Şərif Ağayar: “Vətəni erməni vandallarından alıb, öz quldurlarımıza versək...” (MÜSAHİBƏ)

Şərif Ağayar: “Vətəni erməni vandallarından alıb, öz quldurlarımıza versək...” (MÜSAHİBƏ)

Qaynarinfo Kulis.az saytının baş redaktoru, yazıçı-publisist Şərif Ağayarla müsahibəni təqdim edir:

- Şərif bəy, gözünüz aydın... Laçın işğaldan azad olundu. Ürəkdən təbrik edirəm sizi. Bir laçınlı yazıçının içində bu dəqiqə hansı hisslər gedir? İllər sonra gedib, doğulub, böyüyüb boya-başa çatdığı yerləri görə bilmək hissi necədi?

- Çox sağ olun. Kinoda kollektiv səhnələr olur, bir də iri plan. Mən qələbənin kollektiv sevincini Şuşa ilə yaşadım. Bu, inanılmaz, yuxu kimi bir hadisə idi. Elə tarixə də Azərbaycan ordusunun yaratdığı əfsanə kimi düşdü. Lakin iri planı yaşamaq üçün, görünür, məhz öz doğulub-böyüdüyün yerlər azad olunmalıdır. Şübhəsiz ki, içimdə çox böyük bir sevinc var. Lakin bu özünü necə büruzə verəcək, oralara qayıdanda anlayacam. Ümumiyyətlə, mən özümü oralara qayıdan yerdə təsəvvür edə bilmirəm. Nə edəcəm?! Bu, yaşamadığım duyğudur. Yəqin, Sevincin içində kədər və göz yaşları da olacaq. Ən çox da ora qayıda bilməyən və ümumiyyətlə, heç ordan gələ bilməyən insanlardan ötrü. Vətən həm də insanlardır axı. Hətta mənə qalsa, daha çox insanlardır. Yazılarıma da fikir versəniz, Laçının özündən və təbiətindən çox insanları var. Mənə elə gəlir, yazdıqlarımın az-çox uğuru da burdadır və onlar Laçına qayıdandan sonra daha da aktullaşacaq.

- Kəndiniz Ağbulaq xatirinizdə necə qalıb? Ora ilə bağlı ən çox nəyi xatırlayırsınız?

- Bizim kənd elə gözəl yerdə idi ki, oranı unutmaq üçün gərək adamın yaddaşı tamam itib getsin. Bizim evin qənşərində bəlkə otuz-qırx bulaq vardı. Suyu ağ daşların üstündən axırdı deyə, bulaqlar ağ görünürdü. Kəndin adı da burdan götürülüb. Bir az yuxarıda isə dağın altından birbaşa çay çıxırdı. Mən heç yerdə belə şey görməmişəm. Meşələri, qayaları, talaları, çəmənləri... Əsrarəngiz yer idi. Mən ordan daha gözəl bir coğrafiya təsəvvür eləmirəm. Kəndimizin qoxusunu belə unutmamışam. Meşəsinin rütubət qoxusu, məhləmizdəki ardıc qoxusu, tanıdığım və getdiyim evlərin spesifik qoxusu... çox şey yadımdadır. Yer adları, yerlərin quruluşu və özəlliyi... Orda təbiətin hər tərəfi adama bir cür hiss yaşadırdı. Hər otuz-qırx addımdan bir yerlərə gözəl adlar vermişdilər. Bəzən, oraların yadımda belə qalmasına heyrət edirdim, deyirdim, necə ola bilər, heç nəyi unutmayım? Bir gün Daşkəsənə getdim, çəmənliyə çıxdım və məlum oldu ki, yüzlərlə gülü-çiçəyi tamam unutmuşammış. Dəhşətə gəldim. Özümə acığım tutdu. Vətənə xəyanət etmişdim sanki. Biz köçüb gələndə əl arabamızı həyətdə qoyduq. O zamanlar hər adamda olmayan qəribə bir araba idi. Onu o qədər sürmüşdüm ki. Bəlkə 10 min kilometr. Xoşuma gəlirdi. Kəndimizdən unuda bilmədiyim birinci əşya, bəlkə də elə o araba olub. Mənə elə gəlir atamgil qoyub gəlməklə ona xəyanət ediblər. Ailənin canlı bir üzvü qalıb orda elə bil. Nə deyim. O qədər detallar var ki. Bağımız. Hərəsinin bir cür özəlliyi olan ağaclar. Nə danışsam, yenə də yarımçıq qalacaq. Bir də qürub vaxtı quzu sürüsünün bizim evin qarşısından mələşə-mələşə kəndə tökülüşməsi. Al-əlvan quzular o dağın sinəsində əsrarəngiz mənzərə yaradırdı.

- Konkret olaraq ilk getmək istədiyiniz yer haradır? Ev olsun, məzar olsun, yaxud da, uşaqkən oynadığınız xüsusi bir yer... Elə bir yer varmı ki, yuxuda belə görürsüz tez tez və ən çox oranı görmək istəyirsiz?

- Yuxularım birmənalı şəkildə ora ilə bağlıdır. Xüsusi bir planım yoxdur. Nə edəcəyimi bilmirəm. Hər halda, həyətimizə gedərəm. Bir də bir yer var, ən yaxın dostlarımla ora çıxıb təbiətin gözəlliyini onlara göstərmək istəyərdim. Deyərdim, baxın, görün, 30 il nələrin həsrətinə qatlaşmışıq? Qayıdışın bir də bir dəhşətli məqamı var. Müharibədə itirdiyimiz adamları sonuncu dəfə harda görmüşük? Bax, o yerə getmək və həmin adamı düşünmək... Bu barədə bir hekayəm də olacaq. Konturları artıq hazırdır, amma hələ yazmağa tələsmirəm. Qəbiristanlığa münasibətim fərqlidir. Oranı o qədər də sevmirəm. Rəhmətə gedən qohumların da məzarına adətən getmirəm. Bu, ruhun yaşamasına əbədi inanmağımla bağlıdır, bəlkə. Bəlkə də elə deyil, mənə çox doğma olan bir adam müharibədə itkin düşdü, məzarı olmadı, bəlkə də buna görədir.

- Şərif bəy, deyirsiniz, Laçın haqqında olan yazılarımda daha çox insanları var. Amma sizin haqqınızda bu məsələ birmənalı deyil. Məsələn, deyirlər, Şərif Ağayar aqrar yazıçıdır. Kənddən-kəsəkdən yazır ancaq. Necə düşünürsünüz, haqlıdırlar bu iradlarında, ya onlar vətən həsrəti bilməyənlərdir?

- Onu deyən, qələt eləyir. Bu, iddiası böyük olan, lakin yaza bilməyən adamların yaza bilən adama mız qoymasıdır. Bizdə yayğın ənənədir. Mənim kitablarımda kənd, ümumiyyətlə, yoxdur. Dağılıb. Obrazlarım səhra ilə şəhər arasında sərgərdandır. Aqrarlıq isə heç yoxdur. Heyvandarlıqdan, əkinçilikdən, biçinçilikdən nə yazmışam ki? Boş-boş danışırlar də. Mənim yazılarımda insan var və o insan əbədi olaraq yaşayacaq. Bəli, obrazlarımın çoxu sadə əyalət adamlarıdır və bu, məni qətiyyən narahat etmir. Yazanda bu insanlardan ədəbiyyat düzəltmək niyyəti ilə yazmamışam. Canımı onlarla bağlı ağrılardan xilas etməyə çalışmışam. Bizim ədəbi mühitdə bir az uğur qazanan yazarla bağlı mütləq nəsə bir şey tapıb deməlidirlər. Tək mənim haqqımda danışmırlar. Hərəyə bir ad qoyub təskinlik tapırlar. Özünü bu cür ifadə edən xüsusi adamlar var. Anlayışla qarşılayaq...

- Bəs aktuallıq məsələsi? O yazılarda ağrı da var, kədər də var. İşğaldan sonra həmin yazıları Laçında oxuyan bir oxucu nə qədər həzz ala bilər? Sizə elə gəlmir ki, qələbə mətnləri yazılmalıdır həmin ərazilər ilə bağlı və elə bunu ən yaxşı yazanlardan biri də siz ola bilərsiniz...

- Məncə, məğlubiyyət mətni kimi qələbə mətni də olmur. Varsa da, mənim ağlıma gəlmir. Qələbə - mətnlərimizə yox, bizə təsir edəcək. Bizi böyüdəcək. İçimizdəki məğlubiyyət əhvalına, yarımçıqlıq kompleksinə son qoyacaq və daha gözəl əsərlər yaranacaq. Aktuallığa qalanda, indi cəngavərlər yoxdur, lakin "Don Kixot” yenə ən gözəl roman olaraq qalır. Dövr keçir, hadisələr dəyişir, həqiqi sənətə çevrilən mətnlər qalır. İş mövzuda deyil, sənətkarlıq məsələsindədir. Bu mənada mən özümdən çox da narahat deyiləm. İnsana fokuslananda hər cür konyunkturanı istisna edirsən. Özündən asılı olmadan. Yaxşı yazanda isə zamana meydan oxuyursan.

- Ora birdəfəlik qayıtmaq haqqında necə, nə düşünürsüz? Bəzən deyirlər, məcburi köçkünlərin burda hər şeyi var, iş-güc, ev... Qayıtmaq istəmirlər. Sizdə necədir vəziyyət? Qalan ömrünüzü orada keçirmək planı var, yoxsa ev tikib ancaq ziyarətə, istirahətə getmək?

- Həmişə arzum olub ki, kəndimizdə müəllim işləyim və çox sakit bir həyat yaşayım. Mütləq qayıdacam. Lakin həyatımı necə quracam, bunu indidən deyə bilmərəm. Vəziyyətdən asılıdır. Həm də, ümumilikdə bu düşüncəni qüsurlu sayıram. Torpaqlarımız alınıb deyə Bakıda yaşamaq, işləmək bizə qadağan olunmalı deyil ki. Bakı da vətəndir və doğmadır. Bəlkə Laçından da doğmadır. Çünki 15 il orda, 30 il burda yaşamışam. Bu məsələdə rahat olmaq və insanları da rahat buraxmaq lazımdır. Azərbaycanın, hətta dünyanın istənilən yerində yaşamaq bizim konstitusion haqqımızdır.

- Yaxınlarda bir sorğu keçirmişdim, dedilər, AYB-nin filialları hər rayonun özündə olsun. Necə fikirdi? Bəlkə elə sizin özünüzə AYB-nin Laçın filialının sədri olmaq təklif edilə bilər. Razı olarsınız?

- Əksinə, mən düşünürəm ki, Sovetdən qalma dəyərləri o torpaqlara buraxmayaq. İstərdim hökumətimiz işğaldan azad edilən rayonlarda "Asan xidmət” tipli modern və operativ idarəçilik sistemi yaratsın. Çünki dünyanın gözü bizdə olacaq. Vətəni erməni vandallarından alıb, öz quldurlarımıza versək, biabır olacağıq. Bu, çox ciddi məsələdir. Biz döyüşdə qalib gəldik. Əsgərlərimiz sağ olsun. İndi diplomatiyada savaş gedir. İnşallah burda da istədiyimizə nail olacağıq. Ən son və əbədi qələbə mədəniyyətlə çalınacaq. Biz Şuşanı dünyanın mədəniyyət mərkəzinə çevirməliyik. Ən sivil şəhərlərdən biri olmalıdır. Məndən olsa, ağzından dovğa tökülən mənfəətpərəst köhnələri və köhnəliyi vacib sahələrin idarəçiliyindən kənar tutmalıyıq. Qarabağda söz sivil və mütərəqqi dəyərlərə verilməlidir. Başqa yolumuz yoxdur.

- Şərif bəy, bəs, bunun özü düzgündürmü? Deyirsiniz, ora buraxmayaq. Tək düşüncələrini? Axı, onların da haqqıdır və iş görmək istəyirlər. Asan xidmət kimi bu da dövlətin saxladığı, maliyyələşdirdiyi bir yerdir. İşi necə görməkləri isə sonraki məsələ. Amma normal idarəçilikdə, normal adamlarla əhatələnsə yaxşı olmaz? Sovet fikirlilər getsin, gənclər gəlsin, idarə eləsin. Məsələn, mən düşünürəm, AYB nin sədri olsanız, ədəbiyyat adına iş görərsiniz. Siz oldunuz sədr, səs vermə yolu ilə də ədəbiyyatı yaxşı bilən, pul yeməyən adamlar da toplandı....

- Buraxmayaq demədim, o düşüncəli insanlara yüksək səlahiyyət verməyək, sadəcə. Vətən hamımızındır. Heç kimə heç bir qadağa qoya bilmərik. Modern ədəbi təşkilatlar yarada bilərik. Pen-klublar, saytlar, jurnallar və s. Dövlətlə işləməyin daha sivil yolları var. Vəsait titullu qocalara ianə şəklində yox, konkret layihələrə və işə verilməlidir. Tək Qarabağa aid deyil bu. Ümumilikdə biz ədəbiyyat, kitab və nəşriyyat işini sivil qaydalarla qurmasaq, bu sahədə heç nəyə nail ola bilməyəcəyik. Ordumuz qələbəni necə çaldı? Mən dediyim yolla. Başqa yol da yoxdur.

- Şərif bəy, Məhəbbət Kazımov deyir ki, "qartal olum dağlarında, süzüm mən”, siz nə deyirsiz?

- Belə sadədil arzuları 20 yaşımacan yazdığım qoşma və gəraylılarda çox dilə gətirmişəm. İnsanların çoxuna da bu saf duyğular xoş gəlirdi. Məncə, sənət bir az fərqlidir. Amma danılmaz gerçəklikdir ki, insanın doğulduğu torpağa qarışmaq haqqı var. Yaşlandıqca bunu bədən özü istəyir. Çünki hər şey özünə qayıtmalı, özünə qovuşmalı, öz çevrəsini qapamalıdır. İnsandan bu haqqı almaq Tanrıdan əvvəl təbiətin harmoniyasına qarşı çıxmaq, onun pozulmaz qanunlarına kobud müdaxilə etməkdir. Zülm sözünün mənası bilirsiniz nədir? Predmet və hadisəni ona aid olmayan yerə qoymaq. Köçkünlüyün zülmlü yanı budur. Doğulduğun yerdə ölmək haqqının əlindən alınması. Arzum budur, lazımınca yaşayım və bir ovuc vətən torpağına çevrilim. Ruh allahın, bədən torpağın əmanətidir. Əmanətə xəyanət etmək olmaz.

- Təşəkkür edirəm. Bir daha gözünüz aydın olsun. Sağ-salamat qayıdın, bir müsahibə də elə məhz Ağbulaqda edək...

- Təşəkkür edirəm. Mütləq edərik. Diktofona evimizin qarşısından axan çayın səsi də düşər...

Orxan Saffari

 

Mənbə: qaynarinfo.az