o yazını və o yazının o vaxtın gəncliyinin yaddaşında buraxdığı izləri xatırlamalı oldum. O yazının çapından sonrakı illərdə bizim dünyamız qarışdı - 20 Yanvar, Qarabağ hadisələri baş verdi və bu hadisələrin fonunda kimin nə dərəcədə vətənpərvər ola bildiyi kimi danılmaz faktlar da özünü əyani şəkildə göstərdi. O zamanın yaxşı mənada yetişdirdiyi gənclərin içərisində Füzuli-Zamin Rüstəmov nümunəsi də varmış…

Bu barədə Rəşadı da məlumatlandırıram. Rəşad deyir, mənim sadaladığım bu hisslər gərək insanın qanında ola. Onların biri varsa, digərləri də onun ardınca yetişəcək, üzə çıxacaq. Yox, əgər yoxdursa yerli-dibli, deməli bu insan boş vücuddan ibarətdi. Ola bilsin, imitasiya, yamsılamaq yolu ilə kimsə özünü qeyrətli göstərmək istəyər, ancaq lazımi məqama gəlib çatanda onun dediklərinin boğazdan yuxarıda olduğu mütləq özünü göstərəcək:

- Xatırlayıram, Füzulinin azərbaycanlılarla ermənilər arasında ilk qarşıdurmalardakı hərəkətlərini. “Vosem-şestoy” deyilən yerdə, başqa yerlərdə. Heç nədən, heç kimdən qorxmurdu, çəkinmirdi. Nə milis, nə hərbçi, onun gözündə heç kimdən qorxu hissini görməzdin. Amma o zamanlar nəinki kənddə, paytaxtın özündə belə yaşayan uşaqlar milis işçisini, sahə müvəkkillərini görəndə qorxularından “tük tökürdülər”. Üz-üzə gələndə yollarını dəyişirdilər ki, birdən bu paqonlu adam mənə nəsə deyər. Amma Zamin gedib girirdi, indiki dillə desək, polislərin, rus hərbçilərinin içinə, dik dayanırdı qabaqlarında, hələ bir onları sorğu-sual da edirdi ki, bu niyə belədi, niyə elədi, niyə ayrıseçkilik qoyursunuz, hamımız bu ölkənin vətəndaşı deyilik?! Zamin görürdü ki, məsələn, filan yerdə nəsə törədirlər, hadisə baş verir, gedib dayanırdı həmin nöqtədə. Daha qaçsın gizlənsin, yoxa çıxsın, belə hisslər ona tamam yad idi. O heç kimə qulaq asıb, ermənilərin üstünə getməkdən geri dönməzdi. Bir az xalam (söhbət Füzuliyə analıq etmiş xalası Səkinədən gedir – N.Z.) ona təsir edə bilirdi, o da baxır hansı məsələlərdə. Çox şeyi heç bildirmirdi də evdəkilərə, xalama, sonradan xəbər tuturdular adətən baş verən hadisələr haqqında. Xüsusilə torpaq, Vətən məsələsində, erməni-azərbaycanlı məsələsində o adam heç kimi eşitmirdi, yalnız irəli getməyi, ermənilərə zərbə vurmağı düşünürdü.

Rəşada Azərbaycanın hər bölgəsində belə oğulların olduğunu, lakin getdikcə onların boy sırasının azalması səbəbindən halqanın daralmasından təəssüfləndiyimi söyləyirəm. Həmsöhbətim mənimlə razılaşır. O da belə oğulların getdikcə daha sürətlə azaldığından narahatlığını bildirir və aşağıdakı etirafda bulunur:

- Mən şəxsən heç zaman Zamin kimi ola bilmərəm. Onda iki şey vəhdətdəydi: güc və qorxmazlıq. Bir var qorxmursan, ancaq bu qorxmazlığı reallaşdırmağa gücün yetmir, bir də var güclüsən, amma onu istifadə etməyə qorxursan. Zamin bu iki amilin vəhdətinə sahib olduğuna görə bəxtəvər şəxsiyyət idi. Heç nədən çəkinməyə qoymurdu bu amillər onu. Nəyisə həyata keçirəndə o qədər soyuqqanlı davranırdı ki...deməzdin o istiqanlılılığı ilə tanınan məşhur Zamindi bu... Qərar qəbul etməsi də bir anda baş verirdi. Dediyi artıq qəti qərar olurdu və onun ardınca gedəcəyi yüz faiz, mütləq idi. Onun o qədər müddətdə sağ qalmasının bəlkə də yeganə səbəbi özünün qəfil müstəqil qərarlar qəbul etməsi olmuşdu. Bilmirəm, başqa yerlərdə onu necə adlandırırlar, biz tərəfdə ona “qəfilcil” deyirlər.

“O qədər güc bu adamda hardan idi, bilməzdik...”

Polkovnik-leytenant o zamanlar uşaq olsa da, Füzulinin evlənməyə hazırlaşdığını, özünə ev tikdiyini yaxşı xatırlayır. Deyir özü işləyirdi, özü inşa edirdi evini:

- Maykasını çıxarırdı, qan-tərin içində işləyirdi. Bir tərəfdə daşları daşıyırdı, qumu daşıyırdı, bir tərəfdə odun yarırdı. Nə qədər zəhmətkeş insan idi! Odunu yarıb son nöqtəsinə çatanda “hee!” eləyib bir səs çıxarırdı, o səs sanki odunun yarılmasına kömək etmiş olurdu. Qəribədir ki, elə iri cüssəli də deyildi. Arıq, uzun forması vardı. Amma o qədər güc bu adamda hardan idi, bilməzdik. Bir o vardı ki, çəlimsiz olsa da çox çevik, yəni cəld adam idi. Dar bir yerdən keçməyi bacarardı.

- Rəhmətlik Sərvər müəllim deyirdi ki, rus hərbçiləri tanklarını tələb elədilər, Füzuli girdi tankın içərisindəki bütün avadanlıqları söküb-dağıtdı, sonra verdi...

- Elə bu da onun qoçaqlıq nümunələrindəndi. Təsəvvür edin, rusların əlində bütün imkanlar vardı. Təkcə bu addıma görə adamı yerindəcə güllələyərdilər. Heç kim də onları cəzalandırmayacaqdı. Nəinki cəzalandırmayacaq, heç sorğu-sual da etməyəcəkdi. Belə bir şəraitdə də Zamin öz qoçaqlığını, vətənpərvərliyini əsirgəmir. Qorxmadan, çəkinmədən tankı Sərvər müəllimin dediyi o duruma salıb ruslara qaytarır. Bax, bu idi Zamin əsl həqiqətdə. Vətəni üçün, namus-qeyrəti üçün hər şeyə gedən...

Razılaşıram Rəşadla. Bu, Füzulinin ölümün gözünə dik baxmasının göstəricilərindəndi. Rəşad deyir, onsuz da Zaminin taleyi məlum idi. Orda olmasa da, başqa yerdə şəhid olacaqdı:

- Çünki onun hərəkətləri, əməlləri buna doğru gedirdi. Amma heyf ki, bayaq dediyiniz kimi, o siyahı azalır, gödəlir...qəhrəman, igid oğulların siyahısı. Yoxdu, elə insanlar daha barmaqla sayılacaq qədərdi, azdı...

Qeyd etdiyim kimi, biz bu söhbətləri aparan zaman hələ Qarabağdakı qələbəmiz olmamışdı, VƏTƏN müharibəsi olmamışdı, torpaqlarımız işğal altındaydı. Amma az qala hər gün çaxnaşma, atəşkəsin pozulması halları, şəhidlərimiz olurdu. Bu olaylar əslində cəmisi səkkiz ay sonra başlayacaq “Qarabağın azadlıq savaşını” yetişdirirdi. Azərbaycan xalqı bu vəziyyətlə barışa bilmirdi. İyul ayında Tovuz bölgəsində general Polad Həşimov başda olmaqla bir çox igid oğullarımızın düşmənin hücumuna qarşı müdafiə mövqeyindən döyüşərək qəhrəmancasına şəhid olmaları artıq hamının qəzəbini coşdurdu və ermənilərin sentyabr ayının 27-də etdiyi hücuma cavab olaraq Vətən torpaqlarının AZADLIQ savaşı başladı. Cəmisi 44 günə rəşadətli Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi və xalqımızın yumruq kimi birləşərək göstərdiyi həmrəyliyi sayəsində torpaqlarımızı mənfur ermənilərin işğalından azad etdi. Bu zaman artıq kifayət qədər igid Azərbaycan oğullarının – yeni-yeni füzulilərin, allahverdilərin, əliflərin, tofiqlərin yetişdiyi məlum oldu. Bütün dünyanın şahidliyi ilə. Nəticədə biz də - mən də, həmsöhbətim Rəşad da bütün xalqımız kimi həyatımıza hakim kəsilmiş pessimist hisslərdən xilas olduq.

Tofiqə: “Zamin “yel ətəkli, quş qanadlı” idi”

Füzulinin və Rəşadın xalası qızı Tofiqə qoşulur bu yerdə söhbətimizə. Onun ev tikməsi və qız sevməsi məsələlərini xüsusi yanğı ilə bizlərə xatırladır:

- Zamin ev tikirdi ki, həmin il ailə qursun.

- Bərdə rayonundan idi sevdiyi qız?

- Hə. O qızı gətirdilər bizə Zaminin yasında. Başına qara yaylıq bağlayıb gəlmişdi. Zamin o qızı görmək üçün Hüsənliyə getmək bəhanəsi ilə Xocalıdan evdən çıxardı. Gedib yolüstü Bərdəyə baş çəkib gələrdi bizə - Hüsənliyə. Soruşurdum qızı gördün? Deyirdi hə gördüm. Nar vaxtı nar yığıb aparırdı. Deyirdi darıxmayın, bu yaxında xoş xəbər olacaq. Əsas da Nazimlə gedib-gələrdi.

- Dostu, qonşu Nazimlə?

- Bəli.

Rəşad:

- Nazimin qardaşının baldızı idi həmin qız. Ona görə Nazimlə gedib-gəlirmişlər.

Tofiqə:

- Göyçək qız idi. Tikdiyi evi də alt-üst düzəldirdi. Deyirdi Kubra xalam qonaq gələndə bax burda qalacaq. Burda dayım qalacaq. Evi tikib qurtarırdı. Bircə qalırdı pəncərələrini qoymaq, üstünü vurmaq. Özü tikmişdi Allah haqqı! Ona kim kömək eləmişdi ki... kimi var idi ki Zaminin (yenə ağlayır).

Rəşad:

- O evi tikməyə ssuda götürmüşdü, yadımdadı. O zaman elə bir imkan yaranmışdı. Dövlət pul ayırırdı, adına ssuda deyirdilər.

- Mənə Fiqurə xanım söylədi ki, Kərim babası onlara qonşuluğunda həyətyanı torpaq yeri götürübmüş. Füzuli də o torpaqda ikimərtəbəli ev başlayıb, artıq birinci mərtəbəni də tikibmiş...

- İkinci mərtəbəni də tikmişdi. Bircə qalırdı üstünü vurmaq.

Tofiqə:

- O kənddə uşaqlar bir-biri ilə dalaşanda da deyirdilər ki, gedib Zaminə deyərəm. Tay-tuşları hamısı ondan çəkinirdi. Zamin elə bil “yel ətəkli, quş qanadlı” idi. Dedim dayın deyir Fiqurənin “həri”sini verəcəyəm. Dayımgil də ondan çəkinirdilər ki, birdən razı olmaz. Amma cavabı bu oldu ki, dayım deyirsə, mən kiməm? Qoy versin. Bax belə yerini bilən, ağıllı uşaq idi (ağlayır).

Rəşad:

- Özünün də qəribə bir dik yerişi vardı. Sanki barmaqlarının üstündə, uçacaqmış kimi hərəkət edirdi. Əsgərlikdən gələndə mən pəncərədən görüb onu yerişindən tanıdım ki, bu yüz faiz Zamindi. Bilmirəm yanvar ayı idi, fevral ayı idi, qar-boranla getdik Xocalıya.

Tofiqə:

- Xocalıdan tut ağacı gətirmişdi. Dedi yaxşı tutdu, əkəcəm qapıda. Əkdi. Tut böyüdü, yetişdi. Hər dəfə gələndə altında samovar qaynadıb otururduq. Gedib çöldə ot çalırdı, bağlayırdı, yığıb gətirirdi. Deyirdim Zamin, gəlim sənə kömək eləyim? Əsəbiləşirdi. Deyirdi, get öz işlərinlə məşğul ol. Bircə elə sən çatmırdın. Gəlib kişilərin içərisində mənə kömək eləməyin qalmışdı bir. Uşaq idi onda hələ. Amma yaşından böyük belə hərəkətləri, belə düşünməyi vardı. Heç nəyi yaxın qoymurdu, qəbul eləmirdi. Hamısını özü eləyirdi. Samovarı qaynadırdıq, gəlib orda çay içirdi. İnanırsız, Allaha and olsun, Zamin ölən kimi o tut ağacı qurudu. O boyda ağac elə qurudu ki (yenə ağlayır). Əvvəlcə bir tərəfi qurudu. Bir tərəfi qalmışdı. Fikirləşdim, ilahi, bu ağacı ikimiz əkmişdik, ona görə Zamin tərəfi qurudu, mən tərəfi qaldı. Yəqin mən yaşayıram deyə, bir tərəfi qalir. O tərəfini də mən kəsdim. Zamin heç kimə bənzəməzdi. O boyda igid sözdən elə tez sınardı, elə tez sınardı...

- İnciyərdi?

Rəşad:

- İnciyərdi. Amma heç kimə heç nə deməzdi ha. Nə qohum-əqrəbaya, nə başqalarına. Eləcə hesabını götürərdi, vəssalam. Ta o adamdan uzaq gəzərdi. Durub höcət eləməzdi ki, sən niyə bunu dedin, niyə onu dedin və sairə. Amma küçədə, çöldə kiminləsə sözü düşəndə öz sözünü yedizdirən idi. Bir adamdan da küsdüsə, ondan çəkilib uzaqlaşmağa üstünlük verərdi.

Tofiqə:

- Sarışın, xurmayı saçları var idi. Meyitini kəfənə bükəndə qayçını gətirdim ki, saçından kəsib yadigar saxlayacam. Qayçını əlimdən aldılar, söz verdilər, ancaq məni aldatdılar. Kəsmədilər...

(ardı var)

Nəzirməmməd ZÖHRABLI
jurnalist-publisist

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

“Bayden və Ərdoğanla birlikdə...” – Ukraynadan kritik açıqlama

SONRAKI XƏBƏR

Bu qəsəbəyə kişilər sadəcə həftədə 1 dəfə gələ bilir - MARAQLI