“Laçının işğaldan azad olunması xəbərini ona çatdırmaq üçün atamın məzarını ziyarət etdim, ruhu indi şaddır”

“Laçının işğaldan azad olunması xəbərini ona çatdırmaq üçün atamın məzarını ziyarət etdim, ruhu indi şaddır”

“Atam bütün mahnılarını sevirdi, amma “Laçınım” mahnısını sevməyinin bir səbəbi də o idi ki, bu mahnı ona Laçının torpağını, dağlarını, orda keçən uşağlığını xatırladırdı. Ona görə də atamın qəlbində bu mahnının ayrıca yeri var idi. Mən ümumiyyətlə bir neçə dəfə fikir vermişdim ki, atam evdə məşq edib bu mahnını oxuyan zaman kövrəlirdi”

Bu sözləri Moderator.Az-a Əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. O daha sonra əlavə edib.

“ Mütəmadi olaraq atamın məzarını ziyarət edirəm, amma bu gün Laçının işğaldan azad olunması xəbərini ona çatdırmaq üçün bir daha məzarını ziyarət etdim. Bu gün atamın ruhu şaddır. Allah ordumuza güc-qüvvət versin, əsgərlərimizin, hərbçilərimizin canını sağ etsin. Allah onlara dəyməsin. Şəhidlərimizin ruhu şad olsun. Biz sevinclə kədəri eyni anda yaşayırıq. Şəhid xəbərlərini eşidəndə ürəyimiz yanır. Bunlar fərqli hisslərdir. Torpaqlarımızı aldıq, bütün yaralar kimi bu yaralar da qabıq bağlayacaq. Amma biz unutmamalıyıq, gələcək nəsillərimizə bu qəhrəmanlıq nümunəsini aşılamalıyıq. Qoy onlar da görsünlər ki, biz necə bir xalqın, vətənin övladlarıyıq. Bizim qəhrəmanlarımız sözün əsl mənasında tarix yazdı” deyə Məhəbbət Kazımovun oğlu bildirib.

Əli Novruzəliyev

 

 

Mənbə: moderator.az